May ayının 18-dən 21-dək ADGTT-nın səhnəsində V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı "Vova möcüzələr ölkəsində" adlı tamaşa ilə çıxış edib. May ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan teatr paytaxt tamaşaçılarına 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazandırıb. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.
Qastrol səfərinin son günü tamaşanın nümayişindən sonra, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov Vladiqafqaz teatrının yaradıcı heyətini "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində uğurlu çıxış və festivalın diplomına layiq görülmələri münasibətilə təbrik edib. Direktor kollektivi Bakı qastrolunda iştiraklarına görə mükafatlandıraraq qarşılıqlı yaradıcılıq əlaqələrindəki xidmətlərinə görə təşəkkür edib. Öz növbəsində qonaq teatrın bədii rəhbəri Vladislav Kaliyev səmimi qarşılanma və tamaşaların məktəblilər tərəfindən böyük maraqla izlənməsinə görə təşəkkürünü bildirib. İki dost respublika arasında qarşılıqlı teatr mübadiləsindən məmnunluğunu ifadə edən bədii rəhbər əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidova xatirə hədiyyələri təqdim edib.
Xatırladaq ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram teatrının qonağı olub və kollektiv görkəmli Azərbaycan ədibi A.Şaiqin "Tıq-tıq xanım" tamaşası ilə Osetiyanın teatrın səhnəsində çıxış edib.
Oxunub: 894