Facebook bu həftə adını Meta olaraq dəyişib.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, İT nəhənginin Facebook və Instagram sosial şəbəkələri, həmçinin Messenger və WhatsApp messencerləri kimi xidmətlərinin adlarına da düzəliş edilib.
Belə ki, WhatsApp 2.21.220.14-ün beta versiyasında tərtibatçılar proqram işə salınarkən başlıqda görünən Facebook sözündən xilas olublar. Beləliklə, yükləmə pəncərəsinin aşağı hissəsində göstərilən “WhatsApp from Facebook” ifadəsi “WhatsApp from Meta” olaraq dəyişib. Bununla yanaşı, parametrlər menyusundan Facebook-un adı itib.
Yeni adın təqdimatı zamanı şirkətin rəhbəri Mark Zukerberq bildirib ki, Meta sözü “metaverse” adlanan obyektin tikintisinə diqqəti əks etdirir. O, həmçinin qeyd edib ki, Facebook sözü bir məhsulla çox sıx bağlıdır və şirkətin hazırda gördüyü işləri tam əks etdirmir. Ad dəyişikliyinə baxmayaraq, şirkətin korporativ strukturu dəyişməz olaraq qalacaq və bütün məhsullar, həm proqram təminatı, həm də texniki təchizat vahid bir brend altında birləşdiriləcək.
WhatsApp-a gəldikdə isə, beta versiyası biznes hesablarından gələn mesajları qiymətləndirmək imkanını da təqdim edir. Messencerin bu versiyası hazırda sınaq mərhələsindədir. Yaxın bir neçə həftə ərzində onun geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.
Oxunub: 5 197