Ana şəkil çəkərkən telefonun “işıqlandırma” funksiyasından istifadə etməklə oğlunun həyatını xilas edib.
Qeyri-adi hadisə Avstraliyada baş verib.
Ana Kara Sefonun sözlərinə görə, oğlu Rokki enerjili və səhhəti ilə bağlı heç bir problem yaşamayan uşaq olub. Bir gün o, qabları yuyarkən təsadüfən oğluna baxanda onun sol gözündə cüzi fərqlilik görüb, tez onun şəklini çəkib. Adi fotoda bir şey görünməsə də, “işıqlandırma” ilə çəkilmiş şəkildə sol gözdə qəribə işıltı müşahidə olunub.
Məlum olub ki, bu, göz almasının arxa hissəsində inkişaf edən xərçəngin nadir növü - retinoblastomanın əlaməti imiş. Özü də artıq ikinci gözə doğru inkişaf edirmiş.
Uşağın yeddi aylığından başlayan kimya terapiyası, lazer, krioterapiya dövrü, onun iki yaşında sol gözünün götürülməsi ilə başa çatıb.
Vaxtında qoyulan diaqnoz xərçəngin beyin və mərkəzi sinir sisteminə doğru yayılmasının qarşısını alıb.
Retinoblastoma – gözün arxa hissəsində inkişaf edən və adətən, üç yaşa qədər uşaqlarda müşahidə olunan xəstəlikdir. Onun əsas səbəbləri bu günə qədər məlum deyil.
Ana bütün valideynlərə müraciət edərək, övladlarının ayda bir dəfə “işıqlandırma” ilə şəklini çəkməyə səsləyib.
“Bu, başqa laborator testlər kimi, xəstəliyi çox yaxşı müəyyən edir”, - deyə o bildirib. oxu.az
Oxunub: 797