Nazirlər Kabineti “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”ı təsdiq edib.
ONA-nı məlumatına görə, bu Qaydalar Azərbaycan peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir.
Peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:
-“Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;
- peşəkar mühasib təşkilatının üzvü olmaq.
- Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz bu müəyyən edilmiş sertifikatların hər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusunu və imtahanların aparılması texnologiyasını Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir.Mühasibat uçotu sualları aşağıdakı standartlar və qaydalar üzrə tərtib edilir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları;
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:
- İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
- İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
- Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;
- İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;
- Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.
Namizəd peşəkar mühasib sertifikatı almaq məqsədilə keçirilən imtahanda iştirak etmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində göstərilən məzmunda ərizə ilə Mərkəzə müraciət edir. Ərizə imtahan gününə ən azı 15 gün qalanadək təqdim olunmalıdır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- şəxsiyyət vəsiqəsinin surəti;
- iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;
- bu Qaydalarda göstərilən sertifikatların surəti (mövcud olduqda);
- 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olduqda, 2 iş günü müddətində ərizəçi sertifikatlaşdırılma üzrə namizədlərin siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında imtahanın qaydaları barədə məlumatlar əks etdirilir. İmtahanın hər bir mərhələsi 3 saat olmaqla keçirilir. İmtahanın hər bir mərhələsi test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
- qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
- açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları.
İmtahanın hər bir mərhələsində 40 test tapşırığı təqdim edilir. İmtahanın birinci mərhələsində təqdim olunan test tapşırıqlarından 30-u qapalı tipli, 10-u açıq tipli, imtahanın ikinci mərhələsində təqdim olunan test tapşırıqlarından isə 35-i qapalı tipli, 5-i açıq tipli test tapşırıqları olur. İmtahanın ikinci mərhələsində bütün açıq tipli test tapşırıqları və qapalı tipli test tapşırıqlarının 15-i vergi qanunvericiliyi üzrə, digər test tapşırıqları isə aşağıdakı bölgü üzrə təqdim edilir:
- imtahanın birinci mərhələsi Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 15 qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 qapalı tipli test tapşırığı əmək qanunvericiliyi üzrə;
- imtahanın birinci mərhələsi İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarını əhatə etdiyi halda, 10 qapalı tipli test tapşırığı büdcə qanunvericiliyi, 5 qapalı tipli test tapşırığı mülki qanunvericilik və 5 (beş) qapalı tipli test taşırığı əmək qanunvericiliyi üzrə.
-İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.
Bu Qaydalarda göstərilmiş sertifikatları əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən aşağıda göstərilən balları toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər:
- imtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər;
- imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər.
İmtahanda iştirak etmiş namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir. İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahanın hər bir mərhələsi üçün ödəniş məbləği 50 manat müəyyən edilir. İmtahanın birinci mərhələsindən azad edilən namizədlər imtahanın yalnız ikinci mərhələsi üzrə ödəniş edir.
Peşəkar mühasib sertifikatının verilməsi üçün imtahanın nəticələri əsasında Mərkəz sertifikatlaşdırılmada iştirak etmiş hər bir namizəd barədə müvafiq qərar qəbul edir. İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:
- Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı;
- İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
- mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
- sahibkarlıq subyektlərində;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” qanununda göstərilən publik hüquqi şəxslərdə.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
- ictimai əhəmiyyətli qurumlarda;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” qanunda göstərilən publik hüquqi şəxslərdə;
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
- mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” qanunda göstərilən publik hüquqi şəxslərdə;
- Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında.
Mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, iri sahibkarlıq subyektlərində, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” qanunda göstərilən publik hüquqi şəxslərdə, ictimai əhəmiyyətli qurumlarda, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” qanunda göstərilən publik hüquqi şəxslərdə, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında, müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olan ən azı iki peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır. Həmin mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü həmin mühasibat uçotu subyektlərində baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olmalı, özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır. Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır. Peşəkar mühasib sertifikatı alaraq, fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatlarından birlikdə üç dəfə əldə etmiş şəxsə Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı ömürlük verilir. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatlarını birlikdə üç dəfə əldə etmiş şəxsə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı sertifikat ömürlük verilir.
Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestri (bundan sonra-dövlət reyestri) Maliyyə Nazirliyi tərəfindən kağız və elektron daşıyıcılarda tərtib edilir və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur. Peşəkar mühasib sertifikatı blankları ciddi hesabat sənədi olmaqla, Mərkəzin anbarında saxlanılır və uçotu aparılır. Mərkəzin rəhbərinin icazəsi ilə peşəkar mühasib sertifikatı blankları anbardan təhtəlhesab şəxslərə (icraçılara) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” əsasında verilir. Peşəkar mühasib sertifikatı blankları itirildikdə və ya digər səbəblərdən çatışmadıqda, bu barədə Mərkəz tərəfindən “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” tərtib olunur və mətbu orqanda müvafiq məlumat dərc etdirilir. Peşəkar mühasib sertifikatı blankının ölçüsü 210x297 mm, 1 nüsxədən ibarət və rəngli olmalıdır. Peşəkar mühasib sertifikatı blankının üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada rəngli Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir. Mətbəə tərəfindən peşəkar mühasib sertifikatı blankının üzərində üç latın hərfindən ibarət “PMS” seriyası və 7 (yeddi) rəqəmdən ibarət olmaqla, “0000001”-dən başlayaraq nömrə çap edilməlidir. Nömrələr rəqəmlərin sayı 9999999-a çatana qədər davam etdirilir. Peşəkar mühasib sertifikatı blankının səthi hamardır. Kağızın tərkibində görünən fluoressent liflər vardır. Blankın istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İstehsalında ofset çap üsullarından istifadə edilir. Peşəkar mühasib sertifikatı blankının çapı üçün istifadə olunmuş kağız və boya ən azı 5 il öz keyfiyyətini və xüsusiyyətlərini saxlamalıdır.