İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib.
"Bu gün 18 yaşadək olanlar üçün uşaqpulunun bərpası gündəmdə deyil. Ünvanlı yardımın uşaqpulu ilə əvəz olunması mexanizmini üzərində iş getmir. Bildiyiniz kimi, mən hər dəfə parlamentin iclaslarında 3 yaşadək uşaqlar üçün uşaqpulunun artırılması təkliflərini səsləndirmişəm. Və hər zaman dediyim odur ki, 4 və daha çox övladı olanlar çoxuşaqlı hesab olunsunlar".
Djb.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O, iqtisadçı Vüqar Bayramovun hökümətə uşaqpulu müavinətlərinin bərpa edilməsi ilə bağlı göndərdiyi təklifə münasibət bildirib.
H.Rəcəbli deyib ki, prezident çoxuşaqlı ailələrə müavinət ayırıb, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat veriləcək.
H.Rəcəbli bildirib ki, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaqpulu verilməsi doğru deyil: "Bu, belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonerin uşağına niyə dövlət uşaqpulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular.
3 yaşadək uşaqlara görə uşaqpulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.
Komitə sədri qeyd edib ki, uşaqpulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur.
Oxunub: 670