Bir vaxtlar Azərbaycan KİV-ləri ölkə iqtisadiyyatının inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanmış strateji yol xəritəsinin vacibliyi barədə çox yazırdılar. Bu irimiqyaslı proqram iqtisadiyyatın nəinki yaxın illər, həmçinin ortamüddətli və uzunmüddətli perspektivdə inkişaf istiqamətlərini nəzərdə tuturdu.
Lakin ilkin mərhələdə proqramın təbliğatı işinə fəal şəkildə qoşulmuş KİV-lər tezliklə strateji inkişafın konseptual sənədlərinə marağı itirdilər. Buna baxmayaraq, dövlət başçısı tərəfindən başlanmış işi artıq heç kim dayandıra bilməzdi və buna parlaq misal kimi Sumqayıt Kimya Sənaye Parkında Əlvan metallar və ferroərintilər zavodunun açılışını göstərmək olar.
- Bəli, İlham Əliyevin proqramı və yol xəritəsinin həyata keçirilməsi artıq iqtisadi bəhrələrini verməkdədir, - “Baku Steel Company” ASC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov bu gün virtualaz.org-un əməkdaşına deyib. – Bu proqramın bəndlərindən biri ölkədə ferroərintilər üzrə yeni istehsal güclərinin yaradılmasını nəzərdə tuturdu. Bu bənd, fəxrlə demək olar ki, artıq yerinə yetirilib – dövlət başçısının şəxsən özü cəmi on gün bundan əvvəl Sumqayıtda müasir müəssisəni istifadəyə verib.
Məmmədovun qeyd etdiyi kimi, noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” ASC-nin Əlvan metallar və ferroərintilər zavodunun açılışı olub və açılış mərasimində İlham Əliyev iştirak edib. Bu günlərdə isə “Baku Non Ferrous and Foundry Company” şirkəti “Baku Steel Company”yə ilk ferroərinti (FeSi75%) partiyasını təhvil verib. Əvvəllər bu materialı zavod Rusiyadan və Ukraynadan idxal edirdi. Metallurgiya və maşınqayırma sahələrinin bu məhsula kəskin tələbatını və təchizatda logistika problemlərini nəzərə alaraq, müəssisə rəhbərliyi həmin məhsulun yarım illik ehtiyatını alıb saxlayırdı.
Bu isə öz növbəsində ölkədən böyük məbləğdə valyutanın çıxması demək idi – “Baku Steel Company” ASC il ərzində orta hesabla 1500 ton FeSi75% idxal edirdi ki, bu da 2,3 milyon dollar deməkdir. Bundan əlavə, dövriyyə kapitalının bir hissəsini bu məhsulda rezervləşdirmək zərurəti yaranırdı ki, bu da həmin vəsaitlərdən qeyri-effektiv istifadə edilməsinə gətirib çıxarırdı.
Yeni Əlvan metallar və ferroərintilər zavodu nə vəd edir?
Yəqin ki, bu ən vacib məqamdır, ona görə də, rəqəmlərlə ifadə olunmuş bu göstəricilərə xüsusi diqqətlə yanaşmağınızı xahiş edirik. Yeni zavodda il ərzində 50 min ton ferrosilisium (dəmirlə silisiumun xəlitəsi) və 72 min ton ferrosilikomanqan (dəmir, silisium və manqanın xəlitəsi) istehsalı ediləcək. Aydındır ki, zavodda buraxılan məhsulun bu həcmi nəinki “Baku Steel Company” ASC-nin və daxili bazarın bütün ehtiyaclarını ödəyəcək, həmçinin xarici ölkələrə ixrac ediləcək. Şirkət rəhbərinin dəqiqləşdirdiyi kimi, zavodun istehsal etdiyi məhsulun 90%-i ixrac olunacaq.
- Başqa sözlə, həm şirkət, həm də Azərbaycan ümumilikdə bu vacib və bahalı ərintilərin idxalçısından onların ixracatçısına çevriləcək, - Məmmədov qeyd edir. – Beləliklə, biz yalnız ölkədən axıb gedən milyonlarla dollara qənaət etməyəcəyik, həm də ölkəyə bundan da iri məbləğlərdə valyutanın daxil olmasını təmin edəcəyik ki, bu da onlarla milyon dollarla ölçülür.
Qeyd edək ki, zavodun investisiya dəyəri 51 milyon dollar təşkil edir. Burada 230 nəfər daimi işlə təmin olunacaq. Orta aylıq əməkhaqqı isə 1600 manat təşkil edəcək. Xüsusilə vurğulamaq lazımdır ki, adı çəkilən ferroərintilər əvvəllər Azərbaycanda istehsal olunmayıb. Dünya bazarlarında böyük tələbat olan bu dəmir ərintilərinin sırası yaxın zamanlarda daha bir birləşmə - ferroxromla (dəmirlə xromun xəlitəsi) zənginləşəcək.