dini radikalizm və ekstremizmlə mübarizə

Kriptovalyutalarla əməliyyatlar vergiyə cəlb edilməlidirmi?

Kriptovalyutalarla əməliyyatlar vergiyə cəlb edilməlidirmi?
Kriptovalyutalarla əməliyyatlar həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilməsi məsələsi gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov bu əməliyyatların qeyri-sahibkarlıqdan əldə edilən gəlirlərə aid edildiyini bəyan edib.

Onun sözlərinə görə, həmin şəxslər vergi orqanlarında uçota durmalı, VÖEN almalı, bəyannamə təqdim etməli və dövlət büdcəsinə vergi verməlidirlər.

Nəzərə çatdıraq, bir çox ölkələr kriptovalyuta əməliyyatlarını vergiyə cəlb etməyə çalışırlar. Buna müvəffəq olanlar da var, uzun müddətdir orta məxrəci tapa bilməyənlər də.

Məsələn, bir qədər əvvəl Tayland hökuməti bazarda mövcud olan kriptovalyuta əməliyyatlarının qanunsuz məqsədlərlə istifadəsinin qarşısının alınması məqsədilə bu əməliyyatların tənzimlənməsi, eləcə də, rəqəmsal valyuta əməliyyatlarının vergiyə cəlb olunması barədə qərar qəbul edəcəyini açıqlamışdı.

İnvestorların özlərinin rəqəmsal valyuta ilə apardıqları ticarət əməliyyatlarının hamısından 7 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəyəcəyi irəli sürülürdü.

Bundan əlavə, Belçikada ötən il tənzimlənən qanunvericiliyinə görə, kriptovalyuta investorları gəlirlərinin 33%-ni vergi kimi ödəməlidirlər. Kriptovalyuta vergisi vergi sənədlərində “müxtəlif gəlir” kimi təsnif edilib.

Avropa Birliyində isə “aktivlər və ya mallar” kimi təsnifləşdirilən “Bitcoin” əməliyyatları ƏDV-dən azad olsa da, bu əməliyyatlardan əldə olunan mənfəət “kapitalın gücləndirilməsi və ya gəlir vergisi” kimi digər vergiyə cəlb edilə bilər.

Dünyanın digər iqtisadi gücündə - Yaponiyada bitkoin satışları istehlak vergisindən azaddır. Virtual pul bir əmtəə olaraq qəbul olunur və bu pulun ticarətindən əldə edilən gəlir əməliyyat gəlirinə daxil edilir.

Kanadada isə kriptovalyutalar qızıl, gümüş və ya təbii qaz kimi “əmtəə” hesab edilir. Kommersiya mənfəəti və ya dəyərdə mənfəət kimi vergiyə cəlb olunur.

Maraqlıdır, Azərbaycanda bu əməliyyatları vergiyə cəlb etmək mümkün olacaqmı?

Kriptovalyutalarla əməliyyatlar vergiyə cəlb edilməlidirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bir çox ölkələr kriptovalyutalarla əməliyyatlardan əldə edilən gəlirin vergiyə cəlb edilməsi istiqamətində addımlar atmağı düşünür:

“Əsasən, Koreya və Yaponiyada bu, geniş yayılıb. Sözügedən ölkələrin hökumətləri tərəfindən ciddi müzakirələr aparılır. Rusiya da müəyyən addımlar atmağı düşünür. Lakin sahə spesifikdir və sərmayəçiləri gözlə görünməzdir.

Belə ki, istənilən bank kartı vasitəsilə əməliyyat aparmaq mümkündür. Kriptovalyuta əməliyyatı aparanlara qarşı vergi tətbiq edilərsə, onlar digər ölkələrin bankları vasitəsilə bu əməliyyatı həyata keçirə bilərlər. Ona görə də yüksək vergi dərəcələri, cərimələr tətbiq etməklə bazar iştirakçılarını vergiyə cəlb etmək mümükün olmayacaq.

Yaponiya, Cənubi Koreyada da hökumət məhz bu kimi məsələlərə görə konkret addımlar ata bilmir”.

N.Cəfərlinin fikrincə, hökumətlə bazar iştirakçıları arasında ortaq maraqlar təmin olunmazsa, əməliyyatı aparanlar, sadəcə, qeydiyyat ünvanlarını dəyişəcəklər:

“Məsələyə çox həssas yanaşılmalıdır. Nazirlik əməliyyatların necə həyata keçirildiyini dərindən öyrənməlidir. Bu əməliyyatlar nəticəsində insanlar təkcə pul qazanmırlar, həm də itirirlər. Gəlir vergisinin tətbiqi halında, əməliyyatlardan böyük həcmdə vəsait itirənlərin zərəri qarşılanacaqmı? Təbii ki yox. Bu halda vergiyə cəlb olunmanın növləri müəyyən edilməlidir”.

Kripto əməliyyatların vergiyə cəlb edilməsinin ciddi araşdırmalar, müzakirələr tələb etdiyini vurğulayan ekspert bildirir ki, məsələnin həllində tələskənliyə yol vermək, ciddi vergi nəzarəti yaratmaq heç nəyi həll etməyəcək:

“Bu əməliyyatlar online qaydada, internet üzərindən aparılır. Vergilər Nazirliyi belə bir addım atarsa, investorlar digər ölkələrin bankları üzərindən prosesə qoşulacaqlar”.
Kriptovalyutalarla əməliyyatlar vergiyə cəlb edilməlidirmi?

“BTB Kapital” investisiya şirkətinin xarici bazarlar üzrə əməliyyat mütəxəssisi Tamerlan Bayramlı bildirir ki, əməliyyatları izləmək çətindir:

“Kripto kodlanmış rəqəmsal puldur və tranzaksiyalarda adres anonim qala bilər. Yəni bunun üçün ilk növbədə kimdə nə qədər və hansı növ kriptovalyuta var, o araşdırılmalıdır. İkinci bir tərəfdən, kriptovalyuta bazarı çox volalitdir. Gün ərzində qiymətlər, demək olar ki, 15 - 20 faiz arasında dəyişir”.

Onun sözlərinə görə, kimdə nə qədər kriptonun olmasını bank hesablarındakı tranzaksiyalardan və pulun gəldiyi mənbədən müəyyən etmək olar.

O ki qaldı kriptovalyuta əməliyyatları aparanların vergi orqanlarında uçota durmasına və ya VÖEN almasına, T.Bayramlı deyir ki, bunları etmədən də istənilən şəxs həm özü, həm də brokerlər vasitəsilə birjadan aktiv, eləcə də, kripto ala bilər:

“Nəzərə almaq lazımdır ki, kriptovalyuta əməliyyatları mərkəzləşdirilməyib. Bu proseslər kriptoqrafik metodlarla idarə olunur. Tranzaksiyalar isə kodlanmır, açıq məlumat kimi kriptonun kodu qalır”.

Bazar iştirakçılarının məsələyə münasibəti daha fərqlidir. Onların sözlərinə görə, mərc oyunlarda olduğu kimi, burada da gəlir vergisinin alınması düzgündür. Lakin müvafiq orqanlar belə bir addım atarkən ədalətlilik prinsipini nəzərə almalıdırlar:

“Vergiyə cəlb olunduqdan sonra kriptovalyuta əməliyyatlarının nə dərəcədə sərfəli olacağına gəlincə, bu, hesablamadan aslıdır. Əgər gəlir vergisi hesaba oturan puldan hesablanarsa, artıq sərfəli olmayacaq. Çünki kriptobirjaya pul oturdanda artıq 10 faiz tutulur”.

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR