Bank-maliyyə sisteminin dayanıqlığının təmin edilməsi, əhalinin bank sektoruna inamının artırılması və bankların sağlamlaşdırılması məqsədilə 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra vacib addımlar atılıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Palatanın mətbiat xidmətinin rəhbəri Elşən Allahverdiyev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, bank-maliyyə sisteminin dayanıqlığının təmin edilməsi, əhalinin bank sektoruna inamının artırılması və bankların sağlamlaşdırılması məqsədilə 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bir sıra mühüm addımlar atılıb:
“Həmin tədbirlər arasında bank sektorunun kapitallaşmasının davam etdirilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın sağlamlaşdırılması, bankların birləşməsinin təşviqi (“Caspian Development Bank”ın “Ata Bank”a qoşulması) və digər tədbirləri qeyd etmək olar”.
E.Allahverdiyev bildirib ki, kapitalizasiya proseslərinin 2018-ci ildə davam etdirilməsi nəzərdə tutulur:
“Bank sektorunun sağlamlaşdırılması istiqamətində bankların səhmdarları tərəfindən 2017-ci il ərzində 0.9 mlrd. manat həcmində əlavə kapital artımı həyata keçirilib. Kapitalizasiya proseslərinin 2018-ci ildə davam etməsi nəzərdə tutulur.
Uzunmüddətli sağlam bankçılıq təcrübəsinin formalaşması məqsədilə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa bankların rezolyusiya çərçivəsi ilə bağlı dəyişikliklər edilib”.