AVRO-2020-nin seçmə mərhələsinin iyunun 11-də Slovakiya ilə keçiriləcək oyunu Azərbaycan milli komandası üçün tarixi əhəmiyyət kəsb edəcək.
APA-nın məlumatına görə, E qrupunun IV turunun Bakıdakı “Bakcell Arena”da keçiriləcək matçı yığmamızın tarixində 250-ci oyun olacaq.
Yubiley qarşılaşmasına çıxacaq komandamız indiyədək yığmalar səviyyəsində 249 beynəlxalq matç keçirib. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstana qarşı keçirən millimiz həmin qarşılaşmada 3:6 hesabı ilə uduzub.
27 yaşlı komandamız indiyədək 48 qələbə qazanıb, 68 heç-heçə edib və 133 dəfə uduzub. 186 qol vuran futbolçularımız 417 top buraxıb.
Azərbaycan yığmasını 249 oyunda 5-i əcnəbi olmaqla, 16 məşqçi meydana çıxarıb. Bu matçlarda 231 futbolçu meydana çıxıb.
Millimiz dünya və Avropa çempionatlarının seçmə mərhələləri ilə Millətlər Liqasında ümumilikdə 126, yoxlama görüşləri və kiçik mini turnirlərdə 123 dəfə meydana çıxıb. Yığmamız 27 ildə 3 qitədən – Avropa, Asiya və Şimali Amerikadan olan 68 rəqiblə qarşılaşıb.
249 matçda ən böyükhesablı qələbələri 4 top fərqilə olan millimiz Lixtenşteyni 4:0, San-Marinonu 5:1 hesabı ilə yenib. Ən ağır məğlubiyyət isə Fransa ilə görüşə təsadüf edib – 0:10.
Slovakiyaya qarşı keçiriləcək 250-ci oyun evdəki 90-cı sınaq olacaq. Millimiz indiyədək öz meydanında 89, neytral meydanlarda 37, səfərdə 123 görüş keçirib.
Oxunub: 719