Dövlət Başçısı İlham Əliyevin ölkə idmançılarına dəstəyi futboldan başqa digər sahələrdə özünü daim doğruldur. Buna misal olaraq, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin tabeçiliyində fəaliyyət göstərən idmançıları nümunə göstərmək olar. Azərbaycanın gənc basketbolçulardan ibarət gənclərdən yığma komandasının üzvü Urfan Bayramlının verdiyi məlumata görə, bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə 30 ölkənin iştirakı ilə idmanın müxtəlif növləri üzrə Xüsusi Yay Olimpiya oyunları keçirilib.Yarışlarda Azərbaycanı gənclərdən ibarət “Yunifayd komandası” təmsil edib. Bütün ölkələrin komandaları yaradılmış divizonlarda öz məharətlərini göstərib. Azərbaycan idmançıları 6-cı divizionda həlledici yarışda İndoneziya komandasına 26-24 hesabı ilə qalib gələrək, birinci yerə layiq görülüb. Basketbolçulardan Tərxan Hüseynzadə, Andrey Kondratyev və başqaları xüsusilə fərqlənmişlər. Ümumiyyətlə, Azərbaycan idmançıları ölkəyə 6 qızıl, 10 gümüş və 9 bürünc (bütövlükdə 25 medal) gətiriblər. Müqayisə üçün deyək ki, qonşu Gürcüstan idmançıları 2 qızıl, 2 gümüş və 2 bürünc, Ermənistan idmançıları isə 2 qızıl və 1 bürünc medal qazanıblar. Yığma komandanın bütün üzvlərini, xüsusən də, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin rəhbər heyətini və məşqçiləri bu uğur münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayıyırıq.
Xatırladırıq ki, bu hərəkatın əsası 1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi-Şrayver tərəfindən qoyulub. Bu Komitənin tabeçiliyindəki idman meydançalarında əqli imkanları zəif olan insanlar idmanın müxtəlif növlərində hazırlaşaraq öz məharətlərini göstərə bilərlər. Aldığımız məlumata görə, ilk Xüsusi Olimpiya Oyunları 1968-ci ildə Çikaqo şəhərində keçirilib. 1988-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Xüsusi Olimpiya Komitəsini tanıyıb və birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu Beynəlxalq Komitənin Qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərindədir. Azərbaycan Xüsusi Olimpiya Komitəsi isə 1991-ci il noyabrın 30-da yaradılıb.Komitənin ilk rəhbəri tanınmış ictimai-siyasi xadim xanım Lidiya Rəsulova, onun müavini isə Şahin Əliyev seçilib. Bu Komitə 1992-ci il mart ayının 10-da Azərbaycan Milli Olimpiya Komitəsi ilə birgə Respublikanın Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Hazırda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Prezidenti Şahin Əliyevdir.
e-mail: azspecialolympics@azeurotel.com
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
“Ana harayı” qəzetinin xüsusi müxbiri,
“Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı.