“Qəbələ” hollandiyalı müdafiəçisi Deyv Bultöyslə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, müdafiəçi Hollandiyanın “Heerenveen” klubuna keçib.
“Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. "Qırmızı-qaralar” "Heerenveen”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.
“Heerenveen”lə 2.5 illik müqaviləyə imza atmış futbolçu keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib:
“Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada – “Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. “Heerenveen” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.
Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada – “Utrext”də başlayan Deyv Bultöys 4 mövsüm vətənində çıxış etdikdən sonra “Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun “Qəbələ”dən öncəki son komandası olub.