Azərbaycançılıq xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və gələcəyə baxışını birləşdirən ümummilli məfkurədir. Onun mahiyyətində Vətənə bağlılıq, ana dilinə sevgi, milli mənsubiyyətə hörmət, vətəndaş həmrəyliyi və müstəqil dövlətin inkişafına xidmət etmək düşüncəsi dayanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra bu məfkurənin ictimai-siyasi həyatımızdakı əhəmiyyəti daha da artıb. Müasir dövrdə azərbaycançılıq milli kimliyin qorunması, cəmiyyətin birliyinin möhkəmləndirilməsi və gələcək nəsillərdə vətəndaşlıq məsuliyyətinin formalaşdırılması baxımından xüsusi aktuallıq daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının fəalı Aygül Bağırova deyib.
O, müstəqilliyimizin bərpasından sonra azərbaycançılığın dövlət siyasətinin mühüm ideoloji istiqamətlərindən birinə çevrilməsini Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.
Aygül Bağırova qeyd edib ki, Ulu Öndər milli kimliyin qorunmasını, Azərbaycan dilinin inkişafını, xalqımızın mənəvi dəyərlərinin yaşadılmasını və dünya azərbaycanlılarının həmrəyliyini dövlət quruculuğu siyasətinin əsas istiqamətləri sırasında müəyyənləşdirib. Bu siyasətin mühüm istiqamətlərindən biri dünya azərbaycanlılarının təşkilatlanması, Vətənlə əlaqələrinin gücləndirilməsi olub.
2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu baxımdan əlamətdar hadisədir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir araya gəlməsi milli həmrəyliyin təşkilati əsaslarının genişlənməsinə, Azərbaycan dili və mədəniyyətinin qorunması istiqamətində əməkdaşlığın güclənməsinə şərait yaradıb. Ümummilli Liderin siyasi irsində azərbaycançılıq həm də ölkəmizdə yaşayan müxtəlif xalqların ortaq vətəndaşlıq kimliyini ifadə edib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyətində qarşılıqlı hörmət, dini dözümlülük və birgəyaşayış ənənələri bu məfkurənin mühüm dəyərləri sırasında yer alır.
Müasir Azərbaycanın inkişafında azərbaycançılıq amili
Aygül Bağırova vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dillərin və dini ənənələrin qovuşduğu məkan olub. Ölkəmizdə formalaşan birgəyaşayış təcrübəsi ictimai sabitliyin və qarşılıqlı anlaşmanın mühüm mənəvi əsaslarından biridir. Müasir azərbaycançılıq düşüncəsində milli kimliyin qorunması ilə ümumbəşəri dəyərlərə açıq olmaq bir-birini tamamlayan prinsiplərdir. Azərbaycan xalqının öz tarixinə, dilinə və mədəniyyətinə bağlılığı beynəlxalq əməkdaşlıq, mədəniyyətlərarası dialoq və elmi əlaqələrin inkişafı ilə yanaşı davam edir. Bu baxımdan, azərbaycançılıq müstəqil dövlətin inkişafı ilə cəmiyyətin mənəvi bütövlüyü arasında bağlılığı gücləndirən mühüm amildir.
“Təsadüfü deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsinin dövlətçilik düşüncəsindəki yeri, milli həmrəyliyin qorunması və cəmiyyətin ortaq məqsədlər ətrafında birləşməsi məsələləri ardıcıl şəkildə diqqət mərkəzində saxlanılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyinin özünü göstərdiyi mühüm tarixi mərhələ oldu. Ölkəmizin müxtəlif bölgələrindən olan, fərqli etnik və dini mənsubiyyətləri təmsil edən vətəndaşlar Azərbaycanın ərazi bütövlüyünün bərpası məqsədi ətrafında birləşdilər. Bu Qələbə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü ilin sentyabrında isə Azərbaycanın suverenliyinin tam bərpası ilə tarixi prosesin mühüm mərhələsi başa çatdı. Məhz bu dövrdə nümayiş etdirilən həmrəylik azərbaycançılığın ictimai həyatımızdakı əhəmiyyətini bir daha göstərdi. Milli mənsubiyyət, Vətənə bağlılıq və dövlətçilik məsuliyyəti həmin günlərdə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən ortaq dəyərlər kimi ön plana çıxdı”, - deyə YAP fəalı bildirib.
Aygül Bağırova qeyd edib ki, milli yaddaş xalqın keçmişini gələcəyə bağlayır. Azərbaycançılıq isə bu bağlılığı ortaq Vətən, dövlətçilik və vətəndaşlıq məsuliyyəti ətrafında birləşdirir. Onun yaşadılması Azərbaycanın milli-mənəvi irsinin qorunmasına, cəmiyyətin həmrəyliyinin möhkəmlənməsinə və gələcək nəsillərin öz dövlətinə bağlı vətəndaşlar kimi yetişməsinə xidmət edir.
Oxunub: 0