Bu gün 770 minə yaxın üzvü öz ətrafında birləşdirərək təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın aparıcı siyasi güc mərkəzinə çevrilən Yeni Azərbaycan Partiyası müasir dövlətçilik tariximizin strateji sütunudur. Qurumun qazandığı bu nüfuz və xalq etimadı 2024-cü ilin prezident və parlament, eləcə də 2025-ci ilin bələdiyyə seçkilərində özünün növbəti parlaq təsdiqini tapmışdır.
Ərazi bütövlüyümüzün və tam suverenliyimizin bərpasından sonra yaranmış yeni geosiyasi şəraitdə keçirilən 2 oktyabr 2026-cı il tarixli VIII qurultay isə partiyanın gələcək fəaliyyət yol xəritəsini müəyyənləşdirdi. Həmin qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, Nizamnaməyə edilən müvafiq dəyişikliklər və rəhbər strukturların formalaşdırılması qarşıdakı dövr üçün aydın inkişaf hədəflərini ortaya qoydu.
Bu strateji xəttin əsası hələ 2005-ci il martın 26-da keçirilmiş III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi ilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi müasir çağırışlara uyğun şəkildə davam etdirilmişdir. Xüsusilə 2021-ci ilin mart və dekabr aylarında atılan addımlar partiyanın struktur və ideoloji yenilənməsində həlledici rol oynadı. Belə ki, martın 5-də baş tutan VII qurultayda yeni Nizamnamənin, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının təsdiqlənməsi idarəetmə çevikliyini artırdı, Mehriban xanım Əliyevanın sədrin birinci müavini təyin olunması isə dövlət və partiya idarəçiliyində qadınların ictimai-siyasi roluna verilən yüksək dəyərin göstəricisinə çevrildi. Ardınca, həmin il dekabrın 29-da qəbul edilən beşfəsilli Proqram regiondakı yeni reallıqları əhatə etməklə 10 strateji istiqaməti, partiyadaxili münasibətlər sistemini və 11 əsas hədəfi dəqiqliklə müəyyən etdi.
Şübhəsiz ki, bu gün əldə olunan bütün nailiyyətlərin təməlində müstəqilliyimizin ilk illərində xalqın xilas yolunu müəyyənləşdirən tarixi iradə dayanır. Dövlətçiliyimizin ağır sınaqlarla üz-üzə qaldığı, ölkəni dərin böhrandan çıxarmaq üçün qətiyyətli qərarların zəruri olduğu bir dövrdə Azərbaycan ziyalıları yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət ölkədəki dağıdıcı proseslərin qarşısını almaq və sabitliyə nail olmaq istəyinin ifadəsi idi. Heydər Əliyevin bu çağırışa verdiyi cavabda qeyd olunduğu kimi, yeni siyasi təşkilatın yaradılması demokratiya və siyasi plüralizm şəraitində obyektiv zərurətdən doğurdu və müstəqil dövlətimizin möhkəmlənməsinə xidmət etməli idi.
Məhz bu siyasi uzaqgörənliyin nəticəsi olaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılmasına dair tarixi qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi, Siyasi Şura, İdarə Heyəti və sədr müavinləri seçildi, Heydər Əliyev isə yekdilliklə partiyanın sədri oldu. Fəaliyyətinin ilk mərhələsində müxalifət mövqeyində dayansa da, partiya qanunvericilik çərçivəsində konstruktiv siyasi xətt yürüdərək ölkədə sağlam siyasi dialoq və demokratik mədəniyyətin formalaşmasına mühüm töhfə verdi.
Beləliklə, qısa müddətdə ümumxalq etimadı qazanan Yeni Azərbaycan Partiyası sabitliyin və davamlı tərəqqinin əsas dayağına çevrilərək, Ulu Öndərin strateji qiymətləndirməsi ilə “dünənin, bu günün və sabahın partiyası” kimi tarixi missiyasını şərəflə yerinə yetirməkdədir.
Şaiq Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİH başçısı aparatında Layihə Smeta Bürosunun rəisi
Oxunub: 0