Bu gün sosial şəbəkəyə baş çəkməmişəm. İndi xəbər tutdum ki, Xalq şairi Nəriman Həsənzadə vəfat edib.
Ölüm bəzən faciə kimi görünür. Amma doxsan beş il yaşamış, ömrünü mənalı əsərlərlə taclandırmış bir insan üçün ölüm həm də təbiətin tamamlanmış hökmüdür.
Bəlkə də insan ömrünün ən böyük sirri budur: həyatın uzunluğu yox, mənası qalır. Zaman bədəni aparır, söz isə qalır. Elə buna görə də bəzi insanlar dünyadan getsələr də, yox olmurlar.
Xalqın yaddaşında iz qoyan insanlar öləndə, əslində ilk hiss etdiyimiz kədər yox, zamanın keçdiyini dərk etmək olur. Xalq şairi Nəriman Həsənzadənin vəfat xəbəri də belə xəbərlərdən biridir. O, doxsan beş illik ömrünün böyük bir hissəsini sevdiyi işi görərək yaşadı, minlərlə insanın qəlbinə toxunan misralar yazdı.
İnsan ömrünün bir həddi var. Müasir tibb ömrü uzada bilər, amma gəncliyi qaytara bilmir. Bədən yorulur, yaddaş zəifləyir, dostlar bir-bir köçür, həyatın sevincləri azalır. Buna görə də bəzən düşünürsən ki, insanın ən böyük arzusu uzun yaşamaq yox, mənalı yaşamaq olmalıdır. Çünki ömrün dəyəri illərin sayında deyil, həmin illərə sığdırılan xatirələrdə, xeyirxahlıqda və yaratdıqlarındadır.
Şairin dillər əzbəri olan "Bu dünya nərdivandı..." misraları da elə ömrün öz fəlsəfəsini izah edir. Hər kəs bu nərdivanla qalxır, sonra isə enməyə başlayır. Heç kim zirvədə əbədi qalmır. Həyatın qanunu budur. Əsas məsələ neçə pillə qalxdığın deyil, o pillələrdə kim olduğundur.
Nəriman Həsənzadə də dünya nərdivanının son pilləsinə çatdı. Amma onun sözü hələ uzun illər bu nərdivanla qalxanlara yol yoldaşı olacaq. Ruhu şad olsun
Günel Musa
Oxunub: 17