dini radikalizm və ekstremizmlə mübarizə

Ömür vəfa etmədi...


Elimizin dəyərli oğlu,unudulmaz insan,əziz dostum Əli Mirzəli oğlu İsgəndərovun əziz xatirəsinə...

Deməyə söz tapmıram,deyirəm ki,bu qırx gün nə tez gəlib keçdi...Günlər də elə sürətlə keçir ki,ayın başlaması ilə bitməsi bir olur sanki...

16 aprel Əli müəllimin dünyaya gəldiyi gündür.Bu gün yaşasaydı 65 yaşı tamam olacaqdı.Bu gün onu təbrik edəcək,xoş sözlərimizi bildirəcəkdik.Amma,amma Əli müəllim artıq həyatda yoxdur,necə də ağır,hüznlü bir gün.Ad günü vəfatının qırxıncı gününə təsadüf elədi...

Əli müəllim haqqında günlərlə, saatlarla danışmaq olardı.Bu insan özü bir tarix idi,yurdun tarixini,keçmişini elə gözəl bilirdi ki...Ona Yardımlının canlı tarixi deyə müraciət edirdilər.Rəhbəri,əməkdaşı olduğu rayon Tarix- diyarşünaslıq muzeyinin fəaliyyəti boyu göstərdiyi xidmətlər danılmaz idi.Kənd-kənd gəzib muzeyimiz üçün eksponatlar toplayan Əli müəllim yorulmaq bilməzdi.Muzeyin ilk direktoru olmuş mərhum Mirəziz Rəfiyevdən sonra bu vəzifəni Əli müəllim icra etmişdi.Mirəziz müəllim Əli müəllimin bilik və savadını,onun tariximizə olan sevgisini yaxşı bilirmiş.

Əli müəllim əsil muzey işçisi,onun cəfakeşi idi.Mən onunla iyirmi ildən çox çalışaraq ,çox şeylər də öyrənmişəm.O bir tarixçi,ziyalı olaraq rayon tarixinə öz adını yazdırmağı bacardı.Əli müəllim bacardığı qədər biz əməkdaşlara dəstək olurdu.Vətən savaşında Əli müəllim əziz şəhidlərimizin dəfnlərini,savaşdan qayıdan qazilərimizi lentə alırdı,bu da bir tarix idi.Ürək ağrısı ilə bu işləri o görürdü,mən bunun şahidi idim.

Əli müəllimin vəfat xəbəri hər kəsi sarsıtdı,hər kəsə təsir etdi.Sosial şəbəkədə ,qəzet və jurnallarda Yardımlı haqqında,onun tanınmış insanlarını daim təbliğ edirdi.Bu insanlar haqqında videolar,digər çəkilişlər var ki,onlar yadigar qaldı.Əli müəllim rayonumuz haqqında kitablar üzərində çalışırdı,lakin onu çap etdirmək qismət olmadı...Çox arzularını özü ilə apardı.Mən də bu həyatda bir dost itirdim.Əli müəllim sadiq dost,yoldaş idi.Bir ziyalı kimi el içində kifayət qədər hörmət qazanmışdı.Rayonumuzda çəkilən televiziya və radio çəkilişlərində müsahibələr verirdi.Özü də Yardımlı TV yutub kanalı açaraq rayonumuzu təbliğ edirdi.Bir sözlə ,bu insanın gördüyü işlər unudulan deyil,xatirəsi həmişə yad ediləcəkdir...Mənim üçün də çox ağır oldu bir dost kimi Əli müəllimin vaxtsız ölümü.Qismət,yazı beləymiş.Bizlər də bu yolu gec tez keçəcəyik...
Hə,əziz insan nə yazım daha,ürəyim qəmlə,hüznlə dolu...Çox xatirələr yada düşdü ,kino lenti kimi gözlərimdən gəlib keçdi.Ömrə,günə vəfa yoxmuş heyf ki...

Bu gün 16 aprel 2026 cı il.Əli müəllimin vəfatından 40 gün keçdi.Rayon mərkəzində "Şıxaz" şadlıq sarayının mərasim zalında məclis keçiriləcəkdir... Allah ruhunu şad eləsin Əli müəllim,yerin cənnət olsun.Mən bütün əzizlərinə, yaxınlarına Allahdan səbr diləyirəm...

16.04.2026. Yardımlı

Oxunub: 43
Oxşar xəbərlər
SON XƏBƏRLƏR