dini radikalizm və ekstremizmlə mübarizə

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Salyanda "Mərkəzi Hacı Tağı" və "Ağa Hüseyn" məscidlərini ziyarət edib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitə sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, tolerantlıq ənənələri və dini müxtəlifliyin qorunması sahəsində görülən tədbirlər barədə danışıb.

R.Məmmədov ölkədəki mövcud dini durum və dövlət-din münasibətlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan dünyəvi və demokratik dəyərlərə söykənən tolerantlıq modeli ilə beynəlxalq müstəvidə nümunəvi ölkələrdən biridir. Hər bir vətəndaşın vicdan azadlığı Azərbaycan Konstitusiyası ilə dövlət təminatındadır.

Dini maarifləndirmə işinin keyfiyyətinin artırılmasının strateji əhəmiyyətinə toxunan komitə sədri qeyd edib ki, müasir dövrdə bəzi kənar qüvvələrin dini siyasiləşdirmək və yad ideologiyaları cəmiyyətə aşılamaq cəhdlərinin qarşısını almaq üçün din xadimləri daha fəal olmalıdırlar.

Sədr əlavə edib ki, multikultural mühitin qorunmasında və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsində din xadimlərinin maarifləndirici rolu mühüm xarakter daşıyır. Sağlam dini mühitin qorunması həm də dövlətçiliyin möhkəmlənməsinin vacib amillərdən biridir.

Görüşdə dövlətin dini icmalara göstərdiyi dəstək tədbirləri haqqında müzakirələr aparılıb. Bildirilib ki, dini məbədlərin inşası, təmiri məqsədilə atılan addımlar, eləcə də müxtəlif dini icmalara göstərilən maliyyə yardımları Azərbaycanda bütün konfessiyalara bərəbər münasibət olduğunu nümayiş etdirir.

Din xadimləri dini etiqad azadlığının təmin olunmasının cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər. Dini icmalara göstərilən dəstəyə və din xadimlərinin fəaliyyətinə yaradılan şəraitə görə məmnunluqlarını ifadə ediblər. Dövlətin davamlı dəstəyinin ölkədə mənəvi həmrəyliyin və dini sabitliyin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR