dini radikalizm və ekstremizmlə mübarizə

Kişiliyin Devalvasiyası


Biz elə bir coğrafiyada yaşayırıq ki, "kişilik" sözü ən çox istifadə edilən, amma bəlkə də ən çox inflyasiyaya uğrayan valyutadır. Sosial şəbəkələrdə, küçədə, çayxanada, məclisdə qeyrət dastanları danışan minlərlə qəhrəman var. Onlar qadın namusundan, milli mentalitetdən, kişinin sözü qanundur fəlsəfəsindən elə ağızdolusu danışırlar ki, kənardan baxan deyər: "Bax, əsl kişi, əsl ailə başçısı belə olar!" Onlar fiziki olaraq güclüdürlər, saqqal-bığ öz yerində, bəzən ən sərt danışıq tərzinə("vorovskoy" jarqon), ən ağır yerişə sahibdirlər.
Amma bu qəhrəmanların rentgenini çəkəndə, sümüklərinin mayasında parazit görünür: başqasının, xüsusən də qadının hesabına yaşayan aciz bir varlıq- "vitrin kişisi". Hər şeyin parıltılı, hər şeyin görüntüdən ibarət olduğu vitrin mədəniyyəti dövründə artıq kişilikdə vitrinləşir. Kişiliyin ən vacib atributlarından biri sirr saxlamağı bacarmaqdır. Amma bu vitrin kişilərinin dili, bəzi qeybətcil qonşu xalaların dilindən daha uzun və zəhərlidir. Qadın qeybəti qıran kişinin, qadın hamamına girən oğrudan bir fərqi yoxdur.
Bəzilərinin ovu sosial şəbəkələrdir. Onlar qadının etibarını pula, sirrini isə məzəyə çevirənlərdir. Ssenari həmişə eynidir: əvvəlcə şirin dillə qadının ruhuna, sonra etibarını qazanıb özəl həyatına daxil olmaq. Qadın ona güvənib bir addım atanda əlindəki açıq-saçıq şəkillərlə "pul atmasan, hamıya yayaram" deyən bir şantajçıya çevrilir. Məqsəd qadın qorxusu üzərində biznes qurmaq, onun namusunu pula çevirməkdir.
Daha dəhşətli mənzərə isə ailə daxilində baş verir. Evdə arvadını döyüb kişilik edən, amma çörək pulunu qazanmaqdan aciz olanlar... Bu tiplər fəhlə işləməyi, əziyyət çəkməyi özlərinə sığışdırmazlar. Evdə arvad, ana işləyər, bazar-dükan edər, o isə evdə oturub böyük layihələrdən danışar. "Mən 300 manata işləyən oğlan deyiləm" deyər, amma qadının qazandığı o 300 manatın çörəyini ən böyük iştahla yeyər.
Təəssüf ki, bu tip kişilər elə analar tərəfindən yaradılır. "Oğuldur, eybi yox" deyilərək böyüdülən, hər səhvi ört-basdır edilən uşaqlar, böyüyəndə anasının pensiyasına, bacısının cehiz puluna göz dikən yırtıcılara çevrilirlər. Altındakı maşının krediti anasının pensiya kartı ilə, cibindəki siqaret isə xadimə işləyən arvadının qabarlı əlləri ilə ödəyir. Ana qızıllarını satır, oğlu borcunu bağlasın (çox vaxt qumar və ya əyləncə borcu). Bəzən bacısının, arvadının "pis yoldan" qazandığı pula şərik olub, o pulla maşın alanların da şahidi oluruq. "Mənə pul verməsən, səni namus üstündə öldürərəm!".Tərcüməsi budur: "Sənin əxlaqsızlığın mənə pul gətirdiyi müddətcə göz yumaram, amma pul kəsilərsə, birdən-birə qardaşlığım və ya ərliyim yadıma düşər."Və cəmiyyət hələ də bu parazitlərə evin kişisi statusunu verir.

Dr. Benjamin Kərimov

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR