Bəzən sosial şəbəkələrdə dinlə bağlı yayılan məlumatlar radikallığa və ektremizmə gətirə bilər.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda çıxışında deyib.
O bildirib ki, dini zorla təbliğ etmək düzgün olmaz:
"Dinlə bağlı son dövrlər sosial şəbəkələrdə çox məlumatlar yayılır. Bir tərəfdən bu məlumatlar insanları maarifləndirirsə, bəzən də radikallığa və ektremizmə gətirir. Belə halda təhsil öz rolunu oynayır. Təəssüf ki, bu gün təhsil prosesində maddi elementlərə üstünlük verilsə də, mənəvi komponentlərə, mənəvi-əxlaqi dəyərlərə lazımi səviyyədə diqqət yetirilmir. Halbuki təhsilin əsas məqsədlərindən biri məhz bu dəyərlərin gənc nəslə aşılanması olmalıdır. Bu, pedaqoji yanaşmalar baxımından son dərəcə vacib məsələdir. Təhsil perspektivlərində mənəvi və əxlaqi dəyərlərə xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki biz gələcəyimizi milli-mənəvi dəyərlərə söykənən gənclər üzərində qurmalıyıq".
Oxunub: 0