TƏRCÜMEYİ-HAL
Hüseynova Ziba Sevindik qızı 26 iyun 1968-ci ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olmuşdur. 1975-ci ildə doğulduğu kəndin orta məktəbində ibtidai təhsil almağa başlamış, 1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta məktəb illərində fəallığı ilə seçilərək məktəbdə keçirilən bütün tədbirlərdə iştirak etmiş, bir sıra fəxri fərman və tərifnamələrlə təltif olunmuşdur.
Muğam sənətinə olan dərin marağı onu Bakı şəhərinə gətirmiş, burada Adil İsgəndərov adına musiqi məktəbində, Respublikanın Əməkdar artisti İsmayıl Ələkbərovdan dərs almışdır. Muğam ifaçısı kimi istedadı ilə seçilərək məktəbin fəxri diplomuna layiq görülmüş, respublika səviyyəsində təşkil olunan dövlət tədbirlərində, uşaq və qocalar evlərində, eləcə də hərbi hissələrdə keçirilən konsertlərdə çıxış etmiş, çoxsaylı diplomlarla təltif olunmuşdur.
Ziba xanım Türkiyənin Adana, Sivas və İzmir şəhərlərində keçirilən ədəbi-musiqili tədbirlərdə iştirak etmiş, xaricdə də bir sıra fəxri diplomlara layiq görülmüşdür. Şeirləri Türkiyənin Sivas şəhərində nəşr olunan antologiya kitablarında dərc olunmuşdur.
Şeirləri aşağıdakı antologiya kitablarında yer almışdır:
“Mənim Vətənim”, “Bir yandan boşalıb-dolan dünya”, “Xarı Bülbül”, “Aprel Döyüşləri”, “Könül Dastanı”, “Anasız-Atasız Dünya”, “Sevirəm, Sevmişəm, Sevəcəyəm”, “Dünya Yalan Dünya”, “Ömür yollarında”, “Qarabağ həsrəti”, “Cahana Sığmazam” (I-II hissə), “Zirvəyə doğru”, “Dolub-boşaldı dünya”, “İlham çeşməsi”, “Buta”, “Canım Azərbaycanım”, “Təbriz-Bakı-El boxçası”, “Dünyaya yayılsın anamın adı”, “Sevənlərin dünyası”, “Məktub”, “Ata”, “Nur ocağı”, “Şam işığı”, “İlhamdan ilham aldıq”, “Qarabağ Azərbaycandır”, “Seçkin Şairlər–11”, Sabit İncenin “Türk ve Dünyanın Seçkin Şairleri” antologiyaları.
Bundan əlavə, şeirləri “Müəllimlərimiz”, “Söz Xəzinəsi”, “Qarabağ Azərbaycandır!” ədəbi-bədii və elmi-publisistik məcmuələrdə, “Həkəri”, “Uğurlu Yol”, “Müstəqil Azərbaycan”, “Yurd” jurnalında və digər mətbu orqanlarda dərc olunmuşdur. “Əsrin Ziyalıları” ensiklopediyasında onun haqqında geniş məlumat verilmiş, şeirlərindən nümunələr yer almışdır.
Təltif və fəxri fərmanları:
“İstedad”, “Şöhrət”, “Dostluq Məşəli”, “ESİLTV.AZ”, “Məhsəti Şairlər Məclisi”, “Xocalı”, “DZMAN” MMC-nin Fəxri Fərmanları
Xalq TV-nin “İlhamlı Azərbaycan” Fəxri Diplomu
Türkiyənin “Sivas Yazarlar və Şairlər Dərnəyi”, “Çukurova Ədəbiyyatçılar Dərnəyi” və “Türkiye Müharip Gaziler Dernegi Hatay Şubesi” Təşəkkürnaməsi
QMİB-nin “Sazın-sözün butası”, İdeal Sülhün Təbliği Fondunun “Qalib Sultan” və “Əsrin Ziyalıları” fəxri diplomları
AYTV-1 kanalının “İlin Ən Yaxşı Şair-Müğənnisi”
“Siyşad Katılım Belgesi”, “Sivas Yazarlar ve Şairler Derneği Katılım Belgesi”
“Dünya Kriminalı” qəzetinin “İlin Yazarı” diplomu
“Cahana Sığmazam” antologiyasına daxil olan şeirlərinə görə “Nəsimi Poeziya Diplomu”
KİV Koordinasiyasının “Qızıl Qələm” mükafatı
“Yurd” jurnalının keçirdiyi sorğuya əsasən “İlin Nəğməkar Şairi” fəxri diplomu
Əmək fəaliyyəti:
“Ocaq” qəzeti, “Yurd” jurnalı, “Yeni Xilaskar” qəzeti, Qafqaz Media İctimai Birliyi və “Uğurlu Yol” qəzetində mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda bir çox publisistik məqalələrin müəllifidir.
Azərbaycan Dövlətçiliyi və Prezidentinə Milli Dəstək Mərkəzinin üzvü, Mədəniyyət Şurası sədrinin müavini olmuşdur.
Ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyətinə görə aşağıdakı medallarla təltif olunmuşdur:
“İlhamlı Azərbaycan”
“Heydər Zirvəsi”
“Xarıbülbül”
“Cəsarətli Qələm”
“Vicdanlı Qələm”
Həmçinin Türkiyə, Rusiya, Gürcüstan və İrandan gəlmiş sənət adamları ilə birlikdə Dövlət Filarmoniyasında çıxışına görə Fəxri Diplomla, Rəşid Behbudov adına Mahnı Teatrında “Şəlalə” ansamblı ilə çıxışına görə Diplomla mükafatlandırılmışdır.
Nəşr olunmuş kitabları:
1. Muğam mənim həyatımdır – 2018, “Elm və Təhsil” nəşriyyatı
2. Mən şair olmazdım – 2019, “Elm və Təhsil” nəşriyyatı
3. Səni düşünürəm – 2022, “İmza” nəşriyyatı
4. Vətən sevgisi – 2023, “İmza” nəşriyyatı
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
SAZIM MƏNİM
Ürəyimi saza açdım,
Dil-dil ötdü sazım mənim.
Gül-çiçəkli yaza açdım,
Dil-dil ötdü sazım mənim.
Saz olmasa, gülməz üzüm,
Sazdı mənim görən gözüm.
Saza dedim, ürək sözüm,
Dil-dil ötdü sazım mənim.
Şahiddir ki, uca Rəbbim,
Sazsız coşub dinməz təbim.
Saz üstündə dinir qəlbim,
Dil-dil ötdü sazım mənim.
Coşdurduqca həvəsimi,
Rahat allam nəfəsimi.
Görüb Zibanın səsini,
Dil-dil ötdü sazım mənim.
MONTYOR QIZIYAM
Qaranlıqdan qorxuram mən,
Zülmət yerdən qaçasıyam.
Harda görsəm işıq vardır,
Qanadlanıb uçasıyam.
Mən işığı çox sevirəm,
Çünki montyor qızıyam.
İşıq çəkən atamdan mən,
Bu həyatda çox razıyam.
Nur paylayan insanların,
Ömrünə qoy nur ələnsin.
Adı dildən-dilə düşüb,
Şeirləşsin, nəğmələnsin!
ÜRƏYİMDƏ YENƏ SƏNSƏN
Bu dünyanın əzabından yorulsam,
Ürəyimdə yenə sənsən, yenə sən.
Öz içimdən alovlanıb qor olsam,
Ürəyimdə yenə sənsən, yenə sən.
Sığınacaq ünvanımsan, yerimsən,
Həyanım, ümidim, dərdi-sərimsən.
Başına döndüyüm ocaq, pirimsən,
Ürəyimdə yenə sənsən, yenə sən.
Bir isti nəfəssən üşüyən cana,
Sevginlə hopmusan canımda qana.
Səni düşündükcə, hey ana-ana,
Ürəyimdə yenə sənsən, yenə sən.
Dualar dilimdə ilahi səsdir,
Bu da sənə qarşı xoş bir həvəsdir.
Tək sənin varlığın Zibaya bəsdir,
Ürəyimdə yenə sənsən, yenə sən.
DURNALARBu axşam yenə də, bir az darıxdım,
Durub yavaş-yavaş həyətə çıxdım.
Seyr edib, göylərin üzünə baxdım,
Gördüm uçur, köçüb gedir durnalar.
Səsləyib bir- birin qaqqıldaşırdı,
Dərələr keçirdi, dağlar aşırdı.
Tərk edib payızı, uzaqlaşırdı,
Gördüm uçur, köçüb gedir durnalar.
Gizlənib buludda yayın günəşi,
Soyuyur torpağın odu,atəşi.
Keçib neçə-neçə yoxuş-enişi,
Gördüm uçur, köçüb gedir durnalar.
Gəldi göy üzündən bir yeni səda:
,,- Biz gedirik, salamat qal,ay Ziba! "
Ürəyimi yaman üzdü bu vida,
Gördüm uçur, köçüb gedir durnalar.
Bir dəli eşq içrə mən, tək səni seçdim, ey yar,
Sənsə solmuş gül kimi, ömrümü biçdin, ey yar.
Qəlbi susuz təşnətək, alışdı, yandı könlüm,
Yandıqca köz-köz oldum, tez külə keçdim, ey yar.
Eşqin ilə divanə, sərgərdan oldu canım,
Xanəmi tərk eyləyib, səhrayə köçdüm, ey yar.
Səni sevən gözəldən kəm etsən öz lütfünü,
Görərsən eşq yolunda canımdan keçdim, ey yar.
Ziba deyər, gün gələ, tez çata vüsal günü,
Səninlə eşq şərbətin görəydim içdim, ey yar.
QONŞU
Qonşu var, dar gündə çatar hayına,
Səndən əsirgəməz kömək əlini.
Qonşu var, yıxılsan qaldırar səni,
Qonşu var, arxadan qırar belini.
Qonşular görmüşəm, sanki mələkdir,
Üzündə hiyləsi, kələyi yoxdur.
Vardır elə qonşu, kinli, zəhərli,
Heç kimə zərrəcə gərəyi yoxdur.
Qonşu var, payını bölər səninlə,
Ürəyi genişdir, səxavətlidir.
Üzündən zəhrimar yağan qonşunun,
Rəftarı səninlə küdurətlidir.
Var paxıl qonşular, xəsis qonşular,
Yaxşı işlərinə göz yumub, görməz.
Susuzluqdan yansa belə ürəyin,
Sənə bircə qram heç su da verməz.
Qonşu var, görsə ki vardır imkanın,
Hər gündə fırlanıb dönər başına.
Elə ki, tükəndi sərvətin, varın,
Dava salıb, zəhər qatar aşına.
Qonşu var, danışar yaxşılığından,
Qonşu var, hey səndən qeybət eyləyər.
Qonşu var, heç zaman qədrini bilməz,
Qonşu var, qonşuya hörmət eyləyər.
İlahi hər zaman qoy kömək olsun,
Səninlə xoş deyib, gülən qonşuya.
Ziba da ürəkdən minnətdar olar,
Dərdini öz dərdi bilən qonşuya.
MƏSNƏVİ
Səni yaratmışdır
uca yaradan ,
Seçəsən həmişə ağı- qaradan.
Çıxartma heç zaman bunu yadından,
O, səni seyr edir göyün qatından.
Götürüb aparar səni dünyadan,
Ölümün seçilməz heç də - röyadan.
Qiymətli daş-qaştək gizlədib səni,
Qiyamət günündə dirildər, yəni.
Sən varlı, mən isə kasıbın biri,
Köçəndə hərənin vardır öz yeri.
Bir etmək olarmı qızılı mislə?
Eyni tutmaq olmaz yaxşını, pislə.
Zərgər bilməyəndə zər qiymətini,
İtirər həyatda, bil, hörmətini.
Çünki, zər qədrini bilən özüdür,
Gözləri millətin görən gözüdür.
Bir nəqqaş yaratsa gözəl bir əsər,
Baxıb heyran olar rəsminə bəşər.
Qələmin, barmağın verilsə haqqı,
Haqq özü susdurar şəri, nahaqqı.
Şairə vaxtında verilsə qiymət,
Etməz giley-güzar, çəkməz qəm, möhnət.
TƏNHA QADIN
Ömür keçir, get-gedə sən,
Qocalırsan, tənha qadın.
Həyanın yox, köməyin yox,
Ac qalırsan, tənha qadın.
Bəzən olur yol gedəndə,
Büdrəyirsən, yıxılırsan.
Tənhalığın üzür səni,
Təksən deyə, sıxılırsan.
Harayına yetənin yox,
Günbəgün rəngin saralır.
Tor gətirən gözlərin də,
Daha görmür, tez qaralır.
Dərdin, qəmin tükənməyir,
Ürəyinə kədər dolub.
Uzaq gəzir qohum, yadın,
Həmdəmin pişiklər olub.
Bir tikə çörək tapanda,
Pişiklərlə sən bölürsən.
Onlara qayğı göstərib,
Ürəyində hey gülürsən.
Çünki onlar ac qalanda,
Tez qapını gəlib kəsir.
Yeməkləri olmayanda,
Ac qalmaqdan tir-tir əsir...
Pişikləri ac görəndə,
Çox kövrəlir tənha qadın.
Tapa bilmir dadlı yemək,
Tuş olubdur aha - qadın.
Çox düşünür, fikirləşir,
Baş qaldırıb göyə baxır.
Dərdinə çarə axtarır,
Gözlərindən yaşlar axır.
Öz dərdini ağaclara,
Buludlara, aya deyir.
Ləpələnən dənizlərə,
Həzin axan çaya deyir.
Tənha yaşayan qadının,
Nə gündüz, nə gecəsi var.
Onun pişikdən savayı,
Həyətdə bir cücəsi var.
Böyütdüyü cücəni də,
Kəsməyə qıymayır qadın.
Son tikəsin verir ona,
Gözündən qoymayır qadın.
Bax beləcə keçir günü,
Tənha yaşar ömür boyu.
Axı o da görmək istər,
Oğul-qızla, nəvə toyu.
Çarəsizdir, bilmir necə,
Tənhalığa nöqtə qoysun.
Bu həyatın sevincini,
Ürəyincə dadıb duysun.
Ziba deyir, tənha qadın,
Öz qəmiylə baş-başadır.
Kimini sevinclə fərəh,
Onu təklik, dərd yaşadır.
GECƏNİZ XEYRƏ QALSIN!
Bir səs məni oyatdı,
Yenə də yuxum qaçdı.
Sən demə, külək imiş,
Gəlib qapımı açdı.
Yuxudan oyananda,
Dərin xəyala daldım.
Bìr kimsə yox, özümlə,
Yenə baş-başa qaldım.
Gözlərimdə qəm-kədər,
Könlüm onu aradı.
Baxıb gördüm həsrətim,
Gecəm kimi qaradı.
Arzularam hər kəsə,
Ayrılıqlar olmasın.
Sevənlərin gözləri,
Yarıyolda qalmasın.
İstəmirəm kimsənin,
Ürəyini qəm alsın.
Ziba deyir, a dostlar,
Gecəniz xeyrə qalsın!
Oxunub: 118