20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda dəyirmi masa keçirilib. YAP Mingəçevir şəhər təşkilatının müşavirə zalında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, partiya fəalları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, müharibə və əmək veteranları iştirak ediblər. Əvvəlcə 20 Yanvar şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 20 Yanvar hadisələrindən bəhs edən “Qan Yaddaşımız” adlı sənədli film nümayiş etdirilib.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ötən əsrin 80-ci illərinin axırlarında keçmiş SSRİ dövləti daxilində baş verən ictimai-siyasi proseslərdən istifadə edən ermənilər qondarma Dağlıq Qarabağ problemi adı altında Azərbaycana qarşı ərazi iddialarının növbəti mərhələsinə başladılar. Otuz beş il əvvəl baş vermiş Qanlı Yanvar hadisəsi Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı deyən İlham ismayılov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “20 Yanvar Şəhidləri”nin, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsini həmişə uca tutur. Bu gün Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Ölkə Prezidentinin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixində azadlıq mübarizəsinin yenilməzlik rəmzidir”, 14 №-li tam orta məktəbin direktoru Ceyhun Atayev “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Ulu öndər Heydər Əliyevin fədakarlıq nümunəsidir”, MDU-nun müəllimi, Tarix üzrə fəlsəfə doktoru Vüsalə Mövlayeva “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanının müasir reallıqları, Mingəçevir Tibb Kollecinin ictimai fənlər müəllimi Kəmalə Hüseynova “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzularında məruzələrlə, ictimaiyyət nümayəndələri adından Fərman Nəbiyev xatirələrlə çıxış etmişlər.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 202