dini radikalizm və ekstremizmlə mübarizə

Moldovanın dəyişməyən “qibləsi” - Kişineu yenə Brüsseli seçib - ŞƏRH

Moldovanın dəyişməyən “qibləsi” - Kişineu yenə Brüsseli seçib - ŞƏRH


Moldovada noyabrın 3-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, hazırki dövlət başçısı Maya Sandu 55,41 faiz səs toplayaraq növbəti dörd il müddətinə ölkənin prezidenti seçilib. Onun ikinci turda rəqibi Baş prokuror Aleksandr Stoyanoqlo 44,59 faiz səs toplayıb.

Xatırladaq ki, birinci tur oktyabrın 20-də keçirilmişdi. O zaman Maya Sandu 42,39 faiz, Aleksandr Stoyanoqlo 25,95 faiz səs toplamışdı. Bu o deməkdir ki, separatizm nəticəsində ərazi bütövlüyü və suverenliyi pozulan ölkədə Qərbə inteqrasiya meyilləri davam edir.

Azərbaycanla Moldova bir sıra beynəlxalq təşkilat və platformalarda birgə fəaliyyət göstərir. Hər iki dövlət Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. qurumlara üzvdürlər. Moldova və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyü və suverenliyini daim müdafiə ediblər.

Sandunun qarşısında Moldova üçün həyati-vacib bir sıra köklü problemləri həll etmək durur. Düzdür, istənilən dövlət başçısı ölkənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin təmin olunması kimi məsələləri daim prioritet sayır. Ancaq Moldovanın probleminin 35 ilə yaxın yaşı var.

1989-cu ildə Moldova parlamentinin dil və etnik mənsubiyyət barədə qəbul etdiyi qərar onun ərazi bütövlüyünün parçalanması və ərazisinin bir hissəsində suverenliyi itirməsinə səbəb oldu. Başqa sözlə, Dnestryanı ərazidə Moskva rusdillilərin “Respublikası”nın yaranmasına yardım etdi. Sovetlər dağılandan Moldova SSRİ-nin tərkibindən çıxandan sonra bu ziddiyyət daha da kəskinləşdi. 1992-ci il avqustun 1-də silahlı qarşıdurma dayandı. Rusiya ilə Moldova arasında həmin il iyulun 7-də münaqişənin dinc yolla həllinə dair plan imzalandı.

Dnestryanı ərazinin statusuna dair Rusiya, Ukrayna və ATƏT-in çoxsaylı danışıqları hələ nəticə verməyib. İndiyədək bu planla bağlı heç bir əməli addım atılmayıb.

Bu baxımdan, Maya Sandunun əsas vəzifələrindən biri ərazi bütövlüyü və suverenliyinin təmin olunması, yaxud separatçıların istəkləri ilə Kişineunun maraqlarının uzlaşdırılmasıdır. Çünki onun prezidentliyinin birinci dönəmində Rusiya Ukraynaya qarşı müharibəyə başlamamışdı. Əksinə, onda Ukrayna da Moldovaya qarşı ərazi iddiası irəli sürürdü. Ancaq müharibə iddia və istəklərin reallıqla uyğun olmadığını üzə çıxardı.

Bundan başqa, Ukraynanın Gürcüstandan sonra hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə cəhdi Moldova üçün əlverişli sayılmayıb. Odur ki, rəsmi Kişineu mübahisəni və ya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır.

Maya Sandunun prezidentliyi dövründə, iki il öncə Moldova parlamenti MDB-nin tərkibindən çıxacağını bəyan edib. Birliklə respublika arasında əsas bağlar, demək olar ki, qırılıb. Bu ilin dekabrında Moldovanın MDB-dən tamamilə üzülüşəcəyi bildirilir.

Respublikanın MDB-dən çıxması prosesi baş versə, onu Maya Sandu və avropayönlülərin uğurlarından saymaq olar.

Moldova hakimiyyətinin əsas hədəfi Avropa İttifaqına və NATO-ya inteqrasiyadır. Ancaq indiyədək bu istiqamətdə işlər sanki dondurulub. Moldova vətəndaşlarının bu quruma üzv ölkələrə vizasız səfəri, gömrük rüsumlarının azaldılması və ya ləğvi kimi məsələlər nəzərə alınmazsa, 30 ilə yaxın müddətdə elə böyük uğur sayılmır.

Avropayönlülərin hakimiyyəti dövründə Moldova Rusiyaya tərəf addım atacağı inandırıcı görünmür. Çünki Moskva Dnestryanı bölgəni çətin qaytara. Sadəcə, tərəflər arasında diplomatik, ticarət əlaqələri bərpa oluna bilər. Bu da respublikanın maraqlarını tam təmin etmir. Belə əməkdaşlıq Rusiyanın müəyyən dövrədək neytrallaşdırılmasına təsir göstərər.

Bundan başqa, Gürcüstanda qərbyönlülərin məğlubiyyətindən sonra Avropa İttifaqı və müttəfiqləri Moldovanı əldə saxlamağa daha çox səy göstərəcək. Çünki Moldovanı itirmək həm də Ukraynaya qarşı yeni bir cəbhənin açılması anlamına gəlir.

Odur ki, M.Sandu və partiyasının başçılıq etdiyi parlament indiki mövqeyini daha da möhkəmləndirməyə, sabitliyi qorumağa çalışacaq.

Digər tərəfdən, moldovanların əsas hədəflərindən biri Rumıniya ilə birləşməkdir. Ölkədə hərəkatın başlıca istəklərindən biri bu olub. Hərəkatçılar moldovan dili və milli mənsubiyyətə qarşı çıxıblar.

Rumıniyanın Baş naziri Marsel Çolaku bu ilin yayında müsahibələrindən birində bildirmişdi ki, Rumıniya və Moldovanın birləşməsi istər Avropa İttifaqı daxilində, istərsə də ondan kənarda baş verə bilər: “Bunun üçün Moldova vətəndaşlarının istəyi lazımdır. Mən birliyi dəstəkləyirəm, buna heç bir qadağam yoxdur. Bu mənim haqqımdır! Mən Moldova Respublikası ilə Rumıniya arasındakı birliyə hələ də inanıram”.

Yeri gəlmişkən, Rumıniya 2007-ci ildən Avropa Birliyinin üzvüdür.

Maya Sandu 2023-cü ilin martında rumın dilini Moldovanın dövlət dili kimi tanıyıb. Başqa sözlə, o, mənsub olduğu etnosun taleyində baş vermiş tarixi ədalətsizliyi aradan qaldırıb. Ötən il o etiraf etdi ki, Rumıniya ilə birləşməyə dəstək var, ancaq bu kifayət deyil.

Odur ki, xanım Sandunun qarşıdan gələn dörd ildə Moldovanın iqtisadi, sosial, siyasi vəziyyəti ilə yanaşı, aşağıdakı istiqamətlərə də diqqət ayıracağı ehtimal edilir:

-Rusiyanın təzyiqlərini neytrallaşdırmaq;

-Avrointeqrasiyanı sürətləndirmək;

-Rumıniya ilə əlaqələri genişləndirmək (tərəflər arasında ittifaq müqaviləsi belə bağlana bilər);

-ərazi bütövlüyünü təmin etmək üçün yeni real yollar axtarmaq;

-Ukraynanın ərazi bütövlüyünü və onun Qərbə inteqrasiyasını dəstəkləmək;

-Qaqauzların milli hüquqlarının təmini istiqamətdə problemlərə diqqət etmək;

-Türkiyə ilə əməkdaşlığı artırmaq;

-Rumıniya və Moldovanın birləşməsinə dair yeni addımlar atmaq və s.

Maya Sandunun yenidən prezident seçilməsi qərbyönlü seçicilərin uğuru olmaqla yanaşı, onların daha fəal olduğunu göstərir. Cəmiyyət Avropa İttifaqı dəyərlərinə hələ üstünlük verir. Moldova 2022-ci ilin iyununda quruma namizəd üzv statusu alıb. Həmin ilin dekabrında Brüssel bu ölkə ilə ittifaqa daxil olmaq üçün danışıqlara başlamaq qərarına gəlib. Maya Sandu təklif edib ki, Kişineu Dnestryanı bölgəyə nəzarət etməsə də, 2030-cu ilə qədər Moldova ilə birlikdə Aİ-yə üzv ola biləcək. Bu baxımdan, növbəti dörd ildə onun ərazi bütövlüyünü təmin etmək üçün bu strategiyaya üstünlük verəcəyi istisna olunmur.

Beləliklə, Gürcüstanda uduzan Qərb, Moldovada qalib gəlir. Maya Sandunun qələbəsi bu ölkənin yolunun dəyişmədiyini göstərir. Kişineu özünə “qiblə” olaraq yenə də Moskvanı deyil, Brüsseli seçib.(Report)

Oxunub: 67
Oxşar xəbərlər
SON XƏBƏRLƏR