Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ətraf ərazilərə tullantı atanlara çağırış edib.
Nazirlik rəsmisi bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib.
“Hər həftə sonu “Təmiz ölkəm” çağırışı ilə keçirdiyimiz təmizlik aksiyaları ilə sıralarımız genişlənir, bizi dəstəkləyənlər çoxalır. Birmənalı olaraq hamımız çox istəyirik ki, əhatəmizdə olan mühit tullantılarla çirkləndirilməsin, getdiyimiz yerləri təmiz görək. Təəssüf ki, bəzən istirahət etdiyimiz yerlərdə məyusedici mənzərələrlə qarşılaşırıq, hətta bir müddət əvvəl aksiyalar zamanı təmizlənmiş ərazilərdə yenidən tullantılarla rastlaşırıq. Tullantıların ətrafa atılmaması üçün dəfələrlə müxtəlif məzmunlu çağırışlarla vətəndaşlara müraciət etsək də, təsiredici məzmuna malik lövhələrin qoyulmasına da ehtiyac yarandığı qənaətindəyik. Fikirləşirik ki, bəlkə təmizlik aksiyasından sonra təmizlənmiş yerlərə çağırış motivli lövhələr yerləşdirək. Məsələn, “Biz təmizlədik, ayaq basdığın yeri sən də təmiz saxla!” məzmununda.
Niyyətimiz müxtəlif təsir vasitələrindən də istifadə etməklə ölkəmizdə ərazilərin təmizliyinə hər kəsin məsul olması öhdəliyini çatdırmaq, laqeydlərə düşünmək üçün fürsət verməkdir. Hər birimiz bu barədə düşünək bəlkə?”, - paylaşımda qeyd olunub.
Oxunub: 86