Fransanın xarici siyasətdəki uğursuzluqları səngimək bilmir. Getdikcə daha çox bölgə onun nüfuz dairəsindən çıxır və özünə yeni hami seçirlər. Prezident Emmanuel Makronun səriştəsiz xarici siyasət kursu ölkənin nüfuzuna, reytinqinə ciddi zərbə vurur. Nəticə də göz önündədir. Məsələn, Yeni Kaledoniyada gərginliklər fonunda hakimiyyət nə qədər sərt addımlar atsa da, bu, əks effekt verir.
Digər mühüm məsələ ondan ibarətdir ki, Afrikada keçmiş müstəmləkələrindən qovulan Fransanın yerini yeni dövlətlər tutur. Bu fonda xüsusilə Rusiya mövqeyini gücləndirir. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Rusiyanın müdafiə naziri Yunus-Bek Yevkurov Nigerin hərbi lideri Əbdülrəhman Çiani ilə görüşüb. Açıq şəkildə bildirilir ki, Moskvanın hədəfi Nigerin uran yataqlarını ələ keçirmək və Fransanı bu vacib xammaldan məhrum etməkdir. Yevkurovla eyni vaxtda xarici işlər naziri Sergey Lavrov da Afrika ölkələrinə səfərə çıxıb. Rəsmən açıqlanmasa da, hədəfdə yeni hərbi bazaların yaradılması və uran məsələsidir.
Nigerdəki hakim Milli Şuranın yaydığı xəbərə görə, Çiani və Yevkurovun görüşündə təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi qərara alınıb. Ən əsası, Moskva və Niamey uran yataqlarının təkrar satışı ilə bağlı razılığa gəlirlər. Yayılan məlumatlara görə, Rusiya Nigerdəki fransız şirkətlərinə məxsus uran aktivlərini ələ keçirməyə çalışır. Bu da tək Fransa üçün deyil, bütövlükdə Qərbin bu qitədəki maraqlarına qarşı ciddi zərbə kimi qiymətləndirilir.
Rusiyanın “Rosatom” şirkəti, həmçinin biri fəaliyyətdə olan üç uran mədəninin sahibi Fransanın Orano SA şirkətinə məxsus aktivlərin alınması ilə bağlı Niger hərbi hakimiyyət orqanları ilə əlaqə saxlayır. Maraqlıdır ki, Rusiya dövlət korporasiyası Parisin nəzarətində olan mədənlərin alınması ilə bağlı xəbərləri təkzib etməyə çalışıb, bunu “beynəlxalq uran bazarında sabitliyi pozmaq cəhdi” adlandırıb. Məlumat üçün bildirək ki, Fransa nüvə stansiyalarının istismarı üçün lazım olan uranın 15 faizini Nigerdən alır. Beşinci Respublikada elektrik enerjisi istehsalının 65 faizini onların payına düşür.
Uranın qiymətləri son 17 ilin ən yüksək səviyyəsinə qalxıb, çünki son hərbi çevriliş Nigerdən ixracı dayandırıb. Belə bir vəziyyətdə də Moskva Niger uranına çıxış əldə etməklə yanaşı, Avropaya təsir edə bilər. Rusiya və Niger arasında qarşılıqlı əlaqə potensial olaraq Fransaya və daha geniş mənada Avropa İttifaqına uran tədarükünün dayandırılmasına səbəb ola bilər və belə bir amil “Moskva üçün yeni xammal, enerji dayağı” ola bilər. Digər bir məsələ ondan ibarətdir ki, Afrikadan uran ixracında təkcə Fransa iştirak etmir - Çin, Hindistan və Səudiyyə Ərəbistanı kimi ciddi oyunçular da var. Uran təkcə Nigerdə deyil, fransızların təmasda olduğu qitənin digər ölkələrində də mövcuddur. Bütün xammal mənbələrini kəsmək üçün Rusiya bir anda bir çox Afrika ölkələrində öz təsirini kütləvi şəkildə artırmalı olacaq. Bunun üçün çox böyük investisiyalar və dövlətin siyasi iştirakı lazımdır. Məsələn, Lavrovun hazırkı turu belə bir strategiyaya nümunə kimi götürülə bilər, lakin nəticə əldə etmək üçün uzun illər davamlı iş lazımdır. Hesab edilir ki, Lavrovun Qvineyaya səfərinin məqsədi boksit emalı və ya zənginləşdirilməsi üzrə birgə müəssisələrin yaradılmasıdır.
Boksit (alüminium filizi) Qvineyanın əsas əmtəə ixracı və strateji əhəmiyyətli materialdır, çünki alüminium aviasiya və raket sənayesində geniş istifadə olunur. Lavrovun növbəti turu hələ 2019-cu ildə ilk Rusiya-Afrika sammitində başlayan və keçən il Sankt-Peterburqda keçirilən analoji sammitdə birləşdirilən səylərin davamıdır. İndiki səfər çərçivəsində müəyyən müqavilələr də bağlanıb.
Yeri gəlmişkən, Yunus-Bek Yevkurov və Sergey Lavrovun Mərkəzi Afrikada görünməsi Qərb mətbuatına Kremlin qitədə hərbi təsirinin genişlənməsindən danışmağa yeni təkan verib. Le Monde Rusiyanın regionda hərbi mövcudluğunun arxasında duran amilləri sadalayır. “Keçən il Qərbi Afrikada Burkina-Faso hökuməti fransız qoşunlarını sıxışdırıb çıxardı və təhlükəsizlik dəstəyi üçün Rusiya Federasiyasına müraciət etdi. Və rus hərbi təlimatçıları yerli hakimiyyət orqanlarının oradakı Amerika qoşunlarına ölkəni tərk etmələrini əmr etdikdən bir neçə həftə sonra Nigerə gəliblər”, - materialda deyilir.
Qeyd edək ki, ABŞ qoşunları sentyabrın 15-dək ölkəni tərk etməlidir. Pentaqon minə yaxın əməkdaşını Niameydəki bazada saxlayırdı.
Beləliklə, Yelisey sarayı xarici siyasətində çox ciddi geosiyasi uğursuzluqları və yanlışlıqlarını davam etdirir. Sakit okeanda dənizaşırı vilayətlərdə, Afrikadakı bir sıra ölkələrini, ən əsası, Nigeri də geosiyasi təsir dairəsində saxlaya bilməyən Makron hökuməti uğursuzluqlar nəticəsində ölkəsini rəzalətə sürükləyir.
Afrika uğrunda "yarış", "amansız rəqabət" isə davam edir. Hansı supergücün daha üstün mövqelər qazanacağını isə zaman göstərəcək. Proseslərin gedişi onu deməyə əsas verir ki, Fransa hakimiyyətini qarşıda ciddi problemlər gözləyir. Rəsmi Paris riyakar və ikili siyasətindən əl çəkməsə, Afrikadan sonra digər bölgələrdən də onu qovacaqlar.
Oxunub: 92