dini radikalizm və ekstremizmlə mübarizə

Vətən sevgisini həyat amalına çevirən Seyid hacı Ağakərim Əzimov


Vətən sevgisi bəzən sözlə ifadə olunur, bəzən isə insanın bütün ömrünün mənasına çevrilir. Elə insanlar var ki, Vətənə bağlılığını yalnız söylədikləri ilə deyil, keçdikləri həyat yolu, göstərdikləri fədakarlıq və ehtiyacı olan insanların yanında dayanmaqla sübut edirlər. Hacı Seyid Ağakərim Əzimov Mirəzim oğlu da belə insanlardandır.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin ağır illərində könüllü olaraq silaha sarılan Ağakərim Əzimov Vətənin müdafiəsinə qalxan oğullar sırasında yer alıb. Birinci Qarabağ müharibəsində döyüşərək torpaqlarımızın müdafiəsində iştirak edib, 20 Yanvar hadisələrinin ağrısını öz taleyində daşıyan 2-ci qrup Qarabağ əlilidir. Onun həyat yolu Vətən qarşısında borcun yalnız sözlə deyil, əməl və fədakarlıqla ödənildiyinin nümunəsidir.
Lakin Ağakərim Əzimov üçün Vətənə xidmət təkcə səngərlə bitməyib. Müharibədən sonra da onun ürəyi Vətən dərdi ilə döyünüb. İkinci Qarabağ müharibəsi zamanı o, xeyriyyəçilik missiyasını şərəflə yerinə yetirib, qaynar nöqtələrdə döyüşən igid Azərbaycan oğullarına mənəvi və maddi dəstəyini əsirgəməyib. Döyüşçünün ruhunu anlayan insan kimi onların yanında olmağı özünə mənəvi borc bilib.
Şəhid ailələri, qazilər və onların övladları da onun diqqətindən kənarda qalmayıb. Ağakərim Əzimov üçün şəhid ailəsinin qapısını döymək həm də Vətən yolunda canından keçən insanlara və onların əzizlərinə ehtiramın ifadəsidir. Bəlkə də bunun ən böyük səbəblərindən biri onun özünün də yaxın doğmalarında şəhid övladların olmasıdır. Şəhid ailəsinin yaşadığı ağrını kənardan müşahidə edən deyil, onu öz həyatında hiss edən insan kimi bu ailələrin sevincinə də, kədərinə də şərik olub.
Onun xidmətləri müxtəlif təltif və mükafatlarla da qiymətləndirilib. “Fədai” medalı, “Vətən naminə” medalı, Azərbaycan Ordusunun 100 illiyi medalı, “Böyük Zəfər” ordeni və vətənpərvərlik işində xidmətlərinə görə aldığı təltiflər Ağakərim Əzimovun Vətən qarşısında gördüyü işlərə verilən dəyərin ifadəsidir. Amma onun üçün ən böyük mükafat yəqin ki, Vətən uğrunda döyüşmüş insanların hörməti, şəhid ailələrinin duası və ehtiyacı olan bir insanın üzündə yaratdığı təbəssümdür.
Çünki əsl vətənpərvərlik yalnız müharibə meydanında silah götürməkdən ibarət deyil. Vətənpərvərlik həm də şəhidin əmanətinə sahib çıxmaq, qazinin əlindən tutmaq, əsgərə dayaq olmaq, ehtiyacı olan ailənin yanında dayanmaq, milli dəyərləri qorumaq və Vətən qarşısında məsuliyyət hissini yaşatmaqdır. Ağakərim Əzimovun həyatında bu anlayışların hər birinə rast gəlmək mümkündür.
Onun keçdiyi yol bir insanın taleyindən daha böyük məna daşıyır. Bu yol Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ağrılarını yaşamış bir nəslin, torpaq itkisini görmüş, şəhidlərin acısını çəkmiş, qazilərin fədakarlığına şahid olmuş insanların yoludur. O yol həm də Zəfərdən sonra Vətən qarşısında məsuliyyətin davam etdiyini xatırladır.
Hacı Seyid Ağakərim Əzimovun həyat fəlsəfəsində Vətən sevgisi, insanlıq və xeyirxahlıq bir-birindən ayrılmır. O, Vətən üçün döyüşüb, bu mübarizənin ağrılarını öz canında yaşayıb, lakin bütün bunlara baxmayaraq, illər sonra da Vətən övladlarının yanında dayanmaqdan yorulmayıb.
Belə insanların ömür yolu yaddaşlarda yaşadılmalıdır. Çünki tarix yalnız böyük hadisələri deyil, həmin hadisələrin arxasında dayanan insanları da yaşadır. Ağakərim Əzimovun həyat yolu isə bir həqiqəti xatırladır: Vətənə sədaqət bir günün, bir döyüşün deyil, bütün ömrün məsuliyyətidir.

Samin Tağıyev

Oxunub: 113
Oxşar xəbərlər
SON XƏBƏRLƏR