Zivər Xanlarovanın müəllifi olduğu bu kitab insan haqqlarına əsaslanan yerli və beynəlxalq qanunların tələbi olan inklüzivliyin təkcə təhsil sahəsində deyil, cəmiyyətin bütün sahələrini əhatə etməsindən bəhs edir.
Tədbirdə müəllif Qədim Qala Nəşriyyatı tərəfindən çap edilmiş kitabın ərsəyə gəlməsindən, mahiyyətindən danışdıqdan sonra iştirak edən qonaqlara söz verildi. Kitaba rəy verərək ön söz yazmış Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Gülşən Eminova çıxışında qeyd etdi ki, "Zivər xanım inklüziv təhsilin əhəmiyyətini, məqsədini illərdir ki, öz pedaqoji fəaliyyətində tətbiq edir, qələmə aldığı kitab əvvəlindən sonuna kimi hər birimizi mənsub olduğumuz cəmiyyətin inkişafına doğru irəliləmək üçün əlimizdən gələni etməyə təşviq edir. Milli-mənəvi dəyərlərimiz ilə inklüziv dəyərlərin uyğunluğunu elmi-nəzəri əsaslarla göstərir, klassiklərin, mütəfəkkirlərin yaşam tərzindən, fikirlərindən nümunələr gətirməklə, onlara əsaslanaraq inklüzivliyin daha düzgün tətbiq ediləcəyini həssaslıqla çatdırır".
Bundan sonra Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev də inklüzivliyin təhsil qanunlarının tələbi olaraq tətbiqinin mühümlüyünü və bu kitabın da bu yolda böyük töhfə olacağını bildirdi. Psixoloq yazıçı İlqar Kamil çıxışında müəllifin ilk qələmə aldığı "Uşaqlara nəyi necə öyrətməli?" kitabını oxuduğunu o kitabın da cəmiyyət üçün böyük əhəmiyyətini qeyd etdi. Daha sonra isə digər qonaqlar təhsil eksperti İlhamə Axundova, Qədim Qala Nəşriyyatından Elnarə Əli, inklüziv təhsil mütəxəssisi Nailə Həsənzadə çıxış etdilər və görüş imza saatı ilə yekunlaşdı.
Oxunub: 259