dini radikalizm və ekstremizmlə mübarizə

Gerçəkləşən arzuların gecəsi


(Respublikanın xalq artisti Naibə Allahverdiyevanın yubileyinə həsr olunur)
Nəhayət ki, çoxdan gözlədiyimiz o an baş tutdu. Və biz yenidən səhnənin ecazkar qüvvəsinə təslim olaraq düşüncələrimizə yelkən açdıq. Bu dəfə qəhrəmanımız Respublikanın xalq artisti Naibə Allahverdiyeva oldu.
Belə ki, Gənc Tamaşaçılar Teatrında onun yubileyinə həsr olunmuş "Gerçəkləşməyən arzular" adlı bir hissəli benefisdə bütün arzular gercəkləşdi. Aktrisa obrazdan obraza girərək tamaşaçını öz arxasınca apardı. Baxın, illlərdir ki, onun yaradıcılığını izləyirəm və hər dəfə də bir qənaətə gəlirəm ki, aktrisanın çox çalarlı istedadı yetərincə rejissorlar tərəfindən açılmayıb. Onu daha çox nazlı, qəmzəli məşuqə, sevgili ampluasında istifadə edən rejissorlar aktrisanın epik-dramatik rolların da öhdəsindən eyni dərəcədə deyil daha ötə gələcəyindən əmin olmalı idilər. Elə ilk baxışdan onun temperamenti, xarizması və əlbəttə ki, bir xanım olaraq cazibəsi buna sübutdur. Əlbəttə bu səpgidə də rollar mövcuddur. Amma daha çox da ola bilərdi, çünki yaş ötdükcə arzular da əlçatmaz olur.
Benefis tamaşa Respublikanın əməkdar artisti Nicat Kazımovun quruluşunda təqdim olundu. Yetərincə maraqlı tamaşalara imza atan rejissor, bu dəfə də tamaşaçını sevindirdi. Aktrisanın yaşadığı illər ərzində arzularını, xəyallarını gercəkləşdirərək bir tamaşaya sığdırdı. Nicat Kazımov zamanın nəbzini məharətlə tutmağı bacaran rejissordu ki, bu dəfə də fikrimizi təsdiqlədi. Onun səhnə işlərində sanki bir işıq var... Həyata, gələcəyə, insanlara yönələn bir işıq və o çox asanlıqla biz tamaşaçıları bu işığa doğru aparır.
Benefis tamaşa əslində aktrisanın şəxsən özünə verdiyi bir hesabat idi. Bir birindən fərqli obrazları bir neçə dəqiqə ərzində canlandırmaq və tamaşaçını o auraya kökləmək o qədər də asan deyildi. Lakin Naibə xanım öz istedadı, təcrübəsi ilə bunun öhdəsindən gəldi.
Hər səhnə lakonikliyi, məhz benefis rakursuna uyğunluğu ilə yadda qaldı.Tamaşaçı yorulmadı, əksinə zövq aldı. Təqdim olunan əsrarəngiz rəqs nömrələri isə əsas ideyanı tamamladı.
Naiba Allahverdiyevanın səhnədə xüsusi xarizması, şirinliyi və qadın cazibəsi bu dəfə də öz sözünü dedi. Ayrı ayrı səhnələrdə çıxış edən partnyorları isə onu obrazları ilə dəstəklədi.
Və daha bir məqam: onun obrazlarından ibarət təqdim olunan video çarx tamaşaçını xüsusilə təsirləndirdi. Və məncə "Kod Adı V.X.A" dakı qadın səmimiliyi bizi tamaşada olduğu kimi hətta kövrəltdi də...
Gənclik illərindən sevilən Tomka isə bizi o illərə apardı.
Daha bir maraqlı Obraz "Leyli Məcnun"da kı Ana məncə möhtəşəm idi.

Naibə Allahverdiyeva bir birindən maraqlı klassik obrazları təqdim edərkən düşündüm ki, bütün bunlar vaxtında da ola bilərdi... Amma gec də olsa arzular gerçəkləşdi. Mən son zamanlar aktrisanın obrazlarını izləmişəm və hər dəfə də böyük zövq almışam. Və ən son "Kod adı V.x.a" tamaşasındakı rolu həqiqətən sevildi. Düşünürəm ki, aktrisanın açılmamış dramatik yönləri var ki, tamaşaçının böyük marağına səbəb olur.
Baxın bütün istedadlı və məhşur sənət adamlarının həyat bioqrafiyasına nəzər salsaq, heç də ürəkaçan mənzərələr yaranmır və elə bu keşməkeşlərdən keçib bərkiyən insanların sənəti qüdrətli olur.
Onun da həyatında çox şeylər var... Uşaqlıq travmaları, teatra gedən yolun başlağıcındakı maneələr, sevdiyi obrazların gerçəkləşməməsi və s..
Amma bütün bunlara rəğmən həyat davam edir və səhnənin işıqları daha gur yanır. O həyata meydan oxumağa davam edir sevgiylə, cəsarətlə, inamla!
Benefis tamaşada aktrisa ilə çiyin çiyinə çalışan partnyorlarını da xüsusi qeyd etmək lazımdır: əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yahyayev, Könül Əbilova, İlhan Sadıqov iştirak edirdilər. Aktyor Araz Pirimov diqqətimi xüsusilə çəkdi. Obrazını tamaşaçıya sevdirməyi bacardı. Digər gənc aktyor Mirsənan Kazımlı teatrın istedad və potensial imkanlar baxımından maraqlı aktyorlarındandır.
Rəqs nömrələri tamaşaya xüsusi rəng qataraq əhvalımıza gözəl təsir etdi. Rəqslərin quruluşu əməkdar art. Nailə Məmmədzadə, səhnə tərtibatı Zəminə Elbir, musiqi Aygül Quliyevaya aiddir. Rejissor asistentləri isə Fuad Cavadzadə, Günay Qasımova dır. Bir sözlə bütün yaradıcı heyət başda rejissor olmaqla alqışlarla təşəkkürümüzü qazandı.
Tamaşanın əsas qəhrəmanı sevimlimiz Naibə xanım Allahverdiyeva isə həmişəki kimi, gözəlliyi, istedadı ilə məhz teatr günündə bizə teatr sevgisi yaşatdı.
Əfsanəvi gecənin əfsanəvi sənətkarı uğurların tükənməsin !

Təranə Feyzullayeva


Oxunub: 196
Oxşar xəbərlər
SON XƏBƏRLƏR