dini radikalizm və ekstremizmlə mübarizə

QHT və media ictimai nəzarəti təmin edə bilirmi?



"Ayrı-ayrı məmurların bu istiqamətdə saymazyanalığı, müəyyən problemləri anlamamasının özü bəzən problem yaradır. Belə ki, süni surətdə vətəndaşın mülki və digər sosial, siyasi hüquqlarının qorunması istiqamətində nöqsanlar, boşluqlar ortaya çıxır. Bu isə qanunvericiliklə bağlı deyil. Konkret olaraq müəyyən vəzifəli şəxslərin davranışı ilə bağlıdır. Bu məsələnin həlli üçün isə zənnimcə, vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir". Bu fikirləri millət vəkili Fazil Mustafa deyib.

Hörmətli deputatın fikirlərində böyük həqiqət var. Təəssüf ki, bəzi məmurlar vətəndaşın problemini anlayıb həll etmək əvəzinə əksinə problem yaradırlar. Gerçəkdən vəzifəli şəxslərin fəaliyyətinə nəzarət mexanizmi gücləndirilməlidir. Bəs, bu, ictimai nəzarəti kim və necə təmin etməlidir?

Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ictimai nəzarətin təmin edilməsi ilə bağlı Vətəndaş Cəmiyyəti İnstitutlarına, mediaya çağrış edib. QHT sektoru, media bu çağrışlara hazırdırmı?

İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Amma bu gün təəssüflə qeyd etməliyik ki, QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır. Müşahidələrə əsasən onu demək olar ki, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli olması üçün QHT iqtisadiyyatı formalaşmalıdır. Azərbaycanda QHT sahəsində ciddi problemlər hələki həllini tapmayıb. Ən ciddi məsələ odur ki, maliyyə problemi Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bir çox hallarda vəsait çatışmazlığına görə, mütəxəssislər bu sahədən uzaqlaşmağa məcbur olurlar.

Dünyada gedən proseslərə QHT-lərimizin fəaliyyəti niyə adekvat deyil sualına cavab vermək çətindir. QHT iqtisadiyyatının yaranması bu sahədə çalışanların varlanmasına deyil, ümumilkdə QHT sisteminin inkişafına xidmət edəcək vasitədir. Digər tərəfdən QHT sistemi zəngin olarsa, maliyyə çevrəsi genişlənərsə ictimai nəzarətin təşkilinə, şəffaflığın təmin edilməsinə daha ciddi təsir edə bilər.

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən, heç bir xeyiriyyə aksiyalarına qoşulmayan özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır.

Onu da unutmaq olmaz ki, bu gün maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək dövlətimiz üçün, cəmiyyət üçün effektli olar.
Media ilə bağlı məsələlərə toxunmuram, Bu barədə kifayət qədər yazılıb, danışılıb.

Əkrəm Bəydəmirli

Oxunub: 119
Oxşar xəbərlər
SON XƏBƏRLƏR