dini radikalizm və ekstremizmlə mübarizə

Londonda Azərbaycana qarşı növbəti erməni TƏXRİBATI


Londonda Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda 5 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi.

Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə, Lordlar Palatasının üzvləri Lord Evans, Lord Əhməd, Lord Kilkluni, Lord Sarfraz və Baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə ünvanlanıb.

Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd olduğu vurğulanıb.

Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız oluğu, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın Britaniyadakı səfirinin öz ölkəsinin Baş naziri Nikol Paşinyanın siyasətinin əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi vurğulanıb.

Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il Queen Mary Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib. “Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbəsidir”, - deyə Fəridə Pənahova vurğulayıb.

Oxunub: 130
Oxşar xəbərlər
SON XƏBƏRLƏR