Bakı bazarlarında pomidorun qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir. Hazırki qiymətlər keçən illə müqayisədə təxminən 2-3 dəfə aşağıdır. Pomidorun kiloqramı təxminən 1- 3,50 manata təklif edilir. Bəzi satıcılar deyirlər ki, keçən ilin yanvar ayında 4-5 manatdan aşağı pomidor satılmırdı.
Bəs, qış mövsümündə məhsulun kəskin ucuzlaşması nə ilə bağlı ola bilər?
Modern.az-ın məlumatına görə, aqrar sahə üzrə ekspert Mircavid Həsənov "Sputnik"ə deyib ki, bu, Yeni il bayramından sonra ticarətin zəifləməsi ilə bağlıdır:
"Bayramdan sonra tələb azaldığına görə Azərbaycandan Rusiyaya pomidor ixracı aşağı düşüb. Başqa sözlə, ixrac üçün nəzərdə tutulan pomidorlar daxili bazarlara yönəldilib və ona görə də hazırda daxili bazarımızda pomidorun qiyməti aşağı düşüb. Lakin bu ucuzlaşma müvəqqəti haldır və qiymət yenidən qalxacaq. Açıq sahələrdə pomidorlar çıxandan sonra qiymətlər yenidən düşəcək".
O əlavə edib ki, Azərbaycan pomidoru Rusiya bazarında brenddir və daha çox satılır. Biz pomidoru əsasən Rusiyaya ixrac edirik.
Pomidor ixracımız azalıb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin 11 ayında Azərbaycandan 140,4 milyon dollar dəyərində 124,3 min ton pomidor ixrac edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 2,4 faiz, dəyər baxımından 6,8 faiz azdır.
3245 vahid istixana fəaliyyət göstərib
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3245 vahid istixana fəaliyyət göstərib. Yanvar-sentyabr aylarında yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 229,2 min ton olub.
Onu da xatırladaq ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, 2022-ci ildə Azərbaycanda pomidor istehsalı 2021-ci ilə nisbətən 2,4 faiz artaraq 826,5 min ton olub. 2022-ci ildə Azərbaycandan pomidor ixracının 97,3 faizi Rusiya bazarının payına düşüb.
Oxunub: 272