Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sıra rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağı proqnozlaşdırılır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
“Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”.
Oxunub: 130