dini radikalizm və ekstremizmlə mübarizə

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş bitdi - VİDEO (YENİLƏNİB)

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş bitdi - VİDEO (YENİLƏNİB)


Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Qanışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

***

11:34

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

***

10:17

Qarabağın erməni sakinlərinin nümayəndələri sentyabrın 21-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi ilə görüşmək üçün Yevlax şəhərinə gəliblər.

Hazırda görüş üçün son hazırlıqlar görülür.

Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

***

10:17

Qarabağın Azərbaycanlı icmasının nümayəndələri sentyabrın 21-də Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax şəhərinə hərəkət edirlər.

Qarabağın erməni icmasının nümayəndələri hazırda Ağdam rayonu ərazisindən keçərək Yevlax şəhərinə doğru gedirlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Oxunub: 127
Oxşar xəbərlər
SON XƏBƏRLƏR