dini radikalizm və ekstremizmlə mübarizə

BİR DOSTUM VAR...


(Həmyerlim İlham Qasımovun 65-ci baharına)

Hər gün olmasa da hər ay, hər il yeni-yeni insanlarla tanış oluruq. Günlər, aylar keçir. Zaman dəyişir. Ayrılırsan. Heç özün də bilmədən unudursan, yadlaşırsan, bəzən adını belə yaddan çıxarırsan. Lakin elə insanlar da var ki, iş yerlərini dəyişsən də, başqa-başqa yerlərdə yaşasan da, onları unuda bilmirsən. Zaman-zaman xatırlayırsan, gözün önünə gətirirsən. Xəyalən danışırsan, dərdləşirsən. Yaxşı ki, həyatda, cəmiyyətdə belə insanlar var. Yoxsa həyatın mənası olmazdı. Həyat cılızlaşardı. Həyatı, cəmiyyəti, bəşəriyyəti yaşadan belə insanlardır...
Mənim də belə nadir, möhtərəm, qeyrətli, namuslu, insanlığa nümunə olan bir dostum var. Adı İlham, soyadı isə Qasımovdur. Rəhmətlik atamın yaxın dostu rəhmətlik Ənivər əminin tək oğlu, iki bacının bir qaraşıdır. Böyük Yaradanımız belə insanları təkcə öz ailəsi, rayonu, şəhəri, yaşadığı ərazi üçün deyil, bütün ölkə üçün yaradır, həyat verir, zəka, istedad, qabiliyyət verir. Sonra da xalqın səadəti üçün çalışmaqdan ötrü ömür verir. Qeyd etdiyim kimi, belə insanlardan biri də hələ sağlığında ikən, ömrünün 65-ci baharını yola saldığı bu dövrdə belə ölməzlik qazanan, insanlığa əsl nümunə olan İlham Qasımovdur.
Biz bir kənddənik. Adına Basqal deyirlər. Azərbaycanın qədim və səfalı bir bölgəsidir. İlham kimi oğulları böyüdüb 65-ə gətirən bir guşə. Dostluğumuzun təxminən 40-45 illik tarixi var. İlham böyük yeznəmiz Kavusun xalası oğludur. Deməli, biz həm də qohumuq. Əvvəllər uzaqdan-uzağa olan münasibətimiz sonradan əsl dostluğa çevrildi. Bir-birimizin xeyir-şərində iştirak edirik. O, illərin sınağından KİŞİ kimi çıxan dostdur!
İlham Qasımov təmənnasız adamdır, elədiklərinin heç vaxt əvəzini istəməz. Yaxşılığını heç kəsdən əsirgəmir. İnsanların əlindən tutub. Onlara çörək verib. Əllərindəki çörəyi almayıb. Böyük Allah ona böyük ürək bağışlayıb. O, ömrü boyu bu ürəyin qanunlarını pozmayıb. Ona — Allahına, insanlara sadiq qalıb...
Çalışdığı sahədən az-çox məlumatım var. Şahidi olmuşam ki, o, neçə-neçə insanın çörəyinin əlindən çıxmaması üçün özünə söz gəlsə belə, əlindən gələni edib. Nə qədər insanı şərdən, xətadan, bəladan qurtarıb. Haqqı tapdalananlar onun yanına qaçıblar. Ondan kömək umublar. Çox sadə olub. Hamı ilə dil tapıb, daha doğrusu, hər kəslə öz dilində danışıb. Mən onun intellektual səviyyəsinə, ziyalılığına, xoş rəftarına, mehribanlığına heyran olmuşam. Rəhmətlik xalamın ömür-gün yoldaşı BDU-nun müəllimi, professor mərhum Şulan Şirəliyev sağlığında hələm-hələm adamı, onun danışığını, hərəkətini bəyənmirdi. Şulan müəllim dəfələrlə şəxsi məsələ ilə ilə bağlı onun yanında olub, kömək istəyib. İlham qardaşımız da onunla ziyalıya xas formada münasibət göstərib, bacardığı köməkliyi, yardımı edib. Odur ki, həmişə Şulan müəllim onu, qohumlarını gördükdə İlhamım xoş əməllərindən danışır, onun yaxşılığını dəfələrlə qeyd edir, hamıya nümunə göstərirdi. Bir sözlə, İlham Şulan müəllimin dilindən düşmürdü...
Çalışdığı sahə avtomobillərə texniki xidmət olub. Burada işə düzələn gənclərə normal iş şəraitinin yaradılması üçün xüsusi qayğı göstərib. Bu da atası rəhmətlik Ənivər əmidən keçmə xüsusiyyətdir.
O, həm də milli ruhlu insandır. Kiçik hisslərdən, duyğulardan uzaq olub. O, böyük arzularla yaşayır. Sədaqətli dost, təmiz insandır. Bütün müsbət keyfiyyətləri özündə cəmləşdirib. Hələ gənc vaxtlarından öz üzərində olduqca çox çalışıb, işləyib. Böyük mütaliə qabiliyyətinə malik bir insandır.
Rəhmətlik atam həmişə deyərdi ki, yaxşı dost, yaxşı insan - məlahətli, zərif musiqiyə bənzər. Yanında olmayanda onun könül oxşayan, ruh açan, qəlbini yaşamağa-yaratmağa səsləyən sədası həmişə qulaqlarında qalar. Sənə həmdərd, həmdəm, həmsirr olar, səni ovudar, darıxmağa qoymaz. Yaxşı dost möhkəm, sal qayaya bənzər. Heç bir təzyiq, zamanın heç bir tufanı onu yerindən tərpədə, sarsıda bilməz. Sən həmişə onun dəyanəti ilə fəxr edərsən. Çətinə, dara düşəndə ondan bir səngər kimi, qüdrətli qala kimi istifadə edərsən. Ona sığınarsan. Ona etibar edərsən. Qorxmazsan, canını belə onun yolunda əsirgəməzsən...
Mən də belə qənaətə gəlmişəm ki, yaxşı dost elə bil nəhəng ağaca bənzər ki, ayağı torpaqda, zirvəsi günəşdə, Göylə yer arasında sənə çətir tutub, hər cür od-alovdan, qar-çovğundan qoruyar. Bu yerdə müdriklərin gözəl bir fikrinə üz tuturam: “Yaxşı dost xəzinəyə bənzər”. Bu xəzinənin bir açarı olmur ki, xəsis ev sahibi kimi həmişə cibində gəzdirəsən. Bu xəzinənin qapıları həqiqi dostların üzünə həmişə taybatay açılır.
Böyük ürəklər, insani ürəklər, həyata, işığa bağlı ürəklər, gülləri, çiçəkləri, ağacları, meşələri, dağları, torpağı sevən ürəklər, təklik, tənhalıq sevməmişlər. Böyük insanlar da, mənim nəzərimdə İlham Qasımov da böyük insandır - belə olmuşlar. Din ayrılığı, dil ayrılığı heç zaman insanlığa — dostluğa mane ola bilməyib. Həmişə gözəllik qalib gəlib, dostluq qalib gəlib, həyat, məhəbbət qalib gəlib. Dostluq və gözəllik! Gözəllik və dostluq! Harada gözəllik varsa, orada mərdlik var, səadət var, xoşbəxtlik var. Harada dostluq varsa, orada xeyir-bərəkət var, məğlubedilməzlik var, həmfikirlilik var, mehribanlıq və birlik var.
İlham Qasımov gündəlik hərəkətlərində, gördüyü xeyirxah işlərdə, insanlara münasibətində bu birliyi, məslək dostluğunu, qardaşlığını həmişə yüksək qiymətləndirib.
O, sözün yaxşı mənasında, çox qəribə insandır və ömrünün 65-ci baharına kimi də buna sadiq qalıb. Dağılan dünyamız, dəyişilən cəmiyyətimiz, insanların dönüklüyü, acgözlüyü, hərisliyi, dünya malına həvəs onu öz yolundan - Allah yolundan döndərə bilməyib. Öz insanlıq amalına xəyanət etməyib. Yaxşı, firavan, xoşbəxt günlərlə bərabər, ağır, məşəqqətli, çətin günləri də olub, o isə yenə də İlham olaraq qalıb. Öz elinə, obasına, camaatına, dostlarına, ən nəhayət, ailəsinə bağlı İlhamdır o.
Ailə demişkən, bir az da övladlarından, nəvələrindən danışaq. Xoşbəxt, nümunəvi bir ailənin başçısıdır. İki bacısı var, Simuzər və Tünzalə xanımlar. Tünzalə xanımla ibtidai sinifdə bir təhsil almışıq. Ömür-gün yoldaşı rəhmətlik Əli dayının qızı İradə xanımdır. Onu bacılarımdan heç vaxt ayırmamışam. Bu cütlüyün ailəsində Şahin, Xaliq və Züleyxa adlı övladlar dünyaya gəlib, böyüyüb, təhsil alıb, oğul-uşaq sahibi olublar. Hazırda İlham qardaşımız babadır, 5 nəvəsi var. Mən bu ailədə həmişə xoş rəftarın, qayğıkeşliyin, mehribanlığın, səmimiyyətin, halallığın şahidi olmuşam. Bu övladlar böyük-kiçiyin yerini bilir, ailə qanunlarına sədaqətlə əməl edirlər. Odur ki, evləri daim ruzi-bərəkətlidir.
Hər bir insan özünə yaxın dost axtarır. Xoşbəxt anlarını paylaşacaq, çətin anlarında ona dəstək olan, həll edə bilmədiyi problemlərdə ona yol göstərən, onu sevən, sədaqətli, onu qoruyan, tək buraxmayan könül dostları axtarır. Həyatda ən xöşbəxt duyğulardan biri də tək olmağını hiss etməməkdir. Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin xoş münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında tapa bilirsən... Önəmlisi, onun kim olduğu, hansı nəsildən, necə geyinməsindən, kimin övladı olmasından asılı deyil, önəmli olan onun sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevinəndə səndən də çox sevinən, sən uğur qazandın o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı tam səmimiyyətlə qarşılıq verməlisən. Qısası, səni içdən anlayan birisi olmalıdır sənin Dostun. Əgər sənə kimsə dost deyirsə, deməli, sən də onu daxilən anlamalısan. Dostluq yaşamağı, gülməyi, sevgiyə layiq olmağı, vəfanı unutmamağı, sadiqliyi bilənlər üçündür! Biz dostlarımızı tər çiçəklər kimi ovcumuzda saxlamalıyıq. İlham Qasımov kimi dostları!
Üzümü İlham Qasımova tutub sən deyirəm. Can dostum, könül sirdaşım bu gün sənin 65-in tamam olsa da, elə bil bu dünyanın neçə əsrlik sakinisən. Sən ləyaqətli, sadə, səmimi, yanar ürəkli bir DOSTsan... Dostun qayğısını öz qayğın bilirsən. Mənim DOSTum kimi sən təmənnasız, etibarlı, gözütox, mərdsən. Böyük və saf qəlbin var, hər kəsi öz dilində, özünün səviyyəsində danışdırmağı bacarırsan.
Bir neçə il əvvəl səhhətində azacıq problem yaranmışdı. Bir az gec eşitmişdik, o səbəbdn də evinə gələndə üzünə baxa bilmirdim. Axı biz səni ilk yoluxanlardan olmalı idik. Bizdən daha çox sən üzrxahlıq edirdin bizə. Bax. Evinizdə olanda sənin böyüklüyünü bird aha kəşf etdim.
Ad günün sənin mayın 28-nə - Müstəqillik Günümüzün qeyd olunduğu dövrə düşür. Bu, təsadüfdü, ya zərurət, bilmirəm. Amma müşahisə etmişəm ki, sən çox müstəqil, sərbəst, azad bir insansan. Hə, onu deyirdim axı. Evə axşamüstü gələndə yeznəmin səninlə dnışdığını mətbəxtdən hiss etdim. Məlum oldu ki, ad gününü ailənlə, yaxın dostlarınla qeyd edirsən. Sənin bu xoş günündə iştirak etməməyimi özümə bağışlamadığım üçün günahımı bu yazı ilə ödəmək istədim. Pisdir, yaxşıdır, bilmirəm. hər halda üzrxahlığımı səmimi qəbul etməyini xahiş edirəm. Xəbərim olsaydı, böyük razılıq hissi ilə sənin bu xoş günündə yanında olar, bu sözləri üzünə deyərdim. Nə isə, görünür, bud a bir qismətdir…

*

Yaxşı dostun varsa, xəzinən vardır demək! İnsan ömrü boyu dost yardımına, onun mənəvi köməyinə ehtiyac duyur. Dahi Nizami "Xosrov və Şirin" poemasında dost yardımını, dostla, yoldaşla həyatın çətinliklərinin asanlaşmasını belə ifadə edir:

Yoldaşdan yoldaşa yetişər kömək,
Heç bir işdə olma yarsız, yoldaşsız.
Dünyada yoldaşsız Allahdır yalnız,
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatar dada yoldaşlar.

Ömrünün 65-ci baharı çox mübarəkdir, mənim sevimli dostum!

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 189
Oxşar xəbərlər
SON XƏBƏRLƏR