(Esse kimi duyğulu və kövrək bir musiqili janr)
...Ruhsal,həm də duyğusaldır.Özünə,zəkasına,təfəkkür tərzinə inandığından insanlara da hədsiz dərəcədə inanandır.
Üzündən təbəssüm əskik olmaz.Əyni-başı çox sadədir.Elə böyüklüyü də bu, sadəliyindədir.Uşaqla uşaq,böyüklə böyük kimidir.Ömrünün təravətli gənclik illərini,nəğməli ürəyinin qutunu,həyat eşqini,onun dağ çayı kimi çağlayan tükənməz enerjisini doğma Zəngilanın gözəlliyinə,abadlaşmasına,daha füsunkar və əsrarəngiz mənzərəsinə hopdurub.Təki Yurdum barmaqla göstərilsin,-deyib...
Dilşad Həsənovadan danışıram.Bu ad,soyad hamıya gün işığı kimi aydın və şəffafdır.Uzun müddət rayonun memarlıq və tikinti kimi ağır və məsuliyyətli şöbəsinə rəhbərlik edibdir.Yapışdığı hər bir işə ürəyinin gücünü qoyub ki,...üz ağardıb,baş ucaldıb.
Onun haqqında nə qədər yazsan,desən yenə də azdır.Amma bir həqiqət var ki,Dilşad Həsənovanın kim olduğunu yeddidən tutmuş yetmiş yeddiyə qədər hamı əlinin içi kimi tanıyır.İşlədiyi uzun müddət ərzində böyük xətir-hörmət qazanıb.Nüfuz sahibi,söz adamı kimi tanınıbdır.
Açığı elə bu ada layiq,ehtirama əziz olan bir adamdır,Dilşad xanım.Mən onu həmişə işıqlı,nikbin baxışlı görmüşəm.Həlim və yumşaq təbiətlidir.
Adamlarla ünsiyyət qurmağı,onları dinləməyi çox yaxşı bacarır.Ədəbli-ərkanlı və alicənabdır.Elə insan xarizmasının birincisi də budur.İnsanlıq! Bu yerdə yadıma Bəxtiyar Vahabzadənin bir beyti düşdü:"Qorxuram dünyaya bir zaman gələ,İnsanlar yaşaya,insanlıq ölə"...Nə yaxşı ki,bu dünya hələ yaxşı insanlardan xali deyildir.Dar gündə adama təsəlli,təskinlik...ürək-dirək verən müdrikiyi nəyə desən dəyərdi! Geniş məlumatlı,eridusiyalı və informasiyalıdır.Söz büdcəsində xırda nominallarla bərabər,ən iri əskinaslı nadir incilər də az deyildir...
Təqaüdə göndərilsədə hələ də enerjili,güclü və qüvvətlidir. Bu gün işləməsə də yenə onun bilik və bacarığından qənaətlə istifadə etmək ancaq...ancaq fayda gətirərdi!.Nədən ki,ürəyindəki təpər, hünər və qanındakı-canındakı qeyrət damarı bundan xəbər verirdi.Bütün bunlara rəğmən...indinin özündə də Dilşad xanım bir neçə ictimai vəzifərin daşıyıcısıdır.Və bundan da qürur duyur,elə öz dilşadı kimi...
Amma uzun müddət səmərəli,işgüzar fəaliyyətinə görə ona hansı fəxri adlar,təltiflər,mükafatlar verilibsə,onu deyə bilmərəm.Yəqin ki,verilsəydi,səsi çıxardı!
Yaxşı olardı ki,azad və abad Zəngilanın bu günkü quruculuq və tikinti işlərində bu nəcib,xeyirxah qadının ideyalarından,nikbin baxışlarından,kreativ fikirlərindən eskiz və layihələrindən yararlanmaq ancaq səmərə verə bilərdi.Kaş ki,belə olaydı! Onu da əlavə etmək yerinə düşərdi ki,Dilşad xanım nəinki tarixi və mədəni irsimizi...həm də Zəngilanın təbiətini-flora,faunasının,toponomiyasının,leykomunun kamil bilicisidir.Mubaliğəsiz deyərdim ki,gözəl etnoqraf və yerli coğrafiyaşünasdır.Təbiətin rənglərini incəliyinə qədər tanıdığı kimi həyatın da rənglərini gözünün ucu ilə seçməyi və fərqləndirməyi bacarır...
Çöhrəsi həmişə gülüş dolu,qəlbi Vətən sevdalı Dilşad Həsənovanın xətrini bu gün də hamı çox istəyir...içi mən qarışıq.
Elə Dilşad adı da könül açan,ürəkləri şad edən,qəlblərin fatehi mənasında,anlamındadır.
...Neçə gündür ki,mən də onun səsini eşitmir,söz-söhbətlərini dinləyə,danışığına qulaq asa bilmirəm.Deyilənə görə nə əl telefonu,nə də ki,ev telefonu işləmir.Səbəbi nədir,bilmirəm.Yəqin ki,bu səs gedib qulağına çatacaq və bizi də intizarda qoymayacaqdır.
Həmişə bizi sevindirən,şənləndirən Dilşad xanımı gəlin... indi də biz şadlandıraq,fərəhləndirək.Bu,bizim mənəvi borcumuzdur!
Ən azından onun adıyla bağlı olan "Dilşadı"rəqsini dinləməklə...könlünə bir qom bənövşədən üstün xoş ətirli-qoxulu,müşk rayihəli nəğmə çələngi göndərək ki,bir az eyni,kefi açılsın və daha da novbahar olsun!..
Həsən ORUCOGLU
Oxunub: 278