(Esse)
Qarışıq fikirlər beynimə heç dinclik vermir. Elə hey döyəcləyir. Könlüm açılsın deyə bir az piyada gəzmək istəyirəm. Küçəyə çıxıram. Yağış yağır. Uşaqlıqdan xoşladığım hava. Əsl romantikadır. Xırda damcılar sifətimə çırpıldıqca ovqatım yaxşılaşır. Beynimə müsbət enerji dolur. Yağış damcıları altında yavaş- yavaş addımlayıram. İnsanlar yanımdan o tərəf- bu tərəfə ötüb keçir. Yollarda maşınlar sürətlə şütüyür, bəzən piyadalara da məhəl qoymurlar. Ətrafa göz gəzdirib yeni tapıntı axtarmağa çalışıram. Qarşıma çıxan ilk maraqlı mənzərə bir nəfərin çoxlu göyərçinləri yemləməsi olur. Ayaq saxlayıb tamaşa edirəm. O adamın sifətindən məmnunluq yağır. Hər dəfə göyərçinlər başlarını əyib yerdən dən götürəndə onun üzünə təbəssüm qonur. Özünü çox rahat hiss edir. Ürək açan mənzərədir. Quşları narahat etməmək üçün bir neçə metr aralıdan keçirəm. İnsanlara da qarşı eyni düşüncədəyəm. Süfrə arxasından bir kimsənin yarımçıq ayağa qalxmasını heç vaxt doğru hesab etməmişəm. Fikirlərimi saf- çürük edirəm. Bu zaman bir nəfər düşüncələrimə "qənim" kəsilir. Gənc bir qız yaşıl otları ayaqlayır. Sonra isə səki ilə addımlamağa başlayır. Başımı yırğalayıb təssüflənməklə kifayətlənirım.. Narazı hissləri özümdən uzaqlaşdırmamış bir qadın da uşağı ilə yaşıllıqları taptaladığının şahidi oluram. Elə təssürat yarandı ki, burada qəbahətli bir iş yoxdur. Bunları gördükdə özüm- özümdən şübhələnməyə başladım. Bəlkə düşüncəmdə mən səhvə yol verirəm, ağlım yerində deyil. Bəlkə qaydalar dəyişib, xəbərim yoxdur. Piyadalar səki ilə getmək üçün mütləq yaşıl otları əzib keçməlidir. Bəs, dərsdə müəllimlər yaşıllıqların xeyrindən danışanda o uşaq nə düşünəcək? Yenə addımlamaqda davam edirəm. Bu dəfə üzləşdiyim səhnədə özümü görməməzliyə vura bilmirəm. Orta yaşlı bir kişi məktəb həyətinə hasardan adlayır. Orta məktəb şağirdi olsa başa düşmək olar. Ha fikirləşdimsə bu hərəkətə bir ad tapa bilmədim. Məktəbin giriş qapsına qədər olan məsafə isə cəmi 10 metr olardı. Görünür, kişi çox iradəli insandır. Özünə söz verib ki, heç vaxt məktəbə qapıdan daxil olmayacaq. Verdiyi vədə də əməl edir. Ya da o adam hələ də anlamır ki, məktəbə qapıdan keçmək lazımdır. Nə deyim? Son rastlaşdığım iki mənzərə məni məyus etdi. Nə edim, diqqətimi elə mənzərələrdən yayındırmağı bacara bilmirəm.İnsanların daha da maariflənməsinin vacibliyini düşünürəm. Başa düşmək lazımdır ki, ağacları, yaşıllıqları məhv etmək olmaz, onlar şəhərimizə gözəllik verir.
Bəlkə də, dostlarım məni qınayacaqlar. Deyəcəklər ki, ay Elxan indi 21- ci əsrdir. Texnologiyanın sürətli inkişaf zamanıdır. İnsanlar kosmosa uçur, yeni ixtiralar, kəşflərə imza atmaq üçün beyinlərini işə salırlar. Sən də başlamısan ki, təmizliyə əməl edək, yaşıllığı qoruyaq, siqaret çəkib yerə atmayaq.
" Buğlamada" kı Qılman doktorun sözü yadıma düşür: " Nə bilim, vallah"....
Elxan Çıraxlı
Oxunub: 478