dini radikalizm və ekstremizmlə mübarizə

İdris Babayevin söz inciləri


SƏNİ BAŞQA CÜR SEVƏRDİM

Mən aşikar, Sən gizlində,
Dastan yazdıq sevgi adda.
Hayıf hər şey unuduldu,
Bir son görüş qaldı yadda.

Bilsəydim ömrün qısadır,
Səni başqa cür sevərdim.
Bax o qəza baş verən gün,
Yola çıxma.. mən deyərdim.

Nə yaxşı görmədim, gülüm,
Səndən sevməyin saxtasın.
Nə olsun sınıq qəlbimə,
Bükdün ayrılıq şaxtasın.

Çıxma dedim küçəyə də,
Yad görməsin gözün deyə.
Qısqanırdım çiçəyə də ,
Kişi gərək düzün deyə.

Qoy eşitsin, bilsin aləm,
Oğullar var papaq altda.
Mən səni dəfn etməmişəm,
Gizlətmişəm torpaq altda.

KÖNUL VERDİM SÖZƏ.

Sevmədim ürəkdən sevməyən kəsi,
Könül verdim sözə, sevdim kəlməni.
Bəzədim dünyanı göyqurşağıtək,
Sözdən naxış çəkdim, vurdum ilməni.

Getməz o dünyaya bizimlə heç nə,
Sərvət də, torpaq da, su da qalacaq.
Allaha and olsun, illər keçəcək,
Məni hərə bir cür yada salacaq.

Nə qədər axmaqmış- deyəcək bir gün,
Mənim yazdığımı oxuyan "axmaq".
Dəftərim aqilin əlinə düşsə,
Deyəcək qədrini bilmədik nahaq.

DANIŞ

Papaqla, şalvarla tanınmaz kişi,
Namusu, qeyrəti olannan danış.
Axtar kim olubdur onun keçmişi,
Babası tarıxdə qalannan danış.
....
Umma yaxşı əməl, haram yeyənnən,
Gözləmə ədalət yetim döyənnən,
Dostunun səhvini üzə deyənnən,
Dar gündə yanında olannan danış.
.....
Göstərmə sən mənə sərvəti çoxu,
Satıbdı vicdanın, puldu var- yoxu.
Aclığın bildirməz görəndə toxu
Düşməni at üstdən salannan danış.
.....
Kişi mərdliyiylə seçilsin gərək,
Kişilik boyuna biçilsin gərək.
Ata qarşısında kiçilsin gərək,
Atadan nəsihət alannan danış.
....
İdris, açıq gözlə sən bax həyata,
Kasıba qardaş ol, yetimə ata.
Qoyma bu namərdlər Vətəni sata,
Yurdçün hər gün qılınc çalannan danış.

SAĞDIĞIN HANI?

Nəfsin iti, gözün kordur.
Ayıl, dərk et bu dünyanı.
Qamarladın hər nə gəldi,
Söylə bəs yığdığın hanı?

Yunu qırxdın yumurtadan,
Ömrü böldün tən ortadan,
,,Şam"ı əmdin günortadan,
Söylə bəs sağdığın hanı?

Həyatın döndü drama,
Qanıq oldun hey harama.
Ömür bitdi , ay zırrama,
Söylə bəs "sandığın " hanı?

QIFILBƏND.

BACARIRSAN DE GƏLSİN
(Canlı deyişmə)

Qulamhüseyin Şabrani.

....
Nə kitabdır açmaq olmur varağın,
Necə zülfdür tapmaq olmur darağın,
O,kimdir ki,hər an olmaz qonağın,
Bilirsənsə cavabını de gəlsin.
...................
İdris Yardımlı
........
Ömür bir kitabdır, açmaz varağın.
Şəlalədir tapmaq olmaz darağın.
Əzrayıldır hər gün olmaz qonağın.
Varsa sual davamını de gəlsin.
.....
Qulamhüseyin Şabrani
....

O,nədir ki,gecə gəzər hər yanı,
O,nədir ki,çəkilməyir dumanı,
O,nədir ki,vardır canı,yox qanı,
Bilirsənsə cavabını de gəlsin.
......
İdris Yardımlı
...................
O, yuxudu gecə gəzir hər yanı.
Savalandır çəkilməyir dumanı.
Qarışqadır qanı yoxdur, var canı.
Varsa sual davamını de gəlsin.
......
Qulamhüseyin Şabrani
......

O,nədir ki,başı dağ tək ucadır,
O,nədir ki,doğulmamış qocadır,
O,kimdir ki,oxumamış xocadır,
Bilirsənsə cavabını de gəlsin.
...................
İdris Yardımlı
......
Buludların başı dağtək ucadır.
O dünyadır doğulmamış qocadır.
Peyğəmbərdir oxumamış xocadır.
Varsa sual davamını de gəlsin.
...
Qulamhüseyin Şabrani
......
O,nədir ki,doğur əlsiz,ayaqsız,
O,nədir ki,nur yayıbdır çıraqsız,
O,kimdir ki,ömrü boyu qonaqsız,
Bilirsənsə cavabını de gəlsin.
......
İdris Yardımlı
.....
Qurbağadır doğur əlsiz ayaqsız.
O Günəşdir nur yayıbdır çırağsız.
Yaradandır ömrü boyu qonağsız.
Varsa sual davamını de gəlsin.
...................
Qulamhüseyin Şabrani.
....
Bir atadır, on ikidir balası,
Dərdləri böyükdür yoxdur çarası,
Nə kitabdır yoxdur cızma qarası,
Bilirsənsə cavabını de gəlsin.
......
İdris Babayev.
.....................
Tək bir ildir, on iki ay balası.
Dərdlərinin tapılmayır çarası.
Alın yazım yoxdu cızma qarası.
Varsa sual davamını de gəlsin.
.....
Qulamhüseyin Şabrani
....
Bir saraydır içində beş otağı,
Hər otaqda üç dənədir yatağı,
Bu sarayın söylə neçə dayağı,
Bilirsənsə cavabını de gəlsin.
...
İdris Yardımlı.
....................
Saray əldir içində beş barmağı.
Hər barmağın üç bəndi, üç oynağı.
Bu sarayın bircə qoldur dayağı.
Varsa sual davamını de gəlsin.
....
Qulamhüseyin Şabrani

Nukərini salan dərdə,məlalə,
Təhrik edən mala,mülkə cəlalə,
O,nədir ki,salıb min cür xəyalə,
Bilirsənsə cavabını de gəlsin.
....
İdris Yardımlı.
.....
İdrisəm düşmüşəm dərdə məlala.
O, nəfsimdir təhrik edər cəlala.
O, şəhvətdir salar min cür xəyala.
Hacı, varsa davamını de gəlsin.

Oxunub: 323
Oxşar xəbərlər
SON XƏBƏRLƏR