Həyatda hər insana Allah tərəfindən verilən bir ömür payı var. Acılı- şirinli xatirələrlə dolu, maraqlı hekayələrlə zəngin olan bir ömür. Yadda qalan, unudulmayan hadisələr hər kəsin həyatında silinməz iz buraxır və undulmaz anlara çevrilir. Hələ vaxtsız, vədəsiz bitən nə qədər insan
taleylərindın söz açmırıq. Nakam ömürlərdə heç yerdə danışılmayan, eşidilməyən çoxlu xatirələr yatır. Bunlar "toza batmış" kitablara bənzəyir. Səhifələr tam açılmadığına görə ora daim qaranlıq olur. Nə vaxtki insan hənirtisi, insan nəfəsi o kitablara toxunur, elə bil hər yan nisbətən işıqlanır, günəş doğur. Səhifələr nura boyanır.
Müharibə başlayanda Səlim də əlinə silah götürüb cəbhəyə yollandı. Səlimin həyat yoldaşının adı Əsmər idi. O davaya yola düşəndə həyat yoldaşına birinci balacalardan muğayat olmağı tapşırdı. Savaş başlayandan sonra Əsmərin çəkdiyi əziyyətlərin sayı iki dəfə artmış oldu.Vaxt tapıb istirahət edə bilmirdi. Gecəni gündüzə qatıb ancaq işləyirdi. Aclıq illəri idi. Bir tərəfdən də müharibə. Körpələrin korluq çəkməməsi üçün əlindən nə gəlirdisə , onu da edirdi. Həm də cəbhə üçün lazım olan ləvazimatlar hazırlayıb doyüş gedən yerlərə göndərirdi. Düzdür, bu işləri görmək heç də asan deyildi. Bütün çətinlikliklərə, yorğunluqlara baxmayaraq o ruhdan düşmür, həvəslə işləyirdi. Ağır yükləri çiynində tək daşıyırdı. Fikirləşirdi ki, eybi yox, bütün çətinliklərə dözərəm, təki müharibə Səlimin döyüşdüyü ordunun qələbəsi ilə sona yetsin. Həyat yoldaşı sağ- salamat evə qayıtsın. Yeganə arzusu tək elə bu idi. Azərbaycan yalnız canlı qüvvə ilə müharibədə iştirak etmirdi. Bakının " qara qızılı" zəfərin əldə edilməsində başlıca rol oynayırdı. Səlimgilin rotası ruslar tərəfindən nemeslərə qarşı döyüşürdü. Əsmər hər gün cəbhədən gələn xəbərləri diqqətlə izləyirdi. Bu işdə ona stolun üstündəki sınıq- salxaq köhnə radio kömək edirdi. Bəzən radio yaxşı işləmir, səsi zəif eşidilirdi. Bu zaman Əsmərin " yumruğu" radionun dilinin açılmasına kömək edirdi. Müharibə çox evlərə, göz yaşı, qəm, kədər gətirdi. Nə qədər ailələr başsız, övladlar atasız qaldı. Bir gün " qara külək" Əsmərin də qapısını döydü. Əlləri əsə- əsə poçtalyondan ərinin qara kağızını aldı. Səlimin ölüm xəbərini eşidəndə göy başına fırlandı. Yer ayağının altından qaçdı. Acı xəbərdən sarsıldı. Amma ayaqda durmağı bacardı. Uşaqlar da artıq böyümüşdülər. Vətən müharibəsi almanların ağır məğlubiyyəti ilə başa çatdı. Qələbənin əldə edilməsində Səlimin də payı var idi.
O illərdən xeyli zaman ötmüşdü. SSRİ adlı imperiya artıq yox idi. SSRİ- nin varisi olan Rusiyanın Xankəndində 366- cı alayı yerləşirdi. Bu zaman kəsiyində Azərbaycanın da başının üzərini qara buludlar aldı. Ermənilər torpaqlarımıza göz diikib özünüküləşdirməyə çalışırdılar. Bu işdə ruslar ermənilərə kömək edirdilər. Azərbaycan kəndlərinə tez- tez hücumlar edilir, dinc əliyalın insanlar qətlə yetirilirdi. Bir gün qışın soyuğunda rus, erməni hərbi birləşmələrinin Xocalı şəhərinə güclü həmləsi oldu. Şəhərin müdafiəsində Əsmərin böyük oğlu Qaçay da iştirak edirdi. Rusların törətdiyi vəhşiliklərin qarşısını alarkən həyatını itirənlərdən biri də Qaçay oldu. Onu Xocalıda qətlə yetirdilər.
Əsmər arvadın qəlbinin yarası hələ tam sağalmamışdı. Həyat yoldaşı Səlim müharibədə həlak olmuşdu. İllərdən sonra ana ikinci ağrılı zərbə aldı, taleh onu oğul itgisi ilə sınağa çəkdi. Övladının ölümü anaya çox pis təsir etmişdi. O deyirdi:" Həyatın işinə bir bax. Böyük Vətən müharibəsində rusların qələbəsinə görə ərim öz canını fəda etdi. İllər sonra isə ruslar öz torpağımızda oğlumu qətlə yetirdilər. Budurmu, millətimizin onlara etdiklərnin əvəzi? Biz ədalətsiz bir dünyada yaşayırıq.
Ayrı- ayrı illərdə ailədən iki nəfərin ölümü ananı çox sarsıtmışdı. O talehindən narazı idi.
Deyir ki, nə günah işlətmişəm ki, həyat mənə bu qədər ağrılı, olmazın zərbələr vurdu. Və heç indi də "yoruldum" demək istəmir.
İndi ömrümün qürub çağını yaşayıram. Bu vaxta qədər yaşamağıma əsas səbəb övladlarıma olan sevgi idi. Həyatımı onların sağlam böyüməsinə sərf etdim. İndi övladlarımın ailələrin də bəzi problemlər ortaya çıxıb. Onlara yük olmamaq üçün Qocalar evində yaşamağa üstünlük verdim. Əsa ilə gəzirəm. Bu, cansız bir əşyadır. Amma nə olsun, bəzi canlı insanlardan fərqli olaraq, o mənə daha çox kömək edir. Hər gün əsaya söykənərək ayağa durur, addımlayır və həyətdə gəzirəm...
Elxan Çıraxlı
Oxunub: 561