dini radikalizm və ekstremizmlə mübarizə

"SAĞLIĞINDA DƏYƏR VERİN İNSANLARA...."


Elin sərvəti onun insanlarıdır. El daha çox ağsaqqalları, ağbirçəkləri ilə tanınar deyirlər. Elə bu mənada da dədələr "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma " deyiblər. Ağsaqqal, ağbirçəklərimiz bəzən fərqinə varmadığımız, qədrin bilmədiyimiz sərvətimiz. varımızdır. İtirəndən sonra əzəmətini görür, yoxluğuna heyfsilənirik. Olmazmı, elə bu insanlara sağlığında dəyər verək, yoxlayaq, könüllərini alaq onların. Xalq şairi Cabir Novruz yazırdı ki,
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara....
Deyirlər qocalar yaşlı, ahıl vaxtlarında ikinci uşaqlıq dövrünü yaşayır, daha həssas, daha kövrək olurlar. İndi onların daha çox diqqətə, qayğıya, nəvazişə, ilıq, xoş bir sözə ehtiyacı var. Əsirgəməyək onlardan bu lütfü. Axı onlar da vaxtında hamımıza qarşı mərhəmətli olublar. Xoş sözlərini, əzizləmələrini, uğurlamalarını bizlərdən əsirgəməyiblər, bizlərə dualarında xəsislik etməyiblər.
Elə bu kövrək notlara köklənərək xırda bir araşdırma apardım. Maraq dairəmə, elə ixtisasıma da uyğun olaraq Yardımlı rayonu Anzov kəndində (2005-ci ilin statistikasına uyğun olaraq 1020 nəfər əhalisi, 482 nəfər seçicisi olan bir yaşayış məntəqəsi) yaşlı insanlarını dəqiqləşdirdim. Bu gün kənd sakinləri arasında ən yaşlıları aşağıdakılardır:
1. İbişov Allahverdi Astan oğlu - 1925-ci il
2. İbişova Balqız Astan qızı - 1933-cü il
3. İbişova Sələmə Əli qızı - 1933-cü il
4. İsayev Mansur Yunsur oğlu - 1933-cü il
5. İbişov Zabi Astan oğlu - 1934-cü il
6. Əsmətov Nayib Vəzir oğlu - 1935-ci il
7. Babacanov Gülhüseyn Əmikişi oğlu - 1937-ci il
Bir vacib nüansı qeyd edim. Ötən ilki eyniadlı yazımdakı siyahıda adı gedənlərin səkkizi bu ilki siyahıda yer almadı. Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Sıralarımız seyrəlir yavaş-yavaş. Bir-birimizin qədrini bilək.
Hamısına can sağlığı arzulayıram. Ulu Tanrıdan bütün sakinlərə, eləcə də ucalıq, böyüklük simvolları, xeyir-bərəkət nümunələri qocalara, ağsaqqal-ağbirçəklərimizə bərəkətli ömür arzulayıram.
Allah Sizləri qorusun!

Malik BALAŞOV

Oxunub: 159
Oxşar xəbərlər
SON XƏBƏRLƏR