...Çoxdanın söhbətidir.
"Pəncərə"adlı lirik bir şeir yazmışdım.Kaloritli,parlaq,sevgi dolu bir nəzm parçası idi.Hər kəsin olmasa da...cavanlıqda çox adamın başına gələn bir duyğulu əhvalatı bədiiləşdirmişdim.İki sevən gəncin həyat hekayəsinə bənzəyirdi.
Oğlanın sevdiyi qızın evlərindəki pəncərəsinə axşam üstü qızılgülün düzməsini,ona kənardan həsrətlə baxmaqdan doymamasını metafora ilə süsləmişdim...
Tərif olmasın,şeirin fəlsəfəsini çox adam bəyənmişdi.Amma bu ərəfədə şagirdlərimdən biri mənə zəng edərək utana-utana dedi:
-Ay müəllim,mənim başıma gələnləri nə gözəl təsvir etmisən? Yəqin bunu o vaxt kimsə görüb,sənə danışıb ki,sən də olduğu kimi qələmə almısan,eləmi?
Ta mən nə deməliydim ki...
Dedim,hə.Amma bunu mənə danışan adam and-aman edib ki,adımı heç kimə demə.Yoxsa, rüsvay olaram!
Dedi,yox,e..müəllim,düz yazmısan,yazmağına...bax,o pəncərəyə qızılgül düzən elə mənim özüməm!
Dedim,sağ ol,var ol...sənki səmimi bunu boynuna alırsansa,ta sənə həyatda ölüm yoxdur.Get,başını aç...yüz il mehriban yaşa,ömür sür!
Bədii bir yazıda şagirdimin özünü belə tapmasına çox sevinirdim,ruhum təzələnirdi...Əgər real həyatda kimsə özünü öz gözləri ilə görürsə,axtarıb kəşf edirsə...bundan yaxşı nə ola bilər ki? Elə əsl xoşbəxtlik bu,deyilmi?
"Qızlar bulağa gedir..." mənsur şerimdə də belə bir hadisənin canlı şahidi olmuşdum.Yenə tanışlardan biri zəng edərək,sevdiyi qızın bulağa getməsini gizlin-gizlin güddüyünü...şeirin elə bil dəqiq ondan bəhs etdiyini söyləmişdi,mənə. Əlbəttə,bu,təbiidir.Hər nə mövzu varsa...həyatdan, onun içindən götürülüb və heç kimin şəxsinə ünvanlanmayıb... nə də ki, möhürlənməyibdir.Hələ bu,harasıdır ki,
yaxınlarda satirik üslubda "Yağlı resenziya"(rəy) adlı bir novellam dərc olunmuşdu.
Uzun müddət müxtəlif vəzifələrdə işləmiş bir "savadlı" tanışım mənə telefon açaraq bunları söylədi.İnanın ki,olduğu kimi deyirəm...nə artırıram,nə də ki,əskildirəm:
-Məqaləni (Novellanı,hekayəni yox ha...məhz məqaləni) oxudum,qağa.
Qəşəng yazmışdın.Ürəyimdən xəbər verdin,vallah.Elə uşaqlıqdan mənim də yağlı peçeniyədən xoşum gəlirdi,-dedi.Düzü,çaşıb qaldım.Nə yağlı peçeniyə? Bu,nə danışır,əə...
Sən demə,"müsafirim"
"Yağlı resenziya"nı "Yağlı peçeniyə" kimi oxuyub,başa düşübmüş!.Açığı mən də heç üzünü vurmadım.Neynim,dağdan ağır adamıydı,zəhmət çəkib zəng eləmişdi.Üstəlik gözucu olsa da belə yazıma bir nəzər salmışdı.Təəssüf ki, başdan-ayaq oxumasa da...
Bunları yazıb qurtarandan sonra dilinin ucbatından bəlaya düşən və rus naçalnikinin bir qoşun qohum-əqrabasına qonaqlıq verməkdən qorxduğundan yazıq,fağır-rəzil "Qurbanəli bəy"-in qaçıb axurda gizlənməsi yadıma düşdü:
-Allah sənə rəhmət eləsin,Mirzə Cəlil!
Nə yaxşı ki,sən varsanmış.Belə bir ədəbi görk,nümunə qoymasaydın... həyatımızı necə xilas edərdik?
Nənəm də həmişə mənə söyləyərdi ki,bala,bir könül tikə bilmirsənsə,sözünlə yüz könülü qırma...
Mən kiməm-nə karəyəm,nə çarəyəm ki, könül sındıram axı?!
Görmürsünüz...azdan-çoxdan,gücüm çatan cızma qaralarımla,kövrək nəğmələrimlə sınıq könülləri toxumağa,küsən ürəkləri oxşamağa meylliyəm!..
Yazımı tərsinə başa düşəndə,tərsinə oxuyanda isə mənim nə günahım var,İlahi!
Haqqına varsa əgər... məni cəzalandır,ya da ki,keç suçumdan,nolar...məni bağışla.
Yalvarıram sənə Ya Rəbbim!
Həsən ORUCOGLU
Oxunub: 306