dini radikalizm və ekstremizmlə mübarizə

Köhnə kişilər

Köhnə kişilər

Köhnə zəmanə ilə indiki dövrü müqayisə aparanların çox şahidi oluruq. Hər kəs öz düşüncəsində haqlı olduğunu sübut etməyə çalışır. Sitatlar gətirir, oxuduqlarını, düşündüklərini arqument kimi əsas olduğunu qarşısındakına inandırmağa cəhd edir. O dövrün üstün cəhətlərini səbrlə izah edən, milli mənəvi dəyərləri qoruyub saxlamağın mübahisəsiz zəruriliyini bildirənlərə də rast gəlirik.

Əhmədlidə, təxminən 80 yaşında olan qoca bir kişiylə bir neçə dəfədir ki, üz- üzə gəlirəm. Əsanın köməkliyi ilə güclə yeriyir. Hər dəfə salam verib yanından ötüb keçirəm. O isə bir anlıq dayanır, salamımı alır. Eynəyinin altından üzümə baxır, sonra isə yoluna davam edir. Onun baxışlarından hər zaman hiss edirdim ki, məndən nəsə soruşmaq istəyir. Bu yaxınlarda onunla yenidən təsadüfən rastlaşdıq. Həmişə olduğu kimi, ağsaqqala ədəb ərkanla salam verdim və yanından ötüb keçmək istəyirdim ki, qolumdan tutub məni saxladı. Üzümə baxıb dedi:- Ay oğul, həmişə mənə salam verib, sonra da çıxıb gedirsən. Ancaq mən səni tanımıram. Sən də kimlərdən olduğunu demirsən? Yəqin məni tanıyırsan ki, salam verirsən. Mən dayanaraq onun dediklərinə diqqətlə qulaq asdım və nə demək istədiyini başa düşdüm.. Sonra aramla danışmağa başladım ki, ağsaqqal, şəxsən sizi tanımıram. Amma harada sizin kimi yaşlı insanları görürəm, onlara salam vermədən ötüb keçmirəm. Salam Allah salamıdır, həm də Allahın adıdır. Yaşlı insanlara tək salam vermək yox, həm də onların qeydinə qalmağı özümə mənəvi borc hesab edirəm. Bu ədəb ərkan qaydasıdır. Böyüklərə hörmətin bariz nümunəsidir. Verdiyim cavablar, deyəsən onun xoşuna gəldi. Nə düşündüsə, yenidən dilləndi: -bilirsən ay oğul, sənin danışdıqlarının çoxu keçmişdə qalıb, bəziləri isə tamam indi itib batmaq üzrədir. Amma bəzi köhnə kişilərdə tək salam vermək yox, bir çox yazılmayan qaydalar hələ də qalmaqdadır. Amma indiki cavanlar haqda bunları demək bir az çətindir. Səni tanısalar da, küçədə rastlaşarkən bəzən salam vermək istəmir, tanımırmış kimi üzlərini yana çevirib ötüb gedirlər. Bilmirəm, nədəndir, bizim zamanımızda yaşlı insanlara belə rəftar olmayıb. Deyərdim ki, keçmişdən qalan milli mentalitet, deyəsən yavaş - yavaş yaddan çıxır, unudulmağa başlayır. Başa düşə bilmirəm, bu nədəndir. İnsaniyyətlilik, kiçiklərin böyüklərə hörmətlə yanaşmaq kimi bir sıra keyfiyyətlər, tamamilə yox olmağa başlayır. Amma, əslində belə olmamalıdır. Qarşılaşdığımız mənzərə gündəlik həyatda adiləşsə də, bunu yaxşı hal kimi qəbul etməməliyik. Tək salam vermək deyil, sadalamaq istəmədiyim bir çox məqamlar var. Bəzi məsələlər var ki, zaman ötür, nəsillər arası münasibətlərdə mentalitetimizə uyğun olmayan hallar baş verir. Hamı deyir ki, yolumuz Avropaya doğrudur, amma keçmişimizi, adət- ənənəlirimizi də unutmamalıyıq.

Elxan Çıraxlı

Oxunub: 612
Oxşar xəbərlər
SON XƏBƏRLƏR