dini radikalizm və ekstremizmlə mübarizə

“İNSANLIĞIN ZİRVƏSİ” HAQQINDA BİR NEÇƏ KƏLMƏ


AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI POLAD HƏŞİMOVA HƏSR EDİLMİŞ BU KITAB TANINMIŞ JURNALİST-PUBLİSİST BİBİXANIM İSAYEVANIN İLK KITABIDIR

Müharibələrin tarixi bəşəriyyətin yaranışından başlanır. heç bir müharibə insanlara və bəşəriyyətə xoşbəxtlik gətirməyib. Əksinə, dava qurtaranda sevinib, bayram edirdilər ki, şərin, zorun kökü kəsildi. Hələ eramızdan əvvəl V əsrdə yaşamış, “Tarixin atası” sayılan Herodot yazırdı: “Hətta ağılsızlar arasında belə müharibə istəyən olmamalıdır. Çünki dinclik olanda atalar övladlarının çiynində aparılaraq dəfn edilirlər, müharibə olduqda isə atalar övladlarını dəfn etməli olurlar”. Həm ibrətamiz, həm də çox obyektiv qiymətləndirmədir.
Müharibə fəlakət, qan-qada, sitəm deməkdir. Bəşər tarixində dünya ağalığı iddiasına düşənlər çox olub. Onlar adi adamlar olmayıblar. Fitri hərbi istedada, möhkəm iradəyə, aydın məqsədə və xüsusi bacarığa sahib olublar. İkinci Dünya müharibəsini də başlayan, dünya ağalığı iddiasına düşən Adolf Hitler cavanlığında çox adi bir hərbiçi kimi diqqət cəlb etməsə də, sonradan onun daxilində böyük sərkərdəlik məharəti gizləndiyi ortaya çıxdı. Lakin bu bacarıq, istedad cəmiyyətin inkişafına, insanların xobəxtliyinə yönəlmədi. Bu bacarıq Hitlerdə qandan doymamaq, insanların zülmündən həzz almaq duyğularını formalaşdırdı. Və Hitleri özündən əvvəl fatehlik iddiasına düşənlərin aqibəti də düşündürmədi. Sonra isə millətlərə fəlakət bəxş etdiyi kimi, öz xalqına da faciə gətirdi. Dünya xalqlarını faşist əsarəti təhlükəsindən xilas etmiş silahlı ordu qüvvələri haqqında həmişə böyük minnətdarlıq hissi ilə danışılıb. O vaxtlar keçmiş ittifaqın bütün millətlərinin birliyi və dostluğu Böyük Vətən müharibəsinin ən ağır sınağından çıxmışdı. Bu müharibədə keçmiş ittifaqda birləşən millətlərin azadlıq və istiqlaliyyətləri uğrunda apardığı ədalətli müharibə idi.
Azərbaycan xalqı da digər xalqlarla vahid sırada dayanmışdı, öz hünərini göstərməyə hazır idi. Alman faşist işğalçılarına qarşı müharibənin aparıldığı illərdə Azərbaycandan minlərlə kilometr uzaqdaqəhrəmanlıq göstərmiş neçə-neçə övladımız olub. Onların haqında dastanlar yazılmış, qalın-qalın kitablar buraxılmışdı. Qarabağ müharibəsi zamanı da belə əsərlər yazılıb, kitablar dərc edilib (Konkret desəm, başda çoxdan tanıdığım şair dostum Şəhla Xəlilqızı olmaqla onun rəhbərlik etdiyi qəbələli yazarlardan ibarət birliyin üzvləri bir xüyli kitab dərc etdiriblər). Bu barədə yazımın sonrakı hissəsində bəhs edəcəyik.

*

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisə baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan qəhrəman şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.
Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Vətənini sevən hər bir insan da bu torpaq uğrunda canından keçmiş şəhidlərini, Milli Qəhrəmanlarını unutmamalı, onların əziz xatirəsini daim yad etməlidir. 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmağı, onları gəncliyə nümunə göstərməyi həyat amalımız bilməliyik.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. "Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qəbələlilər də hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyurlar. Vətənpərvərlik hissi, döyüş ruhu onlarda hər zaman olub və bu, bundan sonra da belə olacaq.
Belə oğullar haqqında zamanında da çox yazılıb, dünən də yazılıb, bu gün də yazılır, gələcəkdə də yazılacaq. Yazı masamın üstündə müəllifi qələminə böyük sevgi və hörmət hissilə yanaşdığım, tanınmış jurnalist Bibixanım İsayeva olan “İnsanlığın zirvəsi” adlı böyük həcmli bir kitab var. Bu 2021-ci ilin məhsulu olsa da, mənə 2022-ci ilin oktyabrında təqdim edilib. Zəfər qələbəmizin ildönümünə həsr edilmiş bu kitab Milli Qəhrəman, Azərbaycanımızın vətənpərvər şəhis oğlu Polad Həşimovun həyatından, döyüş fəaliyyətindən, cəbhədə, qanlı səngərdə keçirdiyi günlərdən bəhs edir. Bu kitabı haradasa Polad Həşimovun timsalında bütün igid oğullarımıza aid etmək olar. Çünki müəllif Polad Həşimovu oxucuya elə təqdim edə bilib ki, kitabı oxuyan hər kəs qeyd etdiyim kimi, canını torpaq, Vətən uğrunda fəda etmiş hər bir azərbaycanlını görə bilər. Buna görə Bibixanım İsayeva dərin təşəkkürümü bildirirəm.

*

“İnsanlığın zirvəsi”ndən aldığım xoş təəssüratlarımı müqəddəs SÖZün təsnifatı ilə davam etdirirəm.
Söz də insan kimidi, - görən gözü, eşidən qulağı, danışan dili, yeriyən ayağı var...
Zamanı sındıran, zamana zor gələn, onun dizini qatlayıb, kürəyini yerə vuran yeganə ilahi qüdrət də Sözdü...
Nə zaman tanıyar, nə də məkan...
Məkanın, zamanın tanınmadığı yerdə Sözün qüdrəti də Söz sahibindən gələr...
Bibixanım İsayeva Qarabağ müharibəsində şəhid olmuş azərbaycanlıların heç biri ilə yol yoldaşı olmayıb, heç birini sağlığında tanımayıb. Polad Həşimovu da həmçinin. Amma bu xanımı yazmağa, Polad Həşimovu kitablaşdırmağa məcbur edən qəhrəmanı ilə həmyerli olması, eşitdiyi hünəri, göstərdiyi şücaəti, içindəki Vətən hissi, torpaq təəssübkeşliyi, bir də düşmənə sonsuz nifrəti, qəzəbi olub.
Qeyd etdim ki, müəlliflə Poladın arasında heç bir tanışlıq olmayıb, amma qəhrəman Polada bir mənəvi borcu olub. Bu borcu da kağızla, qələmlə, fikir boğçası ilə ödəmək istəyib. Bu mənəvi borc dünyanın hər yerində tanınan ilahi Söz kimi qüdrətlidi, ilahi Söz kimi toxunulmazdı...
Bu mənəvi borc zaman-zaman onu qəhrəmanlarımıza istiqamətləndirən, onlara Sözlə məhrəm edən bir vətəndaşlıq hissidir. Bu, ilk addımdır, məncə, B.İsayeva bu missiyanı bundan sonra da davam etdirəcək.
Mənə elə gəlir ki, ona neçə-neçə arxa-dayaq, qardaş bəxş edən, təkliyini, tənhalığını unutduran, gündüzlər Günəşi, gecələr Ayı, Ulduzu olanı da elə bu mənəvi borcdu...
Səsini eşitmədiyin, üzünü görmədiyin, hətta çox vaxt dili, dini ayrı adamlarla səni yüz verst, min verst uzaqlardan elə doğmalaşdırır, elə yaxınlaşdırır ki, əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nuruna bələnirsən; əsl Dostluğun, əsl Qardaşlığın, əsl İnsanlığın nurundan doğulursan... Bibixanım İsayeva da məni bu kitabın sehrinə sala, “İnsanlığın zirvəsi”nin oxucu oxumağa məcbur etdi. Bu kitabla biz birimizi daha yaxından tanıdıq, dost, sirdaş ola bildik.
Bu kitabı oxuyandan sonra gəldiyim qənaətim bu oldu:
- Dünyaya əsl Sözdən gəlirsən...
- - Həyatın kin-küdurət, nifrət-qəzəb dolu bütün xırdalıqlarını, insanların riyakarlığını, ikiüzlüyünü, xainliyini, xüdbinliyini büsbütün unudursan.
- - Sümsük it kimi Sözün arxasınca sülənən, Sözü çörək ağacına çevirən, onun-bunun böyür başında quyruq bulaya-bulaya ancaq yetərsay üçün qanqallanan adamlar (bu yaşımda belələrinə kifayət qədər rast gəlmişəm) heç ağlına belə gəlmir...
- - Bu, əsl Sözün möcüzəsidi...
- - Zəfərimizin içindən doğan və möcüzəli Sözün qüdrətini kitabın vərəqlərinə hopduran müəllifin böyük uğurudu ...
- - Söz B.İsayevanın qələmində faha qüdrətli görünür…
- - Sözə olan bu inanc öz qarşısında diz çökmüş insanı ayağa qaldırır, yenidən həyatın işığına – Günəşinə, Ayına, Ulduzuna tanıdır; O böyük Yaradanla, o böyük Yaradanın ən ali möcüzəsilə - Haqqla, Ədalətlə, Sözlə, Böyük Sərkədənin sonsuz hünəri, cəsarəti, qətiyyəti ilə görüşdürür...
- İnsanı Haqqa, Ədalətə, Sözə inandırır...
- İnsanı Haqqa, Ədalətə, Sözə inandıra-inandıra Haqqa, Ədalətə, Sözə tapındırır...
- Bundan böyük möcüzə, bundan böyük Həqiqət varmı...
Bu yazdıqlarımın hamısı həyatda ilk dəfə üzünü gördüyüm, səsini əvvəlcə telefondan, sonra isə üz-üzə oturarkən eşitdiyim, ancaq bəlkə də indicə, bu saat, bu an dünyanın ən sakit guşəsinə qapılıb öz obrazını uca dağ kimi, sal qaya kimi öz əlilə yonan Bibixanım İsayeva və onun mənəvi övladı olan “İnsanlığın zirvəsi” haqqındadı...
Mən öz emosiyalarımın diqtəsinə inanıram...
İnanmayanlar Sözümün səmimiliyinə güvənə bilərlər. Boğazdan yuxarı danışmaqla, nəyinsə xatirinə kimlərəsə yarınmaqla zərrə-zərrə xırdalanmaq sonradan elə asanlıqla adi həyat normasına, adətə çevrilir ki, özünü Kafkanın soxulcana dönmüş bədbəxt qəhrəmanından da betər hiss edirsən...
O üzdən hər şeyə riyakar bir şübhəylə yanaşmağı öz həyat prinsipinə çevirənləri yeni bir məkana – publisist-jurnalist Bibixanım İsayevanın adidən-adi, sadədən-sadə dünyasına dəvət etmək istədim...
“İnsanlığın zirvəsi” onun bədii təxəyyülünün genişliyindən, xarakterinin zənginliyindən, bir sözlə, tükənməz yaradıcılıq axtarışlarından, fədakarlığından xəbər verir. Bu ilk kitabıdır müəllifin. O, hər bir oçerk və zarisovkası ilə həmişə fərqlənib... O, hər bir yaradıcılıq məhsulu ilə fərqli bir ömür yaşayıb... O, yazdıqları ilə yadda qalıb...
B.İsayeva “İnsanlığın zirvəsi” ilə də sübut etmək istəyib ki, əsl novotordu, yenilikçidi...
Bu kitabdakı hər bir yazının böyüklüyü, oxunaqlığı onların sadəliyindədi. Hadisələrin səmimi və inandırıcı nəqli, real həyat olduğu kimi, bəzəksiz-düzəksiz ağ vərəqlərin üzərində əks etdirilib. Süni manevrlər, yalançı söz oyunu, hadisələri nəyinsə xatirinə saqqız kimi çeynəyə-çeynəyə uzatmaq, nəhayət, oxucuya özünü agıllı göstərmək yazıçıya yaddı. Çünki oxucu ona doğmadı. Bu mənada sözün gücü-qüdrəti də məhz söz sahibinin özündən gəlir...
Qarşılıqlı səmimiyyətin, etibarlı ünsiyyətin əsl meyarı Bibixanımın oxucuya dərin hörmətindən qaynaqlanır. Bu zaman o, sanki mərmər üzərində öz qəhrəmanının çılğın obrazını, onun daxili dünyasını, hiss və həyəcanını yonan fədakar heykəltəraş obrazında çıxış edib. Və öz işinə o qədər dərindən aludə olub ki, oxucularının bunu necə qarşılayacağını yadına belə salmayıb. Elə əsl əsərlər də məhz belə yaranır. Elə yazıçının özgürlüyü, fərqliliyi də məhz bundadır...
O öz oxucusuna İnam, Dözüm, Səbir, Sədaqət, Mərdlik kimi ali insani keyfiyyətləri aşılayıb, ən çətin vəziyyətdə çıxış yolu göstərib və bütün məqamlarda öz məqsədinə ustalıqla nail olub...
Kitabdakı yazıların nüvəsindəki həyatilik o qədər səmimi, o qədər inandırıcıdır ki, oxucunu istər-istəməz düşünməyə vadar edir, həyatın dərinliklərinə aparır.

HAŞİYƏ: Bu kitabı müəllif mənə “Bilgəh” sanatoriyasına ziyarətə gələrkən təqdim etmişdi. İş elə gətirdi ki, böyük Zəfərimizin iki illiyini burada qeyd etməli olduq, sanatoriyanın baş həkimi Muxtar müəllimin təşkil etdiyi bu tədbirdə iştirak etmək fürsəti, imkanı mənə və otaq yoldaşım, “Ədalət və həqiqət” qəzetinin təsisçisi, “Turaz” saytının rəhbəri Cəmil Dadaşova da nəsib oldu. Tədbir keçirilərkən mənə də söz verildi. Özümü elə də çox əziyyətə salmadım, bu kitabın ön səhifəsində oxuculara təqdim edilmiş “Poladım” şeirini söyləməli oldum. Yerimə əyləşəndə orta yaşlı bir kişi bildirdi ki, kitaba baxmaq istəyir. Vərəqləyib bu kitabı ona oxumağa verməyimi xahiş etdi. Tanışlıq zamanı məlum oldu ki, Xanlar Ağayev Qəbələdə anadan olub, uzun müddət polis orqanlarında işləyib. Hazırda polsi polkovniki rütbəsi ilə təqaüddədir. Bəli, kitab bir neçə gün onda qaldı. Bizim evə qayıtmağımız yaxınlaşırdı. Bunu bilən Xanlar müəllim əlində kitab bizi yola salmaq üçün sanatoriyanın həyətinə düşmüşdü. Ayrılarkən onun kövrəldiyini, hətta göz yaşlarını gördüm. Kitab haqqında xoş təəssüratlarını bizimlə bölüşdü. Mən də söz verdim ki, bu mənzərəni yazıda qeyd edəcəyəm.

Və söz ardı: B.İsayevanın dərin analitik düşüncə tərzi, xidməti işilə yaradıcılığı arasında etibarlı bir körpü rolunu oynayır. Bu körpüyə qədəm basanlar öz qarşılarında həm istedadlı bir yazıçı, həm də ehtiraslı bir fırça ustasını görürlər.
...Siz onun yanından ilk dəfə bəlkə də etinasız, soyuq tərzdə keçib gedəcəksiniz. Amma sonradan Bibixanım İsayeva imzası ilə yaxından tanış olanda, üz-üzə dayandığınız sənət əsərindəki böyük qəhrəmanın obrazını görər-görməz yenidən ehtirasla o körpüyə qədəm basmaq istəyəcəksiniz...
Yenidən Bibixanım İsayeva ilə üz-üzə gəlmək, Bibixanım İsayeva ilə görüşmək üçün...

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 576
Oxşar xəbərlər
SON XƏBƏRLƏR