dini radikalizm və ekstremizmlə mübarizə

Qoşa kənd


Valideynlər həyatda olarkən, onların qədrini bilmək lazımdır. Düzdür, heç kəs inana bilmir ki, bu dünyadan bir gün onlar yox olacaqlar. Elə düşünürlər ki, həyat necə var, sona qədər elə davam edəcək, ata- ana daima onlarla olacaq. Onları itirdikdən bir müddət sonra əmin olursan ki, hər şey bitdi, bir daha geri qayıtmayacaqlar. Yana- yana qalırsan. Əlin heç yana çatmır. Saçını yolursan, ağlayırsan, amma bir faydası olmur. Allaha yalvarırsan, bir zamanlıq valideynlərimi mənə qaytar, onlara qulluq edim, heç yana getmərəm, əllərindən tutum , daim yanında olum. Övladlıq borcunu axıra qədər yerinə yetirim. Amma düşündüklərin realllğa çevrilmir. Çünki, bu sənin istəyindən asılı deyil. Ömrün sonuna qədər hər dəfə bunları xatırlayanda odlanırsan, geniş dünyada özünə yer tapa bilmirsən. Başqa axtarışlara çıxırsan. İnsan pulla həll olunacaq məsələ olmadığını bir dəfəlik qafasına həkk edir. Bir yol qalır, allah bağışlasın, o da həyatla tez vidalaşmaqdır, yəni ölməyə tələsmək. Valideynlərinə qovuşmaq üçün. Yenə də, hər şey ulu Tanrının əlindədir, insana ömrü verən də odur, alan da.

Valideynlərim kənd qəbirstanlığında dəfn olunub. Bilmirəm təsadüfdür, yoxsa Allahın işidir. Atam yeni il ərəfəsində, anam isə Novruz bayramı günlərində dünyasın dəyişib. Kaş valideynlərim sağ olardı, onların nəfəs almalarını mən ən əziz bayramlar sanardım. Onlarsız nə bayram, ey? Bəlkə də allah tərəfindən mənə bir mesajdır, dərk edə bilmirəm.

Qəbristanlığa gedib atamın- anamın qəbirini ziyarət edirəm. Kənddə yaşadığım illərdə məndən 20- 30 yaş böyük olan insanların çoxu burada uyur. Daha kimlər yoxdur? Kənd əhalisinin çoxu burdadır. Deməli bizim eyni adda iki kəndimiz var. Biri müvəqqəti, digəri isə daimi, yəni əbədi kənddir. Əbədi kənd dediyim qəbirstanlıqdır. Bu yerdə hamı susur, danışmır. Bəlkə də danışırlar, biz bilmirik. Səssizlik hökm sürür. Bura sükut dünyasıdır. Qonşularım, qohumlarım, kəndçilərim daş abidələrdən mənə baxırlar. Müvəqqət kənddə insanların gündəlik yaşadığı, təssərüfat işləri ilə məşğul olduğu yaşayış məskənidir. Adamlar bir- biri ilə canlı görüşür, söhbətləşirlər. Burada insanlar zaman- zaman, yəni müəyyən vaxtdan sonra əbədi kəndə köçürlər. Bu, Allahın əmiridir, razılaşmaya bilməzsən. Əbədi kənddə baş daşları sıra ilə düzülüb. Qarşı- qarşıya dayananlar da var. Onlar bir - birinin üzünə baxırlar.

Valideynlərimin qəbirlərini ziyarət edib qayıdarkən dönüb geri baxıram. Özümü mənəvi cəhətdən bir az rahat hiss etsəm də, valideynlərimin mərmər daşdan mənə tuşlanan baxışlardan qaça bilmirəm. Bəlkə də mənə deyirlər ki, sən nankor övladsan, bizləri burada tək qoyub gedirsən. Amma biz valideynlər səni dünyaya gətirdik, çətinliklə də olsa böyütdük. Borcumuz idi. Sənin əziyyətini çəkdik, boya başa çatdırdıq. Adam da əzizlərini tənha qoyub gedərmi? Beynimə yüklənən cavabsız suallara görə əzab çəkirəm. Başa düşürəm, istəsəm də həyatın qanunlarından kənara çıxa bilmərəm. Oturub çox düşünürəm. Həyat qanunlarını qəbul etsəm də, yenə də yaxamı kənara çəkə bilmirəm. Sanki, özümü günahkar hesab edirəm...

Elxan Çıraxlı

Oxunub: 489
Oxşar xəbərlər
SON XƏBƏRLƏR