AXTARIM Əli Ələmi
Hardasan, ey gül, nə qədər axtarım,
Düşmüşəm əldən, nə təhər axtarım?
Göydə, nə yerdə səni mən tapmıram,
Çıx üzə, gəl, bunca yetər, axtarım.
Çöldə, çəməndə özüm axtarmışam,
Sən təki gül harda bitər axtarım?
Mən özümü həm də itirməkdəyəm,
Yoxdu cavab, harda itər, axtarım?
Çıx üzə, çıx, fikrimə həkk olmusan,
Gül dodağın tazədi, tər, axtarım!
Bəlkə yuyubdur səni göz yaşlarım,
Basdı məni indi qəhər, axtarım.
Tazə Nisan aylarını gözləyim,
Hansı sədəflərdədi zər, axtarım.
Fil qulağında, dedilər, yatmışam,
Yatmayacam şamü səhər, axtarım.
Küsdümü məndən, yumub o, gözlərin,
Oldu necə dəymə-düşər, axtarım!
Varmı görən bəs belə bir dilbəri?
Bəli, desin bircə nəfər, axtarım!
Yazmadığın tazə əsərlərdədir,
Yaz, Ələmi, tazə əsər, axtarım!
EY QƏLƏM, YAZMA QƏZƏLLƏR!
Ey qələm, yazma qəzəllər daha biganələrə,
Bənzədir aşiqi onlar dəli-divanələrə.
Sözümüz sözdü, baxıb özgələrə söz qoşma,
Sözü atma çölə, heyfin gələ dürdanələrə.
Hamsı, "bir danə mənəm", söyləyərək, bəhsə girib,
Gülürəm bir dənə mən, yüz belə "bir danə"lərə.
Saçları, mən ki, pərişan demişəm kimlərəsə,
Əl qatıb saçlarına, zülm edərək şanələrə.
Dolanıb başına, yandıqca yanırlar, ey şə'm,
Eləyirsən nə üçün zülm axı pərvanələrə?
Mənim öz sevgili yarım, məni seçmiş, sevmiş,
Əhdi-peyman elədik, bəllidi peymanələrə!
Görmədən surətini yarə vurulmaqmı olar?
Ələmi, sən kimi yoxdur düşən əfsanələrə!
DƏMİR YUMRUQ
Yenə yumruqlayacaq kimlərisə rəhbərimiz,
Yenə dəstəklərik əlbəttə igid rəhbəri biz!
O dəmir yumruğun o dadını duymuş haya bax,
Başa salmaq olacaqdır onu dərdi-sərimiz.
Daha yumruqla iş aşmaz belə bir qanmaz ilə,
Öz qınında dözə bilmir, darıxır xəncərimiz!
Enək artıq Şuşadan şövq ilə Xankəndimizə,
"Zəngəzur-Azər(i)baycandır!"- olar əzbərimiz!
Xər həmən xərdi, çulun kimsə dəyişdirmiş onun,
Tazə çulda qudurub şıllaq atandır xərimiz.
Dəli-divanə olubdur, yuxusunda nə görüb?
Yuxusun zəbt eləyibdir, dedi bəs, əsgərimiz.
Göz yumubmuş, Ələminin qəzəlin görməsin o!
Gözlərin açmaq üçün dadə yetər neştərimiz!
YÜNGÜLVARİ
O pəri saqim ola, mey süzə yüngülvari,
Məni məstanə baxışlım süzə yüngülvari.
Əyləşib söhbət edək, incə əlindən yapışam,
Nədən isə danışaq üz-üzə, yüngülvari.
Sözləri gör necə şirin, həmi şirindir özü,
Sığınam məst eləyən hər sözə yüngülvari.
Bəd nəzərlərdən uzaq et onu, ya Rəbb, deyim,
O ötən dəfə gəlibdir gözə yüngülvari.
Arabir nuş eləyək mey, baxışıb, fikrə gedək,
Olar hərdən də zərafət, məzə yüngülvari.
O təbəssümləri görmək üçün əldən gedirəm,
Deyir o, baməzəsən, baməzə yüngülvari.
O danışdıqca dodaqlar qızara, istilənə,
Toxunam astaca hərdən közə, yüngülvari.
Ələmi qönçə gülün xətrinə dəyməz heç vaxt,
Qoxlayıb, sonra budaqdan üzə yüngülvari.
GETSİN
"Çatar hər dostuma gül burda, götürsün, getsin!"
Bir zərifin də mənə kimsə gətirsin, getsin.
Bir ətirli gülü çoxdandı durub, gözləyirəm,
Gəlsə gizlincə, məni kamə yetirsin, getsin!
Gəlməsə taleimə, onsuz həyatım bitəcək,
Elə baxsın, məni naz ilə bitirsin, getsin.
Əllərim şanədi, çəksinmi sığal hər telinə?
Mənim üçün, nə olar, bir tel itirsin, getsin.
Daşə, divarə mən həsrətlə qəzəllər yazıram,
Cırıb atsın, soyudar bəlkə o, hirsin, getsin.
Ələmi aldı yazar dostumuzun* bir sözünü:
"Çatar hər dostuma gül burda, götürsün getsin!"
Oxunub: 414