dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəran rayonunun Ürgə kəndində şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub.



Djb.az xəbər verir. Oktyabrın 25-də Lənkəran rayonunun Ürgə kəndində Vətən müharibəsi şəhidləri İbadlı Araz Babəli oğlunun və İbadzadə Zabil Fikrət oğlunun xatirəsinə inşa edilən xatirə bulaq kompleksinin açılışı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bulaq kompleksinin açılışını şəhid atası Babəli İbadovla birgə edib. Dövlət himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, şəhidlərimiz Vətən sevgisinin ən kamil formasını yaşayan ali şəxslərdir. Onun sözlərinə görə, bəşər övladı fərdiyyətçilik şüurundan ümummilli şüura keçə bilirsə, Vətən üçün yaşayıb uğrunda şəhadətə qovuşursa, torpaq üçün ölməyi alın yazısı kimi sevinclə qarşılayırsa və el qeyrətini çəkə bilirsə, o zaman ŞƏHİD olur. İcra başçısı bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər barədə fikirlərini bölüşən T.Qaraşov haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daim irəli getmək əzmində olanların çoxunun gənc nəslin nümayəndələri olduğunu vurğulayıb. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib. T.Qaraşov şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının qayğı və diqqətlə əhatə olunduğunu qeyd edib. İcra başçısı çıxışında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində şəhidlərimizin adlarının əbədiləşdirilməsi və xatirəsinin yad edilməsi istiqamətində də işlərin mütəmadi həyata keçirildiyini vurğulayıb.
Şəhid atası Babəli İbadov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını bildirib və bütün bunlara görə hər birinə minnətdar olduğunu vurğulayıb.
Çıxışlardan sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şerlər səsləndirilib. Daha sonra Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və kənd ictimaiyyəti Ürgə kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər.
Qeyd edək ki, İbadlı Araz Babəli oğlu ölümündən sonra cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid İbadzadə Zabil Fikrət oğlu Ali Baş Komandanın müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.


Allahverən Pərvizoğlu


Oxunub: 1 016
Oxşar xəbərlər
SON XƏBƏRLƏR