Təsadüf bir söhbət qonşu binada yaşayan qoca bir kişi ilə yaxından tanış olmağıma səbəb oldu. Bu tanışlığı çoxları " ağız büzməklə" qarşıladı. Qoca ilə bir neçə dəfə söhbətlərdən sonra onun maraqlı adam olduğu qənaətinə gəldim. Bundan sonra onu nə vaxt " besedka" da oturan görürdüm, özümü tez ora yetirirdim. Bu hərəkətim dostlarım və yaxınlarım tərəfindən xoş qarşılanmırdı. Mənə irad bildirirdilər ki, 85 yaşlı qoca kişi hara, sən hara. Axı dünyanın hər üzünü görmüş , ömrünü illərə xərcləyərək saç- saqqal ağartmış bir qoca ilə sənin nə söhbətin, nə tanışlığın ola bilər? Mən isə deyilənlərə səbrlə, təmkinlə qulaq asıb başımı astaca tərpətməklə, sadəcə gülümsəyirdim. Deyilənlərə cavab reaksiyam onlar üçün qanedici olmadığından daha da qıcıqlanırdılar. Kimin nə deməsinə o qədər əhəmiyyət vermirdim. Fürsət düşən kimi, qocanın " çənəsinin altın" kəsdirirdim.
Haqqında bəhs etdiyim saç- saqqalı, kiprikləri qar kimi ağ rəngdə olan, hərəkətlərində hələ də cavanlıq nişanəsi qalan zirək kişinin adı Adildir. 85 yaşı var. Əslən Şuşa şəhərindəndir. Məcburi köçkün olaraq 1992- ci ildən Yasamalda yataqxanada yaşayır. Onunla mənim aramda yaş fərqi böyük idi. Bəzilərini də narahat edən elə bu idi.
Onun danışdığı həyat hekayələri indiyə qədər eşitdiklərim, gördüklərim və bildiklərimdən də maraqlı gəlirdi mənə. Uşaqlıq illərindən, cavanlıq vaxtlarından ta bu günə qədər başına gələn maraqlı, yadda qalan əhvalatları, özü də elə formada nağıl edir ki, sanki o hadisələr sənin gözünün qarşısında baş verib.Yeri gəlmişkən haşiyədən bir az kənara çıxaraq bir məsələni xüsusi qeyd etmək istəyirəm. Baş verən hadisələri, əhvalatları nağıl edərkən qulaq asanları inandırmaq bacarığı hər adama nəsib olmur. Adam tanıyıram ki, dünyanı yerindən oynadan böyük, ciddi hadisələri elə sönük şəkildə danışır ki, sanki heç nə baş verməyib. Elə insanlar da var ki, əhəmiyyəti az olan söhbətləri əl- qol hərəkətləri ilə, üz mimikası ilə, jestlərlə bəzək- düzək verərək elə şirinləşdirir ki, qulaq asanların " ağzı açıq" qalır. Danışdıqlarımı hamısın Adil kişiyə şamil etmək fikrindən uzağam. Onun danışdıqlarının əksəriyyətinin olduğu kimi təsvir etdiyi qənaətindəyəm.
Adil kişi bədnam erməni qonşularından danışır. Deyir ermənilər çox qorxaq və yaltaq millətdir. Ermənilərin ondan qorxduğunu deyən Adil kişi dığalarla savaşarkən hər zaman onları döydüyünü söyləyir. Haxçilərdən söz açarkən Adil kişi çoxlu sayda erməni qızları ilə kef çəkdiyini üstüörtülü şəkildə ehyam da vurur. Onun söylədiklərinə diqqət edəndə erməni xislətinə xas olan bir məqamın da üstündə dayanmaya bilmirsən. Adil kişi deyir ki, ermənilər ona tez- tez sual verirlərmiş ki, arə, bizim qızlar niyə ermənilər yox, daha çox sizinlə yaxınlıq edirlər.
Bir payız günündə mən Adil kişi ilə " Qanlı göl" ərazisində rastlaşdıq. Ordan- burdan xeyli söhbət etdik. Hava çox soyuq idi. Arada bir göydən düşən xırda yağış damcılarını külək üzümüzə çırpırdı. Səmada ağ- qara buludlar bir birini qovaraq sanki yarışa çıxmışdılar. Göydə uçan quşlar qatar- qatar düzülərək isti ölkələrə üz tuturdular. Bir az keçdikdən sonra Adil kişi söhbəti qəfil kəsdi. Başını astaca yuxarı qaldırıb səmaya baxdı. Bir neçə dəqiqədən sonra isə başını dik tutub ağ rəngdə olan kipriklərini aşağı saldı və gözlərini bir nöqtəyə zillədi. Onun hərəkətləri mənə qəribə gəldi. Nədən belə etdiyini başa düşə bilmədim. Nə edəcəyini gözlədim. Handan- hana köks ötürərək astadan dilləndi:- O yerlərə indi qar yağır... Onun qəribə hərəkətlərini sonuncu cümləsindən sonra anladım. Başa düşdüm ki, onun xəyalı 26 ildir ki, ancaq yuxularına gəldiyi doğma Şuşasında, Cıdır düzündə, Turşsuda dolaşır. Yurd, torpaq, Vətən həsrəti Adil kişinin saçlarını tez ağartmışdı. Get- gedə güclənən yağış damcıları bir yerdə dayanaraq fikir dünyasına qərq olan Adil kişiyə təsir etmirdi....
2018, oktyabr.
Elxan ÇIRAXLI
Oxunub: 889