dini radikalizm və ekstremizmlə mübarizə

Qisas


Tofiq doktor üç il olardı ki, xəstəxanada baş həkim vəzifəsində işləyirdi. Xəstəxana rəhbəri kimi kollektivdə heç sən deyən, əməlli başlı hörmət - izzət sahibi deyil idi. Bunun da səbəbləri var idi. Tamahgirlik, pula hədsiz hərislik o boyda kişinin şəxsiyyətini heçə endirmişdi. Hündürboy, enlikürək, iri qara gözləri, dodaqlarının üstündə qara, lopa bığlarının olması kənardan onu tanımayanların təsəvvüründə ciddi vəzifə adamı olmasına şübhə yeri qoymurdu. Boynundakı bahalı qalstukun zərlərinə günəş şüaları bərq vurduqca adamın gözü qamaşırdı. Danışıb güləndə ağzındakı qızıl dişlərin parıltısı da diqqəti cəlb edirdi. Alabəzəklik doktorun ağız və sinə nahiyyəsində dövr edirdi. Bu əlamətlər istər- istəməz onu daim diqqət mərkəzində saxlayırdı. Daxili keyfiyyətlərindən danışmağa gəldikdə isə adamın vaxtına heyfi gəlir. Xəstəxana işçiləri doktoru yaxşı tanıyır, onun xarekterinə" əllərinin içi" kimi bələd idilər. Ona görə də onunla üz- üzə gəlmək belə istəmirdilər. Dəhlizdə təsadüfən rastlaşdıqları halda dilucu salamlaşaraq üzlərini yana çevirirdilər. Bu narazılıq ağxalatlıların simasında aydın görünürdü. Doktor isə buna əhəmiyyət verməz, heç nə olmamış kimi," salam, necəsiniz, probleminiz yoxdur ki?" deyərək saxta təbəssüm yaradırdı. Bununla da işçilərin qayğıları ilə maraqlanan " qayğıkeş rəhbər" görüntüsü yaratmağa çalışırdı. Deyilənlərin " boğazdan yuxarı" olduğunu hamı yaxşı başa düşürdü.

Yayın isti günlərindən biri idi. Səhər saat doqquza iyirmi dəqiqə qalmış baş həkim işə gəldi. Maşından düşüb həyətdə var- gəl etməyə başladı. Qızıl güllərin xoş ətri uzaqdan adamı məst edirdi. O həyətdə dayanıb yaşıl mənzərəyə bir neçə dəqiqə tamaşa etdi. Sonra qızıl güllərdən birini özünə tərəf əyərək doyunca qoxuladı. " Bəh- bəh" deyərək başını yırğaladı. Bir az aralıda isə qoca bağban sıra ilə düzülmüş ağacları suvarırdı. İsti havada dilsiz ağaclar gözlərini bağbana dikib su içmək üçün növbə gözləyirdilər. Ağacların doyunca su içib cana gəlməsinə tamaşa edən bağbanın həyat eşqi, yaşamaq eşqi daha da artırdl. Arabir əsən zəif külək ağacların gövdələrini qabağa əyir, sonra isə dikəldirdi. Ağaclar, onlara həyat verən mərhəmətli insana " baş əyməklə", sanki "minnətdarlıq" edirdilər. Təzada bir bax. İnsanlar isti günaş şüalarından qorunmaq üçün ağac kölgəsini özlərinə məkan seçirlər. Yağışlı havada da, ağacların gövdə və yarpaqları adamlar üçün " xilaskar" rolunu oynayır. Ağacların özləri də insan nəfəsinə möhtac qaldığı zamanlar olur. Onlara qulluq etmək, suvarmaq, nəvaziş göstərmək lazım gəlir. Təbiət gözəli də ona göstərilən qulluğun əvəzini geri qaytarmağı heç vaxt unutmur. Bu mənzərə əsrlər boyu " Əl əli yuyar, əl də qayıdıb üzü" kimi həyatda sınaqdan çıxmış atalar məsəlini öz təsdiqini daha da möhkəmləndirmiş olur.

Saat doqquzu ötürdü. Xəstəxana həyəti yavaş- yavaş insanlarla dolmağa başlayırdı. Xəstəliklərdən canını qurtarmaq, səhhətindən şikayətçi olan insanlar şöbələrin qarşısına toplaşaraq həkim gözləyirdilər.

Tofiq həkum qolundakı saata baxdı. Ətrafa bir daha nəzər yetirərək ağır addımlarla otağına tərəf getdi. Bir- iki pilləkən yuxarı qalxmışdı ki, nə fikirləşdisə geri döndü. Əl sumkasını maşından götürüb birbaşa otağına qalxdı. Yerini rahatlayar- rahatlamaz katibədən çay istədi. Çay içə- içə monitordan şöbələrin qarşısına toplaşan insanları seyr etməyə başladı.

İnsanlar yaxın adamlarından bir kimsənin sağalmaz xəstəliyi olanda, bir də doğmalarının qəbrlərini ziyarət edərkən baş daşı ilə üz-üzə qalanda məzlumlaşır, yazıqlaşırlar. Qəlbindəki pis niyyətləri qovub çıxarmağı, imkansızlara əl tutmağı, hamıya yaxşılıq etməyin hər zaman lazım olduğunu düşünür. Dünyanın fani olduğunu, hər kəsin son məkanı qara torpaq olacağını dərk edir. Ancaq bir addım kənara ayaq basan kimi, düşündükləri elə oradaca qalır, yaddan çıxır, unudulur.

Xəstəxana həyatı başqa dünyanı xatırladır. Burada xəstə sahibləri fikirli halda o tərəfə- bu tərəfə gəzişirlər. Kimisi tələm tələsik dava- dərman dalınca apteklərə qaçır, bəziləri xəstənin vəziyyətini öyrənmək üçün gözlərini intizarla həkimlər otağına dikir. Reanimasiya şöbəsində isə şiddətli ağrılara tab gətirə bilməyən xəstələrin qulaqbatıran qışqırtı səsləri adamın sümüklərini sızıldadır. Onlara kömək etmək üçün əlimizdən heç nə gəlmədiyinə görə, bəzən həyatda adam özünü aciz hesab edir. Vay o günə ki, kimsə xəstəxanada dünyasını dəyişə. Yana- yana ağlamaqla başqalarını ürəyini kövrəldən kim. Əlinə keçən əşya ilə pəncərə şüşələrini sındıran kim. Dərdi ürəyində sakit çəkən, hisslərini cilovlamaqla özünü ələ almağı bacaran insanlara ,az da olsa rast gəlmək mümkündür.

Təcili tibbi yardım şöbəsində isı ab- hava başqa cür idi. Burada yol qəzası, blçaqlanma və digər ağır xəsarətlərlə daxil olan xəstələrin tam sağalması üçün yerindəcə pul ödənişi tələb olunurdu. Bu olmadıqda baş həkimin göstərişi ilə xəstələrin sağalması üçün hərtərəfli yardım göstərilmirdi. Bəzi kateqoriyadan olan xəstələrə ayrılmış pulsuz dərmanlar çox zaman öz sahibinə gedib çatmırdı.

İş vaxtının qurtarmasına az qalırdı. Axşam tərəfi yol qəzasında yaralanan bir gənci ağır vəziyyətdə xəstəxanaya gətirdilər. Gənc avtomobildə tək olduğundan yaxınlarından bir kimsənin hadisədən xəbəri yox idi. Yaralı çoxlu qan itirmişdi. Huşu da özündə deyildi. İşin təzadına bir bax ki, yaralını qəbul edən həkimin özü də təzə idi. Həvəslə insanların sağlamlığını yenicə qorumağa başlayırdı. Nəzəri bilik səviyyəsi qaydasında olsa da, iş təcrübəsi haqda nəsə fikir söyləmək bir az çətin idi. Yaralının valideynlərindən, yaxınlarından isə heç kəs gözə dəymirdi. Vəziyyətlə bağlı o baş həkimlə danışdı. Tofiq doktor " bir az gözləyin, yaxınlarından bir kimsə gələr" deyib tələsməməyi məsləhət gördü. Verilən cavabdan növbətçi həkimin rəngi dəyişdi. Həyacanını aradan qaldırmaq üçün otaqda var- gəl etməyə başladı. " Xəstəyə təcili qan vurmaq lazımdır, bir az da geciksək o həyatını itirə bilər. Xəstə ölərsə, günahkar mən olacağam. Hippokrat andı içmişəm." Bir neçə dəqiqə də keçdi. Otağın qapısı açıldı. Gələn böyük tibb bacısı idi. Yaralı gəncin ölüm xəbərini bildirdi. Bunu eşidən növbətçi həkim iki əli ilə başını tutdu. " Xəstənin adamlarına nə cavab verəcəm. Onları aldadım? Yox, bu da mümkün deyil, vicdanım buna yol verməz." O birinci dəfə idi ki, çətin vəziyyətlə üzləşmişdi. Təkbaşına qərar verməkdə çətinlik çəkirdi. Xeyli götür- qoydan sonra çıxış yolunu rəhbərliklə danışmaqda gördü. Qanı qara halda ölən gəncin sənədlərini götürüb baş həkimin otağına tərəf getdi. Tofiq doktor otaqda tək idi. Ucadan kiminləsə telofonla danışır, gülür və əlləri ilə bığlarını sığallayırdı. O əl işarəsiylə gənc həkimə oturmaq üçün yer göstərdi. Tofiq doktorun kefi çox kök idi. Gənc həkim isə əllərini alnına alnına söykəyib bu gün olanları xatırlayırdı. Ürəyindən qara qanlar axırdı. Baş həkim isə deyib gülməkdə davam edirdi. Gənc həkimin gözləməyə səbri çatmadı. Özünü havası çatmayan birisi kimi hesab edirdi. Ölən gəncin sənədlərini stolun üstünə qoyub sakit otağı tərk etdi.

Çox gülmək xalq arasında hər hansı bir hadisənin baş verəcəyinin anonsu kimi yozulur. Bir çox insanlar bəzən qəh- qəh çəkib gülən zaman " deyəsən çox güldüm, allah sonun xeyir etsin " deməklə sanki baş verə biləcək bədbəxt hadisənin qarşısını alığını düşünür.Bir kimsə deyə bilməz ki, çox gülən insan bir neçə dəqiqədən sonra hansı aqibətlə üzləşəcək. Mərhum xalq şairi Səməd Vurğun keçən əsrdə yazdığı kimi, " Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən bu gün can verir."

Tibb işçiləri palataları gəzərək təyin olunan vaxtda xəstələrə iynə və dərman preparatları verməyə hazırlaşırdılar. Bu vaxt ikinci mərtəbədən güclü qışqırıq səsi qopdu. Kimsə ürəkləri sızladan uca səslə hönkür- hönkür ağlayırdı. İşçilər xəstəxana həyatı üçün adi hal olduğundan bu mənzərəyə o qədər də əhəmiyyət vermirdilər. Ya bir xəstənin dünyasını dəyişdiyini , ya da ağır vəziyyətdə olduğundan qohumlarından birinin hisslərinə hakim ola bilməməsini düşündülər. Ətürpədici səs isə kəsilmək bilmirdi. Əksinə, daha da güclənirdi. Səsə xəstələr palatadan dəhlizə çixdılar. Ağlayan şəxs tək bir nəfər idi. Həkimlər nə baş verdiyini aydınlaşdırmaq , ağlayan şəxsi sakitləşdirmək üçün səs gələn tərəfə doğru getdilər. İkinci mərtəbəyə qalxanda gözlərinə inanmadılar. Ağlayan Tofiq doktor idi. Saçlarını yolaraq oğlunu haraylayırdı. O boyda kişi balacalaşaraq yumağa dönmüşdü. Bir çox insanlar övlad sahibi olmaq üçün illərlə göz yaşı tökür, dodaqları çat verdiyi halda, tamahgirlik doktoru oğul qatilinə çevirdi. Qatil insanları həyatdan mərhum edənə deyirlər. Fərq etməz, silahla öldürsün ya da başqa vasitələrlə. Tofiq doktor öz nəfsi ilə yeganə oğlunun qətlinə fərman verdi. Həmişə evə gələndə onu birinci qarşılayan doğma oğlu, indi doktor üçün xatirəyə çevrildi. Düşünəndə ki, oğlunun üzünü bir daha görməyəcək özünü sinəsində yaralanan qartal tək qəfəsdə o tərəfə- bu tərəfə çırpınan kimi hiss edirdi. Yara isə sağalana oxşamırdı...Həyat ondan insanların talehləri ilə alver etdiyinə görə amansız qisas aldı. Övlad dağı onu ta qəbr evinə qədər yandırıb yaxacaq.

Bayırda isə çiskin yağış yağırdı. Sanki, göylər də gəncin vaxtsız ölümünə göz yaşlarını saxlaya bilmirdi...

Oxunub: 753
Oxşar xəbərlər
SON XƏBƏRLƏR