Ana təbiəti gözəlləşdirən çoxsaylı canlı varlıqlar var. Bunlardan biri də yaşıl ağaclardır. Füsunkar gözəlliyi ilə təbiəti bəzəyən, onu yad cisimlərdən qoruyan , tozlu havanı ciyərlərinə udaraq sinəsini canlı sipər edən ağacların müasir həyatımızda rolu və əhəmiyyəti çox böyükdür. Onlar da cəmiyyətin sərvəti olan insanlar kimi qidalanır, su içir, ən əsası isə qulluq və nəvaziş sevir. Sədaqətlə qulluq edənləri isə hər zaman əməyini qiymətləndirir və xeyirxahlıq edərək onları " əli boş" geri qaytarmır.
Çoxdan palıd ağacı haqda bir yazı hazırlamaq istəyirdim. Hər dəfə tənbəllik edərək " bu gün yazaram, sabah yazaram" deyib günü- günə satırdım. Nəhayət, bu gün əlimə qələm götürüb palıd ağacı haqqında düşündüklərimi mütləq ağ vərəqə köçürəcəyimə özlüyümdə qərar verdim. İlk öncə mətnin məzmununa uyğun başlıq seçmək üçün beynimdə ad axtarışına çıxdım. " Tənha ağac" da dayandım. Amma bir çox yazarların qələmə aldıqlarında bu ada rast gəldiyimdən fikrimdən " vaz" keçməli oldum. Düşündüm ki, bu addımı atsam, bəzi dostlarımın haqqına girmiş olaram. Bir az da beynimi qurdalamaq üçün qələmi çənəmə söykəyib gözlərimi bir nöqtəyə zillədim. Deyəsən, axtarışım bu dəfə uğurlu alındı. Yazacağım yazıya sərlövhə olaraq " Sirli ağac" ı seçdim.
Ucqar dağ rayonlarının birində, yolun kənarında qoca bir palıd ağacı var. Ağac hündür, qollu- budaqlı və şaxəli olduğundan onu qonşu kəndlərdən də aydın görmək olur. Kənardan ağacın quruluş və qamətinə diqqət edəndə onun yaşının çox olduğu qənaətinə gəlmək olur. Düzdür, elmdə ağacın yaşını başqa kriteriyalarla müəyyən edirlər. Haqqında söhbət açdığım ağacın ətrafı yaşıllıqla əhatə olunub. Bir tərəfi soyuq, göz yaşı kimi saf, təmiz bulaq suyu istər yerli sakinlərin, istərsə də yoldan keçənlərin köməyinə yetir. Palıd ağacı bir neçə kəndi birləşdirən yolun üstündə bitib. Amma ağacı əkən şəxsin kimliyi və hansı məqsədlə əkdiyi haqda bilgiyə malik deyiləm. Düşünürəm ki, insanlar da bütün hallarda bunun heç fərqinə varmamalıdırlar. Kimliyindən asılı olmayaraq o kəsin savab işi gördüyünü sadə kənd camaatının danışıqlarından da görmək mümkündür. Çünki, yerli sakinlər bir çox mənalarda bu ağacın xidmətindən yararlanırlar. Qonşu kəndə gedənləri bu ağac yola salır və geri dönənləri də, birinci olaraq o qarşılayaraq salamlayır. Ağacın altında taxtadan düzəldilmiş oturacaq da var. Rayon mərkəzinə və qonşu kəndlərə gedənlər avtobusun gəlişinə qədər burada gözləməli olurlar. Ağac altı bir növ " avtobus dayanacağı" rolunu oynayır. (Ağac altı dedikdə, mərhum xalq şairi Zəlimxan Yaqubun " Bu yaşıl ağacın altı bizimdir" şeri yadıma düşür. Bu şeirin sözlərinə mahnı da bəstələnib) İsti havada sərinləmək üçün ağac altına gələn sakinlər soyuq bulaq suyundan içir, əl- üzlərini yuyur, şirin söhbətlər edirlər. Tək olduqları halda isə, fikir dünyasına qapılaraq gələcək planları haqqında düşünürlər. Bəzən ,sevənlər də ilk sevgi etiraflarını pıçıltı ilə bu ağacın altında bir- birinə bildirirlər. Görün, əzəmətli palıd ağacı nə qədər insanların söhbətlərinə, düşündüklərinə, sevgililərin gizli danışıqlarına şahidlik edib. Eşitdiklərini, gördüklərini və şahidi olduqlarını isə, iz buraxmadan sinəsinə yığaraq onları ciddi sirr kimi saxlayır. Çəkisi " dağ boyda" olan sirlər palıd ağacının sinəsinə ağırlıq gətirmir. Qamətini əymir. Ən maraqlısı isə odur ki, palıd ağacı bəzi canlılardan fərqli olaraq, sinəsindəki sirləri başqaları ilə paylaşmağı xoşlamır...
Elxan ÇIRAXLI
Oxunub: 682