dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Mais Abbasovun xatirə lövhəsinin açılışı olub


Djb.az xəbər verir. Lənkəran şəhərində  I Qarabağ şəhidi Mais Abbasovun yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı olub.
Sentyabrın 22-də baş leytenant Abbasov Mais Qurbanəli oğlunun şəhadətə qovuşduğu gündə Lənkəran şəhərində vaxtılə yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı mərasimi keçirilib. Lənkəran Şəhər İcra başçısı Taleh Qaraşov şəhidin anası Zahirə Abbasova ilə birgə xatirə lövhəsinin üzərindəki örtüyü götürüb və önünə tər çiçəklər düzüb. Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çııxış edib. İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda, Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın qisası alınıb. T.Qaraşov ölkəmizin azadlığı uğrunda şəhid olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhlarının şad olduğunu vurğulayıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən icra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib. “Onlara bütün məclislərdə ehtiramla ən yuxarı məqamlarda yer göstərilməlidir, özlərini yalnız hiss etməmələri üçün əlimizdən gələn hər şeyi etməliyik, çünki buna onların mənəvi haqqları var” deyən Taleh Qaraşov dövlət səviyyəsində də şəhid ailələrinə xüsusi və həssas yanaşmanın olduğunu ifadə edib. Onun sözlərinə görə,  dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən təbəqədən olan insanların qayğı və problemlərinin, habelə müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasına şəxsən nəzarət edirlər. Şəhid anası Zahirə Abbasova övlad itkisinin ağır olduğunu bildirib, bu hisslərlə yaşamağın çətinliyindən və mənəvi yükündən danışıb. Z.Abbasova deyib ki, şəhid valideyni daxilində övlad acısını yaşadığı kimi icra başçısı Taleh Qaraşov da hər zaman eyni hisslərlə onların dərdlərinə şərik olub: “Biz şəhid anaları, valideynləri öz övladlarımızın dərdini qəlbimizdə yaşayırıq. Taleh müəllim isə şəhidlərin dəfnlərində, yas mərasimlərində, anım günlərində, xatirə gecələrində hər bir şəhidin və onların ailələrinin ağrı və acını yaşayır. Şəhid anası kimi bilirəm ki, bu çox çətindir, ona görə də icra başçımıza minnətdaram”.
Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Lənkəran şəhər 1 nömrəli tam orta məktəbinin şağirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

Allahverən Pərvizoğlu
LDU nəzdində Sosial Aqrar Texnaloji Kollecin tələbəsi








Oxunub: 529
Oxşar xəbərlər
SON XƏBƏRLƏR