dini radikalizm və ekstremizmlə mübarizə

Sən yoxsansa, mən də yoxam dünyada.


Dostum varsa, çoxdan çoxam dünyada,
Dost sarıdan nəfsi toxam dünyada.
Sən yoxsansa, mən də yoxam dünyada,
Nə ruhum var, nə canım var, nə tənim.

Ceyran xanım, ağrı sana daraşdı,
Ömrün-günün zirvə keçdi, qar aşdı.
Yaraşmırdı, ölüm sənə yaraşdı,
Son mənzilə uğur dedi Vətənim.

Ceyran xanım, Məcnunuydun torpağın,
Öz yurdunu öyə-öyə yaşadın.
Dilin yandı Qarabağım deməkdən,
Ağdam, Şuşa deyə-deyə yaşadın.

Siləmmədin yanaqların nəmini,
Tapammadın görüşlərin çəmini.
Ayrılığın həsrətini, qəmini,
Çörək kimi yeyə-yeyə yaşadın.

Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq etdiyin, təmasda olduğun insanların itkisi necə də ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bu gecə işıqlı dünyamıza əlvida demiş Ceyran Cahangir qızı Bəhlulova bir il idi ki, səhhəti ilə bağlı əlləşirdi, o həkim qalmamışdı ki, getməsin, o tükəçarə yox idi ki, edilməsin. Biz dostlar – Təzəgül xanım, Şücaət xanım və mən ilk dəfə onun görüşünə, bəli, ziyarətinə yox, məhz görüşünə gedəndə gözlərimizə inanmırdıq. Bir neçə ay əvvəl gördüyümüz Ceyranımızdan əsər-əlamət qalmamışdı. Bir xeyli oturduq, əhvallaşdıq, deyib güldük. Otağa sanki yeni ab-hava gətirdik. Ondan sonra da ona baş çəkdik. Getdikcə səhhəti düzəlirdi. Allaha dualar edirdik, nəzirlər götürürdük ki, bu təmiz, saf xislətli dostumuz tezliklə sağalsın, ayaqüstə qalxsın. Bir müddət sonra eşitdik ki, xəstəxana rejimində müalicəsini davam etdirir. Özü ilə, bacısı və oğlu ilə telefon əlaqəsi yaradlr, sağlamlıq durumu ilə maraqlanırdıq. Özüm şəxsən telefonda səsini eşidəndə, sağlamlığının tədricən qaydasına düşməsini öz dilindən eşidəndə bir xeyli telefonda ağladım. İndi ağladığım kimi. Onda sevincdən, indi isə bizi belə tez tərk etməsindən...
Ay Ceyran, Allaha and olsun ki, dilimdə cümlələr baş-ayaq vurur, sözləri bir yerə cəmləşdirə bilmirəm. Bu xəbəri eşidən andan dilim-ağzım quruyub. Və əlim əsə-əsə yazdığım bu sətirləri otağımda bir küncə çəkilib göz yaşlarımı saxlamadan yazıram. Mənim bu vəziyyətimi bu anlarda divardan başqa kimsə, nəsə görmür. Yəni divarlar şahidlik edir. Nə yazım, necə yazım, nədən yazım? Özümü toparlaya bilmirəm, ay Ceyran... Dünənə kimi sağlıq durumunu eşitdiyim Ceyran bu gün həyatda yoxdur. Əcəli lənətləyirəm...
Hə, Ceyran Bəhlulova, sən saflıq, paklıq, təmizlik mücəssəməsi idin. Sən eyni zamanda xeyirxahlığın, mərhəmətin, humanistliyin ilə seçilirdin. Yəqin buna görədir ki, illər öncə sənə həsr etdiyim ilk məqaləmi “Nə yaxşı dünyada yaxşı var imiş” adlandırmışdım. Xeyirxahlığın, humanistliyin səni alicənab, mərhəmətli bir xanım kimi ucaldırdı. Sənin kimi böyük insanın ovqatı milli ənənələr, islami dəyərlər üzərində köklənmişdi. Sən milli idin, lakin millətçi deyildin. Bu da səni bir çoxundan fərqləndirirdi.
Səni uzun illər tanıdığımdan, hər xasiyyətinə bələd olduğumdan sənin yoxluğun məni yandırıb-yaxır. Təkcə məni yox, səni sevən dostlarını da, xüsusilə də Təzəgül xanımı, Şücaət xanımı, onların çevrələrində səni tanıyan insanları, vaxtilə çiyin-çiyinə çalışdığın müxtəlif TV əməkdaşlarını da... Eh, kəmfürsət ölüm, nə tez səni bizdən aldı?..
Bu ilin 5 yanvarında 53-dən 54-ə addımlamışdın. Gözləyirdik ki, bir oğlunu toysuz, çal-çağırsız (məlum pandemiya dövrünə düşdüyündən) yerbəyer eləmişdin, ikincinin hazırlığını görüb biz dostları da başına yığacaqsan. BU qərarında israrlı idin. Sevinclə o günü gözləyirdik. Amma sən bizi özünün yoxluğuna topladın, acı göz yaşları içində...
Müdrikliyin, ağıllı və savadlı olmağın, sözü məqamında demək bacarığın hamımızı heyran edirdi. Sən yaşının bu çağında, sözün həqiqi mənasında, bir nümunə məktəbi, örnək idin. Elə adamlar var ki, onlarla təmasda olmaqdan, düşündürücü kəlamlarından, səmimiyyətindən, ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol yoldaşı olmaq özü böyük qismətdir. Onlardan biri elə sən idin, ay Ceyran xanım. Taledən gələn qismətdir ki, adlarını yuxarıda çəkdiyim xanımlarla birlikdə sənin də olduğun, təşkilatçılıq etdiyin tədbirləri, toy məclislərini deyə-gülə yola vermiş, bir-birimizin dərd-sərində, qəmli, kədərli günlərində yaxından iştirak etmişik. İndi bizi kim toplayacaq belə tədbirlərə? Sənin şaqraq gülüşünü bundan sonra eşidə bilməyəcəyik.
Sən dostların hörmətini nəcabətin, ləyaqətin, xeyirxahlığın, vətənpərvərliyin, müdrikliyin ilə nail olmuşdun. Sən bütün titullara, nə yaxşı, tərifli söz var idisə, ona layiq idin. Sən gördüyün işlərlə, həll etdiyin problemlərlə heç vaxt kifayətlənmirdin. Hasil olan qənaət budur ki, sən ömrünün mənasını yazıb-yaratmaqda, sadə camaatın yanında olmaqda, onların dərd-sərinə yarımaqda görürdün. Sənincə dərd-sərinə biz yarıya bilmədik, səni qoruya bilmədik. Sənin etdiklərin hər kəsə, hətta yaşlılara belə örnək olmaq baxımından dəyər kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq xoşbəxtlikdir. Bu xoşbəxtliyi (əgər ona xoşbəxtlik demək mümkünsə) sən alın tərin, yuxusuz gecələrin, halal zəhmətinlə qazanmışdın. Sənin ziqzaqlı, əzablı,əziyyətli ömür yoluna nəzər salanda bir daha dərk edirik ki, illəri illərə calayıb uzun ömür sürmək, necə gəldi yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir. Sənin peşəkar və səriştəli qələmin, təfəkkür və məntiqi görüşlərin nəticəsi olan beyin məhsullarını oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində jurnalistikanın, mətbuatın keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər salmaq, sənin kimi bu sahənin cəfakeşləri haqqında geniş məlumat, nəzəri biliklər əldə etmək olur.
Uzun illərdən bəri dostluq münasibətində olduğum sən Ceyran Bəhlulovanın yaradıcılığına dərin məhəbbət, şəxsiyyətinə hörmət və ehtiram hissi ilə yaşayanlardan biri də mən olmuşam. Sənin hədiyyə etdiyin hər bir qələm məhsulunu (Vaxtilə təsis etdiyin "Obyektiv söz" qəzetini hansı çətinliklə, cırmağa-cırmaqla buraxdığını xatırlayıram) oxuduqca o yazı məni ağuşuna alıb böyük idealların bərqərar olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə aparıb... Çox yazmaq istəyirəm, amma qələmimin gücü çatmır...
Biz səninlə avqustun 25-də vidalaşacıq, səlində elə nəmli bu sətirləri artıq həyatımıza daxil olmuş həmin tarixdə yazıram. Bu tarixdə bir daha qəhərlənəcək, itkinin böyüklüyünü vücudumuzda duyacağıq. Bu vida sözünü necə yazdım, necə bitirdim, özüm də hiss etmədim. Onu bilirəm və görürəm ki, gözlərimdən göz yaşı sel kimi axıb gedir. Qəfildən özümə gəlib deyirəm: axı kişi ağlamaz! Amma Ceyranın qəfil yoxluğu nəinki məni, lal-dinməz divarları belə ağladır...
Bəli, sən bu həyatı sevərək yaşadın, bu həyatdan da sevilərək əbədiyyətə qovuşursan. Dilim gəlmir sənə Allah rəhmət eləsin deməyə. Başımız sağ olsun! Amin!

Cəmil Zəbhullaoğlunun, Akif Rzayevin, Rahib Kərimlinin, Təzəgül xanımın, Şücaət xanımın, səni sevən dostların adından
Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər
SON XƏBƏRLƏR