dini radikalizm və ekstremizmlə mübarizə

Ürəyinin işığı üzünə hopmuşdu Fəaliyyətin...



Fəaliyyət Qurbanov… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilirdi. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərirdi.
Onu “Təşviqatçı” jurnalından, “Biznes” qəzetindən tanıyırdım. Mən vaxtilə “Ədalət” qəzetində məsul katib kimi fəaliyyət göstərəndə, haradasa 1990-cı illərin əvvəlləri idi. Fəaliyyət Qurbanov da baş redactor Loğman Rəşidin öz ətrafına normal, yaradıcılıq qabiliyyətinə malik qələm sahiblərini topladığı “Biznes” qəzetində çalışırdı. Demək olar ki, hər gün 6-cı mərtəbənin dəhlizində rastlaşır, salamlaşırdıq. Bu isti münasibət sonradan dostluğa, qardaşlığa çevrildi. Bu qəzetdən sonra o özü müstəqil fəaliyyət göstərməyə başladı. Əvvəlcə “Dialoq”, az sonra isə “Arı” qəzetlərini təsis edib baş redaktor kimi fəaliyyətə başladı. Bizim yaradıcılıq ünsiyyətimiz, əlaqələrimiz genişlənməyə başladı. Bu qəzet redaksiyalarının qapısı həmişə mənim üzümə açıq idi. Çünki onların yiyəsinin ürəyi geniş və işıqlı idi. Bu işıq onun üzünə hopmuşdu.
Həqiqəti qeyd edim ki, o dövrlərdə “Dialoq” qəzeti oxunaqlı, çoxtirajlı qəzetlərdən biri kimi nüfuz sahibi idi. Hazırda “Ədalət və həqiqət” qəzetinin, Tur.az saytının rəhbəri Cəmil Dadaşovu da “Dailoq”dan tanımışam, aramızda canlı dialoq, yaradıcılıq diskussiyası qurmuşuq. Bir müddət “Dialoq”un redaktoru olmuş Cəmil müəllim də F.Qurbanov kimi hərəkət edərək mənə və digər qələm sahiblərinə qəzetin səhifələrində çıxış etməyə geniş imkanlar yaradırdı. Mənim ən yaxşı yazılarım bu qəzetin səhifələrində çap olunurdu. Çünki hər iki yaradıcı insan potensialıma, yaradıcılıq qabiliyyətimə bələd olduğu üçün bu addımı atırdı.
Sonradan Cəmil müəllim də sərbəst fəaliyyətə keçdi, özünün “Ədalət və həqiqət” qəzetini təsis edib baş redaktor kimi maraqlı, oxunaqlı qəzet nəşr etməyə başladı. Həm Cəmil müəllimlə, həm də Fəaliyyət Qurbanovla yaradıcılıq əlaqələrimi davam etdirirdim.
Mən Fəaliyyəti “Arı” qəzetində daha çox tanımağa başladım. Unikal adam, yararlı adam, ağayana adam kimi… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam kimi…
İş yerim dəyişsə də, “Arı” ilə ünsiyyətim heç zaman dəyişmədi. Onun necə sürətlə yeniləşdiyini, sözün əsl mənasında, xalqın qəzetinə çevrildiyini həmişə fərəhlə izləyirdim. Bir daha əmin oldum ki, yaxşı redaktor təkcə qəzetin siması deyil, həm də güclü, yenilikçi kollektivin yaradıcısıdır. “Biznes”in şinelindən çıxmış neçə-neçə insanla tanış olmuşdum. Ən çox dostluq və yaradıcılıq əlaqəm Fəaliyyətlə davam etmişdi. Adlarını çəkdiyim (və çəkə bilmədiyim) bu insanların peşə yaradıcılığında və insanlığında qüsur tapmaq çətin idi.
Mən bu yazımı əsasən “redaktor faktoru” üzərində qurmuşam. Özüm də vaxtilə bir neçə qəzetin baş redaktoru olmuşam. Qəzetə aid elə bir iş, sahə yoxdur ki, bilməyim, mənimsəməyim. Hər baş redaktordan bir yeniliyi əxz etmişəm. “Yaxşılar”dan öyrənməyə, “pislər”i təkrar etməməyə çalışmışam. Amma F.Qurbanov iş prinsipi, yaradıcılıq manerası ən çox xoşuma gələn qəzet sahibi idi. “Arı” ilə daimi əməkdaşlığımdan və müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Fəaliyyət yetkin qələm sahibi, peşəkar təşkilatçı olmaqla yanaşı, jurnalisitikamıza, mətbuata həssaslıqla yanaşan insan idi. O, yaxşı ənənələrə söykənərək, zamanın nəbzinə uyğun yenilik yaratmağı da bacarırdı. Belə hesab edirəm ki, 148 yaşlı Milli Mətbuatımızın ömür salnaməsində Fəaliyyət Qurbanovun da adı həmişə “yaxşı redaktor”lar cərgəsində çəkiləcək.
Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başladı. Sonradan oxucu marağını nəzərə alıb həcmini genişləndirdi, A-2 formatında, gah 6, arada da 16 səhifədə nəşrini davam etdirirdi. Heç kəsdən təmənna ummadan olduqca maraqlı bir satiric qəzet çıxırdı...
F.Qurbanov Polad Qasımov, İsgəndər Etibar, Səttar Zərdablı kimi satirik yazarlardan elə bil dərs almışdı, milli mətbuatımızın bu klassiklərindən, memarlarından, sütunlarından,eyni zamanda adı ilə bağlı məktəb yaradanlarından yaxşı nə var idisə öyrənmişdi.
"Arı" çox cəsarətli qəzet idi. Təsəvvür edin, nəşr edildiyi dövrlərdə yüksək çinli məmurlarla kəllə-kəlləyə gəlirdi. Nüfuzunu nəinki itirir, hətta dərhal öncül mövqeyə çıxıb mətbuatımızda özünün əvəzsiz yerini təsdiqləyirdi. Bunun da əsas səbəbi Fəaliyyətin peşəkar qəzetçiliyindən, günün müasir tələbi ilə ayaqlasmasından savayı, geniş dünyagörüslü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ətrafına toplaması, onların qəlblərində yaradıcılıq məsəlini alovlandırması, bir də əsl söz sahiblərindən faydalanması, onlara arxalanması idi. O zaman qüvvətli, lakin müxtəlif yazı üslubu olan jurnalistlər vahid kollektivdə birləşərək satirik qəzetin yaradıcılıq simasının müəyyənləşməsində, ilk uğurlarında ciddi rol oynadılar. F.Qurbanov ağıllı, bacarıqlı "komandan" kimi çox güclü bir ordu yaratmışdı.
Kadrların seçilib isə götürülməsində Fəaliyyət misilsiz bacarığa malik idi. Redaksiyanın gələcək əməkdaşını o, aylarla, bəzən də illərlə nəzərdə tutub "ələk”dən keçirirdi. Özü də onların birini bilavasitə istehsalatdan, digərini yaradıcı adamlar sırasından, bir başqasını isə vaxtilə çalışdığı kollektivin üzvləri arasından seçirdi. Özü də təzə işçini nadir halda dərhal ştata götürürdü. Belə məsələ ortaya çıxanda, o, adətən, deyirdi: "Tələsən təndirə düşər".
Bu qeyd olunanlar F.Qurbanovun bir redaktor kimi jurnalistika qarşısında tarixi xidmətlərindəndir. O, bütün ömrünü milli mətbuatın inkişafına həsr etdi. Qələmdən Kəlama abidə ucaltdı.
Bir müddət onu “Azərbaycan” nəşriyyatında görmədim. Rəhmətlik anamın yas mərasiminə gələndə xəbər tutdum ki, Masazırda yaşayır, elə orada da özü üçün ofis düzəldib. Sadəcə, “Arı”nı qəzet kimi yox, sayt kimi hazırlayır. Ara-sıra zəngləşir, hal-əhval tutur, bayramlarda bir-birimizi təbrik edirdik. Kim tez zəng edirdisə, qarşı tərəf özünü günahkar sayırdı. Bax beləcə günlərimizi saya-saya gəlib bu günə çatdıq.
Həyatda uğur qazanmağın, xalqına, dövlətinə layiqli bir vətəndaş olmağın ən düzgün yolu zəhmətdir, işgüzarlıqdır. İnsan hansı sahədə çalışır-çalışsın, gərək işinin, peşəsinin sahibi olsun. Bu yolda bütün çətinliklərə sinə gərməyin, dövlətinə sədaqətlə xidmət etməyin bəhrəsi də heç şübhəsiz, xalqın etimadını doğrultmaqla onun böyük sevgisini qazanmaqdır.
Görkəmli qələm sahibi Fəaliyyət Qurbanovun yaşadığı ömür yolu ilə tanış olduqca böyük çətinliklər yaşamış bu insanın həyat yollarında öz zəhməti, ağlı, istedadı, ən ümdəsi də xalqına, vətəninə sədaqətlə, vicdanla xidmət etməsinə heyrət etməyə bilmirsən. İstehsalatdan başlamış yaradıcılığın geniş üfüqlərində işıq kimi görünən bu insan həyatdakı bütün uğurları özünün zəhməti, çalışqanlığı, axtarışları sayəsində qazanmışdı. Onun həyat salnaməsi başdan-başa gələcək nəslin faydalanacağı, gör-götür edəcəyi bir ibrətamizlik nümunəsi oldu.
Bu yaxınlarda gözəl insan, həmkarımız Həsən vasitəsilə xəbər tutduq ki, dostumuz, qardaşımız Fəaliyyət Qurbanov təxminən bir il əvvəl dünyasını dəyişib. Bu xəbər mənə, onu tanıyan dostlardan Cəmil Dadaşova, Faiq Qismətoğluna, Rahib Kərimliyə, Hikmət Məlikzadəyə çox böyük təsir etdi. Olduqca acı xəbər idi, həm də çox təəssüfləndirici. Ona görə təəssüfləndirici idi ki, xəbərimiz olmayıb bu gözəl insanın dünyasını dəyişməsindən. Ən azından evinə gedib başsağlığı verər, borcumuzdan çıxardıq. Nəsə...
Allahdan gözəl, sadiq dost, etibarlı yoldaş, istedadlı qələm sahibi və təcrübəli redaktor Fəaliyyət Qurbanova rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

Dostlar adından;

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 1 133
Oxşar xəbərlər
SON XƏBƏRLƏR