dini radikalizm və ekstremizmlə mübarizə

Bataqlıqda çiçək yetişdirənlərdən biri



Heykəlləri, büstləri qoyulmayıb, adına geniş küçə və prospektlər yoxdur, dərsliklərə salınmayıb, televiziyada anılmır amma o, heç bir inzibati qərarla, qanunla, əmrlə edilməsi mümkün olmayanı bacarıb: qəlblərdə yer edib, orada heykəlləşib...

Tamamına yaxını savadsız, milli kimliyi olmayan, sadəcə olaraq, “müsəlman”, ən yaxşı halda isə “tatar” adlandırılan bir insan topluluğuna Rəsulzadə və digər qurucu aydınlar milli dövlət, milli kimlik qazandırdılar. Həqiqətən yoxdan bir bayraq yaratdılar. Bataqlıqda çiçək yetişdirdilər.

Bu gün bir çoxumuz “reallıq belədir, neyləyək” deyərək bəzi qərarlara (məsələn, Rusiya ordusunun bura qayıdışına) haqq qazandırır, yaxud tənqid etsək belə, həmin qərarları bu arqumentlə izah etməyə, başqa yol olmadığını anlatmağa çalışırıq. Bu, əsaslı görünsə belə, fərqinə varmalıyıq ki, təhlükəli arqumentasiyadır, çünki sabah bizi başqa – daha ağır reallıqlarla üz-üzə qoya bilərlər, belə çıxır ki, biz onları da sorğulamadan, etiraz emədən qəbul etməliyik.

İndi özünüzə sual edin: Rəsulzadə və dostları da o vaxtkı reallıqlarla barışıb, bir kənara çəkilsəydilər, nə baş verəcəkdi? Azərbaycan adında bir dövlət mövcud olacaqdımı?

Tarixi məhz reallıqları qəbul etməyənlər, ona baş qaldıranlar, öz qədəri, taleyi ilə barışmayanlar yazır. Bu yerdə Lüdviq fon Mizesin sözlərini xatırlamaq yerinə düşər. O deyir ki, “insanlığın bütün tərəqqisi kiçik bir azlığın çoxluğun adət və ənənələri, qaydaları xaricinə çıxması, sonrakı mərhələdə digərlərinin də bu tərəqqini mənimsəməsi və qəbul etməsi sayəsində baş verib. Çoxluğa azlığın nə düşünüb, nə oxuyacağını və nə edəcəyini diktə etmə haqqı tanımaq tərəqqini əbədiyyən dayandırmaq deməkdir.”

Rəsulzadələr də o vaxtkı Azərbaycan üçün ağlasığmaz və fantastik görünən “Qərbi Avropa demokratiyaları tipində, xalq nümayəndələri qarşısında cavabdeh bir hökumət üsul-idarəsi” yaratdılar. (Sitat Rəsulzadənindir.) Millətlərin istiqlal haqqı önə çəkildi, amma insanların hürriyyəti də onunla yanaşı qoyuldu. Rəsulzadə deyirdi ki, cəbrlə (zorla) qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, səadət hürriyyət və istiqlaldadır.

Bu gün dövlətimizin istiqlalı (pis-yaxşı) var, sırada insanların hürriyyətini qaytarmaq, həqiqətən Qərbi Avropa demokratiyaları tipində bir sistem qurmaqdır.
Djb.az Araz S- ev

Oxunub: 292
Oxşar xəbərlər
SON XƏBƏRLƏR